YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan gəncliyi öz milli mənəvi dəyərlərinə, vətəninə, millətinə sadiqdir

«Bu gün Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə, vətəninə, dövlətinə bağlı bir toplum kimi formalaşır. Əlbəttə, bu sahəyə dövlətimizin böyük diqqəti də əsas rol oynayır». Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, dəyərlərimizin təbliği sahəsində gənclərimiz bir sıra tədbirlər, layihələr həyata keçirirlər və ya onlara təşəbbüs göstərirlər. Onun sözlərinə görə, gələcək nəslin düzgün formalaşması dünyada qloballaşma prosesi getdiyi bir zamanda hərdən çətinləşir. Çünki müxtəlif maraqlara xidmət edən cərəyanlar hər zaman gənclərdən başlayırlar.

«Ancaq xüsusi vurğulamaq istərdim ki, bu gün Azərbaycan gəncliyi öz milli mənəvi dəyərlərinə, vətəninə, millətinə sadiqdir, dövlətçilik naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşib.  Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də hər zaman milli-mənəvi dəyərlərin təbliğinə öz töhfəsini verməyə çalışır. Belə ki, bu il ərzində müxtəlif bölgələrdə təşkilatımız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə gənclərlə görüşlər keçirib, müxtəlif müzakirələr aparıb. Bu tədbirlərin əsas məqsədi həm gənclərimizin düzgün tərbiyələnməsi, maariflənməsi, eyni zamanda, Azərbaycanda mövcud olan multikultural dəyərlərin, tolerantlığın təbliğ edilməsidir. Gənclərə həm dini, həm mədəni sahələrdə aparılan işlər haqqında geniş məlumatlar verilir. Əlbəttə, multikultural dəyərlərin təbliği ilə yanaşı, bu gün gənclərimiz vətənpərvər ruhda tərbiyə olunur. Gənclərimizin gələcəkdə də bu istiqamətdə formalaşması əminəm ki, uğurla davam etdiriləcək»- deyə, S.Orucov vurğulayıb.