YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Əsas məqsəd ölkədəki makroiqtisadi sabitliyi təmin etməkdir

2017-ci il dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq Azərbaycan Respublikasının strateji inkişaf prioritetləri, orta müddətli büdcə və maliyyə siyasəti, sosial iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozlarının təhlili nəzərə alaraq hazırlanıb.

Bu sözləri maliyyə naziri Samir Şərifov dekabrın 1-də Milli Məclisin əmək və sosial siyasət, səhiyyə, ailə, qadın və uşaq məsələləri, elm və təhsil, mədəniyyət komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı söyləyib.

Samir Şərifov bildirib ki, təqdim olunan büdcə layihəsi son dövrlərdə ölkəmizdə mahiyyət etibari ilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir və yeni post neft iqtisadi inkişaf mərhələsinə keçidin şərtləndirdiyi çağırışları nəzərə alır. Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artma ilə zəif ayaqlaşması ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxil olmasının mənbəsi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Cari ildə 2016-ci ilin fevral ayında büdcəyə edilən dəyişiklər zamanı qəbul edilən neftin bir barelinin 25 dollar həcmində müəyyən edilməsindən sonra neftin dünya bazarında qiyməti orta hesabla 43 dollar civarında qalmaqdadır. Lakin buna baxmayaraq qiymət hələ də aşağı səviyyədədir. Neft-qaz biznesi ilə məşğul olan şirkətlər bu qiyməti yeni investisiyaların cəlb edilməsi üçün yetərli hesab etmirlər.

Maliyə naziri qeyd edib ki, neftin ucuzlaşması həm də xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub, ölkəmizin tədiyyə balansının xeyli pisləşməsinə gətirib çıxarıb.

Bildirilib ki, Prezident ilham Əliyev rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və digər islahatların sürətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft məhsullarının ixracının artırılması istiqamətində mühüm addımlar atılır.

“Dövlət büdcəsi xərclərinin azalması, manat emissiyasını məhdudlaşdırılması valyuta bazarındakı təzyiqin nisbətən yumuşaldılmasına, yəni manatın məzənnəsinin sabitləşməsinə və üzərindəki təzyiqlərin azaldılmasına kömək edəcək. Əsas məqsəd valyuta bazarlarında gərginliyi aradan qalıdırmaqla ölkədəki makroiqtisadi sabitliyi təmin etməkdir”,- deyə maliyyə naziri vurğulayıb.

Nazir bildirib ki, növbəti ildə dövlət büdcəsi xərcləri optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi dövlət büdcəsi layihəsində qəbul edilib, buna müvafiq maliyyə təminatının yaradılması nəzərdə tutulub.