YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Polşanın xarici işlər nazirinin müavini Marek Julkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər nazirinin müavini Marek Julkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Polşa arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Polşanı Azərbaycan üçün vacib tərəfdaş adlandıran nazir Elmar Məmmədyarov ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Marek Julkovski Polşa xarici işlər naziri Vitold Vaşikovskiyin bu ölkəyə səfərlə bağlı azərbaycanlı həmkarına ünvanlandığı dəvət məktubunu Elmar Məmmədyarova təqdim edib və nazir dəvəti qəbul edib.

Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini diqqətə çatdıran Elmar Məmmədyarov bu sazişin imzalanmasının Azərbaycan və Aİ arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin iqtisadi faydalılığı, yüklərin daha qısa müddətdə daşınması perspektivindən söz açıb və dəhliz boyu yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində bu marşrutların əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib, iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi və sərmayələrin qoyuluşu, habelə yüksək səviyyəli səfərlərin davam etdirilməsi məsələləri müzakirə olunub.