YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Ölkə Prezidentinin Fərmanı struktur islahatları baxımından böyük əhəmiyyət kəsb edir

«Ölkə Prezidentinin «Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» Fərmanı struktur islahatları baxımından böyük əhəmiyyət kəsb edir. Bəzi dövlət qurumlarının publik hüquqi şəxsə çevrilməsi Azərbaycanda həyata keçirilən struktur islahatlarının tərkib hissəsi  kimi qiymətləndirilməlidir». Bu fikirləri yap.org.az saytına  İqtisadi və Sosial İnkişaf  Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən strukturun təkmilləşdirilməsini və  qərarların qəbulunun çevikliyini də özündə ehtiva edir: «Ölkə Prezidentinin  iqtisadi islahatlarla bağlı siyasi iradəsi ondan ibarətdir ki, mövcud struktur təkmilləşərək yeni dövrün çağırılarına uyğun olmalıdır. Təbii ki, bu konteksdə publik hüquqi şəxslərin yaradılması  struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu da imkan verir ki, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsinə şərait yaradılsın.

Ekspertin fikrincə, bu baxımdan ölkə Prezidentinin sözügedən Fərmanı böyük əhəmiyyət kəsb edir. V.Bayramovun sözlərinə görə, Fərmanın ən böyük üstünlüyi ondan ibarətdir ki, müasir standartlara uyğun idarəetmə strukturları  yaradılacaq. «Fərmanda adı çəkilən dövlət qurumlarının publik hüquqi şəxsə çevrilməsi qərarların qəbul edilməsi prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq. Digər tərəfdən,  cənab Prezidentin bu Fərmanı əsasında həyata keçiriləcək bu islahat dövlət bücəsində vəsaitlərin qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Həm də, publik hüquqi şəxsə çevrilmələri imkan verəcək ki, həmin qurumlar fəaliyyətlərini genişləndirə bilsinlər. Çünki «Publik hüquqi şəxslər» haqqında qanuna əsasən publik hüquqi şəxslər büdcədənkənar maliyyə vəsaitlərini cəlb etmək imkanına malikdir. Həmçinin, bu  islahatlar nəticəsində    vətəndaşlar publik hüquqi şəxslərin yaradılmasından faydalana biləcəklər»- deyə, V.Bayramov qeyd edib.