YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Professor Fransua Jorjo: Multikulturalizm ideyalarının bu qədər çox təbliğ olunduğunu ilk dəfə Azərbaycanda gördüm

Azərbaycanda səfərdə olan Osmanlı tarixinin tədqiqatçısı, fransalı professor Fransua Jorjo bu günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) daimi elmi seminarında məruzəçi qismində iştirak edib.

Fransalı alim BBMM-in mətbuat xidmətinə müsahibəsində ölkəmizlə bağlı təəssüratlarını, Azərbaycanın multikulturalizm modeli ilə bağlı fikir və düşüncələrini bölüşərək deyib: “Azərbaycanda olmağımdan çox məmnunam. Bakıya ilk gəlişimdi, təəssüf ki, indiyə qədər buraya gəlmək üçün fürsət tapa bilməmişəm. Bakı qədimliklə müasirliyin vəhdət təşkil etdiyi maraqlı şəhərdir. Burada həm orta əsrlərə aid tarixi memarlıq nümunələri, həm də iyirmi birinci əsrə aid müasir görünüşlü binalar var. Məsələn, İçərişəhərdə qalıram, ordan əzəmətli göydələnləri görə bilirəm. Bakının gələcəkdə dünyanın ən önəmli şəhərlərindən biri olacağına əminəm.

Azərbaycanla qiyabi tanışlığım isə uzun illər əvvələ gedib çıxır. Osmanlı tarixini, xüsusən də “Gənc türklər” hərəkatını araşdırarkən, eləcə də Yusuf Akçuranın həyat və fəaliyyətinə həsr olunan diplom işimi yazarkən tarixi mənbələrdə bu görkəmli türkçü alimin adının yanında İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağayev kimi imzalar diqqətimi çəkdi. Adını çəkdiyim görkəmli şəxsiyyətlər və onların müasirləri ilə bağlı 1996-cı ildə “XIX əsrin ortaları - XX əsrin əvvəllərində Azərbaycanda modernləşmə haqqında qeydlər” məqaləsini yazdım. Yazıda çox dərindən olmasa da, həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər haqqında fikirlərim öz əksini tapıb.

Fransada Osmanlı, Orta Şərq və Qafqaz tarixinə böyük maraq var. Osmanlı plüralist cəmiyyətin formalaşdığı kosmopolit bir imperatorluq idi. Bununla yanaşı, dinc yaşamın necə əldə olunması fransız oxucusuna maraqlıdır. 25 il əvvəl Osmanlı tarixi ilə bağlı digər müəlliflərlə birgə yazdığım 200 səhifəlik kitab Fransada 30 min nüsxə ilə satılıb. Bu, böyük bir rəqəmdir. Bu yaxınlarda da digər araşdırmaçıların həmmüəllifliyi ilə 1300 səhifəlik “Osmanlı tarixi lüğəti” adlı kitabımız işıq üzü görəcək. Gələcək tədqiqatlarımla bağlı Bakıdakı arxivlərlə əlaqə saxlamağı, burada araşdırmalar aparmağı düşünürəm.

İndiyə qədər Azərbaycanın multikulturalizm modeli ilə yaxından tanış deyildim. Mən multikulturalizm ideyalarının bu qədər təbliğ olunduğunu, yayıldığını, bir xalqın əsrlərlə sürən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu ilk dəfə Azərbaycanda gördüm. Azərbaycanın multikulturalizm modelinə böyük marağım yarandı və bu sahəni öyrənməkdən şərəf duyuram. Fransada multikulturalizm bir az mürəkkəb anlayışdır. Düşünürəm ki, dünyada insanların sülh şəraitində yaşaması, plüralizmin inkişafı və çoxmədəniyyətliliyin qorunub saxlanması üçün Azərbaycanın multikulturalizm modeli dəyərli örnəkdir. Bir fransız kimi Fransa üçün də bu multikulturalizm modelinin önəmli ola biləcəyini düşünürəm. Artıq multikultural bir dünyaya alışmağımız və bunu qəbul etməyimiz lazımdır”.