YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Bu ilin I yarısında bütün maliyyə mənbələrindən əsas kapitala investisiyalar 3,4 faiz artıb

İyulun 14-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrelli qəbul edib.

Nazirlikdən verilən məlumata görə, S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq ölkəmizin davamlı sosial-iqtisadi inkişaf dinamikasına malik olduğunu konkret göstəricilər əsasında diqqətə çatdırıb: "Bu inkişaf dinamikası cari ilin ilk yarımilində da uğurla davam edib, bu müddətdə ümumi daxili məhsul 2,1 faiz artıb. Qeyri-neft sektorunda real artım tempi 7 faiz təşkil edib və artıq ümumi daxili məhsulda bu sektorun payı 56,3 faizə çatıb. Fəal investisiya siyasətinin daha bir nəticəsi olaraq, son 6 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,4 faiz artaraq, 7,6 milyard manat olub".

BP şirkətinin Azərbaycan iqtisadiyyatındakı roluna toxunan S.Müslümov bu gün xeyli sayda insanın çalışdığı şirkətdə yerli mütəxəssislərin də sayının getdikcə artmasının müsbət faktor olduğunu qeyd edib.

Nazir bildirib ki, BP ilə ƏƏSMN arasında işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, əmək miqrasiyası, peşə və kvalifikasiya standartlarının hazırlanması və s. məsələlərin müzakirəsi məqsədilə bir sıra görüşlər keçirilib: "Hesab edirəm ki, bizim əməkdaşlığımız işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, peşə və ixtisas standartlarının hazırlanması, neft sektorunun inkişafı ilə əlaqədar gələcəkdə tələbatın artacağı peşə və ixtisaslar üzrə proqnozların hazırlanması sahələrini əhatə edə bilər".

S.Müslümov həmçinin əməyin mühafizəsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması işinin təşkili və məşğulluqlarının təminatı, əlilliyi olan şəxslərin, gənclərin, əhalinin sosial cəhətdən həssas olan digər qruplarının məşğulluğuna kömək göstərilməsi və s. sahələrin də gələcək əməkdaşlıq üçün xüsusi önəm kəsb etdiyini bildirib: "ƏƏSMN, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və BP şirkəti qeyd olunan sahələrdə əməkdaşlığa dair Tədbirlər Planı hazırlamaqdadır və artıq bununla bağlı təkliflər nəzərdən keçirilir".

Q.Birrell şirkətdə işçilərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşəkarlıq səviyyələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması yönündə görülən işlərdən bəhs edib.

Səslənən təklifləri müsbət qarşıladığını vurğulayan Q.Birrell təmsil etdiyi şirkətin qeyd olunan sahələrdə ƏƏSMN ilə əməkdaşlıq əlaqələrini gücləndirmək iradəsinə malik olduğunu diqqətə çatdırıb.

Görüşdə BP şirkətinin regionda həyata keçirdiyi layihə və əməliyyatlardan söz açılıb, işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb və təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, işçilərin əmək hüquqlarının qorunması, o cümlədən əməyin mühafizəsi, işçi qüvvəsinin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşə və ixtisas standartlarının hazırlanması, boş iş yerləri (vakansiyalar) barədə məlumatların ƏƏSMN-nə təqdim olunması və s. məsələlərə dair fikir mübadiləsi aparılıb.