YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində keçirilən “İDEAS-2016” müdafiə sərgisində iştirak edib, müxtəlif ölkələrin stendləri və müdafiə sənayesi məhsulları ilə tanış olub.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan nümayəndə heyətinin rəhbəri Yaqub Eyyubovu qəbul edib.

Baş nazirin birinci müavini Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Məmnun Hüseynə çatdırıb, dövlətimizin başçısının dost və qardaş Pakistanla əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Beynəlxalq məsələlərdə ölkələrimizin bir-birini daim dəstəklədiklərini vurğulayan Yaqub Eyyubov Pakistanın hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin yanında olmasının, torpaqlarımızı işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Yaqub Eyyubov Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll edilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın Pakistan ilə münasibətlərinin daim möhkəmləndiyini söyləyən Baş nazirin birinci müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlər, sərgi çərçivəsində əldə olunan razılaşmalar haqqında məlumat verib, digər sahələrdə olduğu kimi, Azərbaycanın Pakistan ilə müdafiə sənayesi, hərbi-texniki sahədə də əməkdaşlığının bundan sonra da davam etdiriləcəyini bildirib.

Yaqub Eyyubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan Prezidentinə ünvanladığı məktubu Məmnun Hüseynə təqdim edib.

Pakistan Prezidenti Məmnun Hüseyn salamlarını və ehtiramını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, dövlətimizin başçısı ilə yaxın dostluq əlaqələrinin olduğunu deyib, Azərbaycana rəsmi səfərini xoş təəssüratlarla xatırlayıb. Prezident Məmnun Hüseyn Pakistanın Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olduğunu, təcavüzkar Ermənistanı bir dövlət kimi tanımadığını və bu dəstəyin daim davam edəcəyini vurğulayıb. Pakistan Prezidenti Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edərək, siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticari və digər əlaqələrin daha da inkişafında ölkəsinin maraqlı olduğunu bildirib. Pakistanın iqtisadi potensialı, idxal və ixrac imkanları haqqında söhbət açan Prezident, ölkəsinin müdafiə sənayesi sahəsində də Azərbaycan Ordusuna hər cür kömək etməyə hazır olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Pakistana səfərini gözlədiklərini və bu səfərin də ikitərəfli əlaqələrə töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov və ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə iştirak ediblər.

Baş nazirin birinci müavini Yaqub Eyyubov səfər çərçivəsində bir sıra digər rəsmi şəxslərlə də görüşlər keçirib.