YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roma Papası Fransisk Heydər Məscidində din xadimləri ilə görüşüb

Azərbaycana səfəri çərçivəsində oktyabrın 2-də Roma Papası Fransisk Heydər Məscidində olub, burada ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb.

Roma Papası Fransiski Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşıladı.

Allahşükür Paşazadə Heydər Məscidi barədə qonağa məlumat verdi. Bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu məscid 12 min kvadratmetr sahədə salınıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə edilib, 55 metr hündürlüyündə baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransisklə təkbətək görüşü keçirildi.

Daha sonra Roma Papası Fransiskin ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşü oldu.

Mərasimdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Roma Papasını ölkəmizdə salamlayaraq Azərbaycanın qədim dövlətçilik ənənələrinə, zəngin mədəni irsə malik olduğunu dedi. Allahşükür Paşazadə Azərbaycanın ənənəvi dini dəyərlərlə yanaşı, multikultural və tolerant dəyərlərə malik ölkə olduğunu diqqətə çatdırdı. O, Prezident İlham Əliyevlə Roma Papasının həm Vatikanda, həm də Azərbaycanda keçirdiyi görüşlərin Müqəddəs Taxt-Tacla Azərbaycan arasında mövcud yüksəksəviyyəli münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacağını bildirdi, dünya katoliklərinin lideri kimi Papa Fransiskin fəaliyyətinin böyük diqqətlə qarşılandığını vurğuladı. O qeyd etdi ki, Roma Papasının hazırda dünyanı narahat edən problemlərə, terrorun əsl səbəblərini pisləyərək İslam dininin adının terrorla yanaşı çəkilməsinə etirazı, ksenofobiya hallarına qarşı qətiyyətli çıxışları böyük önəm kəsb edir.

Şeyxülislam Allahşükür Paşazadə görüşdə Azərbaycanda yaşayan bütün konfessiyaların nümayəndələrinin iştirak etdiyini, bunun ölkəmizdə adi həyat tərzi olduğunu, dünyaya örnək olan bu reallığın Azərbaycanın uğurlarının təməlində durduğunu bildirərək dedi: “Etnik və dini müxtəliflik Azərbaycan dövlətinin milli sərvətidir. Xalqımız, dövlətimiz bu sərvəti qoruyur, gələcək nəsillər üçün yaşadır. Azərbaycan milli mənəvi irsini qorumaqla yanaşı, bəşəri dəyərlərə ehtiram və qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın nəcib təşəbbüsləri ilə dünyanın ən müxtəlif nöqtələrində tarixi, dini abidələrə yeni həyat verilir. Vatikanda bu Fondun xətti ilə həyata keçirilən layihələr misilsiz tarixi əhəmiyyətə malikdir. Bu, Azərbaycan xalqının dünya irsinə sonsuz ehtiramının göstəricisidir”.

Rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinin Vatikanla əlaqələrinin inkişaf etdiyini deyən Allahşükür Paşazadə çıxışında nüfuzlu dini lider olaraq Roma Papasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə dair səsləndirdiyi fikirlərin ölkəmizdə həssaslıq və ehtiramla qarşılandığını bildirdi, Papa Fransiskin bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli yönündə səy göstərəcəyinə ümidvar olduğunu dedi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bütün Azərbaycan dindarları adından Papa Fransiski qarşıdan gələn yubileyi münasibətilə təbrik etdi.

Roma Papası Fransisk qonaqpərvərliyə görə dini icmaların nümayəndələrinə təşəkkür etdi. Azərbaycanda dini dəyərlərin qorunduğunu vurğulayan Roma Papası dinc cəmiyyətlərin əməkdaşlıqdan yarandığını diqqətə çatdıraraq dedi: “Bugünkü görüşümüz dialoqu və multikulturalizmi təşviq etmək üçün Bakıda keçirilmiş bir çox görüşlərin davamıdır. Qovuşmaya və inteqrasiyaya qapıları açaraq, sanki hər kəsin qəlbinə qapı açmış olarsınız. Onların ümidlərinə yol açmış olarsınız. İnanıram ki, Şərq ilə Qərb arasında qapı olan Azərbaycan hər zaman özündə insanlara sülh və insanın parlaq gələcəyi üçün möhkəm zəmin yaratmaq baxımından əsas təşkil edən açıq olmaq mədəniyyətini inkişaf etdirib”.

Roma Papası çıxışında böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən sitatlar gətirərək bildirdi ki, dinlər heç vaxt münaqişələrə və qarşıdurmalara alət olmamalıdır.

Papa Fransisk çıxışının sonunda bir daha dini icmalar üçün dünyada sülhün vacib şərt olduğunu vurğuladı.

Sonda Roma Papası Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə söhbət etdi.

 

DİGƏR Xəbərlər Arxiv