YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında çıxışı zamanı qeyd edib ki, “Norm” sement zavodu ən müasir standartlara cavab verir. Bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır. Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi.

Dövlət başçımız qeyd etmişdir ki, zavodun inşasına 350 milyon dollar sərmayə qoyulmuşdur. Bu, son illər ərzində Azərbaycanda tikilən ən böyük sement zavodudur. Bu zavodun fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir. Əslində zavodun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir.

“Dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb. Çox şadam ki, hazırda Azərbaycanda bir neçə sement zavodu fəaliyyət göstərir. Yadımdadır, bir neçə il bundan əvvəl sadəcə olaraq, yalnız Qaradağ sement zavodu işləyirdi. O da ekoloji normalara uyğun deyildi. Orada böyük yenidənqurma işləri aparılmışdır və ötən dövrdə “Holcim” zavodunun fəaliyyətə başlamasını qeyd etmişik. Qazaxda, Naxçıvanda, Sumqayıtda sement zavodları vardır. Hazırda bu zavodun - ən böyük “Norm” zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyildir. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.

Prezident İlham Əliyevin sözlərinə görə, zavodun tikintisində ən müasir avadanlıqdan istifadə edilib, Avropa istehsalı olan avadanlıq quraşdırılıbdır. Zavodun tikintisini isə baş podratçı kimi Çin şirkəti icra edib və bu da Azərbaycanın iqtisadi sahədə beynəlxalq əlaqələrinin güclü olduğunu göstərir. “Bizim tərəfdaşlarımız arasında Avropa, Asiya şirkətləri yer tutur və bu gün Azərbaycanda fəaliyyət göstərmək, işləmək üçün bizə çoxlu müraciətlər daxil olur. Azərbaycanda son illərdə müşahidə olunan iqtisadi inkişaf, sənayeləşmə prosesi, geniş infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizə beynəlxalq biznes qurumlarının diqqətini artırır. Eyni zamanda, bizim uğurlu inkişafımıza da böyük inam vardır. Çünki bu gün bizim həm maliyyə, həm iqtisadi vəziyyətimiz kifayət qədər möhkəmdir, sabitdir. Bizim iqtisadi siyasətimiz dəqiq proqram əsasında icra edilir. Hazırda üçüncü regional inkişaf proqramı icra edilir və bu proqram 2018-ci ilə qədər ölkəmizin əsas infrastruktur layihələrinin icrasına xidmət göstərəcəkdir” – deyə, Azərbaycan Prezidenti bildirmişdir.

“Bizim xarici tərəfdaşlarımız da bütün bu məlumatları əldə ediblər və bilirlər ki, Azərbaycanda həm dövlət investisiyaları, eyni zamanda, özəl investisiyalar böyük həcmdə qoyulur. Dövlət investisiyaları daha çox infrastruktur layihələrinə, sosial infrastruktur layihələrinə yönəldir və eyni zamanda, büdcədən özəl sektora kredit şəklində güzəştli şərtlərlə vəsait ayırır. Özəl sektor isə Azərbaycanın sürətli inkişafından istifadə edərək öz sərmayələrini bax, belə gözəl müəssisələrə yönəldir və beləliklə, Azərbaycanda dövlət və özəl tərəfdaşlıq ən yüksək səviyyədə təmin edilir. Son vaxtlar Azərbaycanda yaradılan sənaye müəssisələri, infrastruktur layihələrinin icrası, sənayeləşmə ilə bağlı atılan addımlar əminəm ki, gələcəkdə daha da gözəl nəticələrə gətirib çıxaracaqdır” – deyə, qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, bu gün biz ölkəmizdə gedən sənaye və iqtisadi prosesləri istiqamətləndiririk və burada əsas məsələ bu sahədə təhlükəsizliyi tam şəkildə təmin etməkdir. İlk növbədə enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq 100 faiz səviyyəsində təmin edilib və hətta biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk.