YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konfrans keçirilib

Pakistan Prezidenti Məmnun Hüseynin rektoru olduğu Quaid-i-Azam Universitetinin və Azərbaycanın Pakistandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərində rolu” mövzusunda konfrans keçirilib.

Konfransın açılışında ümummili lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhuna “Qurani-Kərim”dən ayələr oxunub.

Universitetin siyasət və beynəlxalq münasibətlər bölməsinin direktoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis, doktor Zəfər Nəvaz Caspal 1990-cı ildən bəri Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq münasibətlərinin qurulduğunu qeyd edib. O, bölmənin bütün ölkə miqyasında ən qabaqcıl strukturlardan olduğunu, konfransın bu universitetdə keçirilməsinin Azərbaycan-Pakistan dostluğunun göstəricisi kimi qiymətləndirib.

Sülh və Diplomatik Araşdırmalar İnstitutunun prezidenti, “Diplomatic İnsight” jurnalının redaktoru xanım Fərhad Asif ulu öndər Heydər Əliyevin M.K.Atatürk, M.Ə.Cinnah kimi dahi şəxsiyyətlər sırasında durduğunu, Heydər Əliyevin uzaqgörən siyasətçi, müasir Azərtbaycanın qurucusu olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir müstəqil Azərbaycanın iqtisadi inkişafından söz açan xanım Asif aparılan uğurlu xarici siyasət nəticəsində ölkənin 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini də vurğulayıb. F.Asif rəhbərlik etdiyi İnstitutun kitabxanasında Nizami Gəncəviyə və Heydər Əliyevə aid guşələrin olduğunu bildirib.

Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə mütəxəssis Mehmud ul-Həsən Xan Azərbaycanın sosial-iqtisadi nailiyyətlərindən və ölkələrimiz arasındakı münasibətlərin inkişafından danışıb. Ulu öndər Heydər Əliyevin siyasi fəlsəfəsinin üç təməl prinsipə - iqtisadi inkişaf, müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin bərpasına əsaslandığını bildirən M.H.Xan Ümummilli Liderin hakimiyyəti dövründə ölkəmizdə həyata keçirilən demokratik islahatlardan, Konstitusiyanın qəbulundan, “Əsrin müqaviləsi”nin imzalanmasından, dinamik iqtisadi inkişafdan, həmçinin sosial infrastrukturun gücləndirilməsindən danışıb. Natiq 1993-cü ildən sonra Azərbaycanın xarici siyasətində baş vermiş radikal dəyişikliklər və dünya ölkələri ilə normal münasibətlərin qurulmasında, eyni zamanda, Pakistanla müxtəlif sahələrdə qardaşlıq əlaqələrinin yaranmasında Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğulayıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkəmizin tarixinin 35 illik dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diplomat Azərbaycanın müstəqilliyinin bərpası və möhkəmləndirilməsində, ölkəmizin dinamik inkişaf yolu ilə inamla irəliləməsində, dövlətimizin beynəlxalq nüfuzunun artmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırladıb, Ümummilli Liderin öz ömrünü Azərbaycan xalqına həsr etdiyini vurğulayıb. Azərbaycan-Pakistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasında Ulu Öndərin rolunu xüsusi qeyd edən səfir iki ölkənin bütün məsələlərdə bir-birinə həmrəylik göstərdiyini diqqətə çatdırıb.

Ə.Əlizadə Azərbaycanın və Pakistanın Dağlıq Qarabağ və Cəmmu Kəşmir münaqişələrinin həlli məsələsində bir-birini dəstəkləməsi, 2005-ci ildə Pakistanda baş vermiş Kəşmir və Balakot zəlzələsi, daha sonra Sind əyalətindəki daşqın zamanı Azərbaycan tərəfindən göstərilən yardımların, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Müzəffərabad şəhərində qızlar üçün məktəbin tikilməsinin və həyata keçirilmiş digər humanitar-sosial yönümlü layihələrin həmrəyliyin bariz nümunəsi olduğunu bildirib.

Səfir konfransın keçirilməsinə yaradılan şəraitə görə Pakistan Hökumətinə, universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Konfrans çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallardan ibarət sərgiyə baxış olub.

Həmin nəşrlər tələbələr arasında paylanılıb.