YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” biznes forumu keçirilir

Noyabrın 25-də Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Qafqaz regionu” adlı biznes forum keçirilir.

Tədbirdə 1520 millimetr (relslərarası məsafə) məkanına daxil olan ölkələrin dəmir yolu şirkətlərinin, nəqliyyat, logistik və maşınqayırma müəssisələrinin, həmçinin Azərbaycan və Rusiyanın müvafiq hakimiyyət orqanlarının rəhbərləri iştirak edirlər.

Forum çərçivəsində, əsasən beynəlxalq nəqliyyat dəhlizləri sahəsindəki problemlər, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, dəmir yolu infrastrukturunun tikintisi, hərəkət tərkibinin istehsalı, logistik zəncirvarı əlaqələrin qurulması və digər məsələlər müzakirə edilir.

Baş nazirin müavini Abid Şərifov iştirakçılara Azərbaycan dəmir yollarının yaranma tarixi, keçdiyi mərhələlər barədə məlumat verib, görülən işlərdən danışıb, Prezident İlham Əliyevin bu sahənin inkişafına yönəlmiş sərəncamlarını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidenti ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi önəm verir. Son illər nəqliyyat infrastrukturuna 25 milyard dollar investisiya yatırılıb. Görülən işlər nəticəsində Gürcüstanla Azərbaycan arasındakı dəmir yolu rekonstruksiya olunub.

A.Şərifov Astara-Rəşt, habelə Bakı-Tbilisi-Qars dəmir yollarının tikintisindən, Bakı limanı və Ələtdə yaradılacaq Azad Ticarət Zonasından danışaraq qeyd edib ki, həyata keçirilən layihələr nəticəsində Azərbaycan böyük nəqliyyat-logistika qovşağına çevrilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, forumda, həmçinin “Xəzər tranziti – dünyanın dörd tərəfini birləşdirərək”, “Helsinkidən Mumbayadək, Süveyş kanalı ilə müqayisədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlüyü, “Xəzər halqası – açıq dəmir yolunun işə salınması ilə region dövlətlərin mənfəəti”, “İxrac diversifikasiyası – “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tam gücü ilə işə salındıqdan sonra 1520 bazarına çıxarılacaq mallar”, Maliyyələşdirmə - irimiqyaslı ixrac mexanizmləri”, “İnfrastruktur – birgə yol çəkilişinin istiqamətləri”, “Dəmir yolu infrastrukturunun tikintisində beynəlxalq əməkdaşlığın yaxşılaşdırılması yolları”, İnvestisiyalar – bazar iştirakçılarını infrastruktur layihələrinə cəlb edəcək amillər”, “Bərə əlaqəsi – dəmir yolunun davamı kimi” mövzularında müzakirələr aparılacaq.

Ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilə biləcəyini qeyd edən C.Qurbanov məlumat verib ki, Astara-Yalama istiqamətində də dəmir yollarının tam yenilənəcəyini, Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycanın İrana kredit ayıracağını bildirib. Qeyd edib ki, hazırda kreditin verilməsi barədə danışıqlar aparılır.

“Biz İran və Azərbaycandan keçməklə, Mumbaydan Rusiyaya konteyner qatarlarının sınaq yürüşünün yoxlanması və təhlili üçün işçi qrupların yaradılmasını zəruri hesab edirik”, - deyə C.Qurbanov vurğulayıb.

İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, hazırda İran tərəfdə aparılan işlərin isə bu ilin sonunda yekunlaşacağını deyib.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev diqqətə çatdırıb ki, Azərbaycan hökuməti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bütün iştirakçılarına dəstək göstərməyə hazırdır.

Biznes forum çərçivəsində “TransKonteyner” və “Port Dalyan Ltd korporasiyası” və digər şirkətlər arasında strateji əməkdaşlıq haqqında memorandum və protokol imzalanıb.