YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Böyük Millət Məclisinin komissiyası “Türk axını” layihəsini təsdiqləyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsini təsdiqləyib.

Komissiyanın iclasında “Türkiyə Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında “Türk axını” qaz boru kəməri haqqında Saziş” ilə əlaqədar layihə sənədi müzakirə olunaraq təsdiq edilib. Komissiya qəbul edilən razılaşma ilə əlaqədar ən qısa müddətdə hesabat hazırlayacaq.

Xatırladaq ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak “Türk axını” boru kəmərinin tikintisinə 2017-ci ildə başlanılmasının planlaşdırıldığını və layihənin ilk hissəsinin 2019-cu ildə tamamlanması üçün hər hansı bir gecikmənin gözlənilmədiyini deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri ilə Avropaya çatdırmağa hazır olduğunu bildirib. O qeyd edib ki, inşa ediləcək boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır.

Xatırladaq ki, İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb.

“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.