YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Sədr müavini: Referendumla Azərbaycanın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını söyləyə bilərik

«Qətiyyətlə demək mümkündür ki, ölkəmiz növbəti demokratiya aksiyası adlandırıla biləcək referendumu uğurla başa vurdu. Azərbaycanın müasir demokratiya tarixinin yaşı o qədər çox olmasa da, yüksək seçici fəallığı şəraitində artıq üçüncü referendum keçirildi. Seçkilərlə yanaşı, referendum əhalinin iradəsini ortaya qoymaq imkanı verən ən möhtəşəm demokratiya vasitəsidir. Əhalinin nümayiş etdirdiyi səsvermə fəallığı bu mənada mühüm əhəmiyyət kəsb edir və xüsusi qeyd edilməyə layiqdir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov «Azərbaycan» qəzetinə müsahibəsində deyib.

Əli Əhmədov bildirib ki, referendum üzrə səsvermədə seçicilərin 70 faizinin iştirak etməsi bir çox məqamlardan xəbər verir. Burada söhbət həm seçicilərin elektorat kimi formalaşmasından, həm də referenduma çıxarılan məsələlərə həssaslıqla yanaşmasından gedir. Deməli, arxada qoyduğumuz referendumla Azərbaycanın demokratik inkişaf yolunda yeni və diqqətəlayiq addım atdığını söyləyə bilərik.

Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının referenduma hazırlığı məsələlərinə gəldikdə isə hər şey partiyamızda illər ərzində formalaşmış ənənələrə və yanaşmalara uyğun həyata keçirildi. «İlk növbədə, onu deyə bilərəm ki, biz bütün siyasi kampaniyalara, ələlxüsus, seçkilərə və referenduma bütün ciddiliyi ilə yanaşmağa adət etmişik. Bu, bir növ, bizim fəaliyyət normamıza çevrilib. Referenduma hazırlıq kampaniyası bu baxımdan istisna olmadı. Doğrudur, referendum seçkilərdən müəyyən qədər fərqlənir. Burada hər şeydən öncə siyasi kampaniyada personallaşma elementi və buradan irəli gələn siyasi rəqabət mübarizəsi yoxdur. Siyasi ehtirasların personallaşması müşahidə olunmur. Ön plana daha qlobal məsələlər çıxır. Ölkənin və dövlətin daha böyük vədədə gələcəyinə təsir edən məsələlər siyasi müzakirə və dartışma predmetinə çevrilir. Bu isə öz növbəsində, referendum kampaniyasına xüsusi məna verir. Prezident, parlament və bələdiyyə seçkilərində namizədlərin sayına uyğun rəqabət və onun yaratdığı seçki qütbləşməsi daha sadə sxem əsasında formalaşır: referendumun tərəfdarları, əleyhdarları və biganələr. Aydındır ki, bu sxem Yeni Azərbaycan Partiyasının referendum təşviqat kampaniyasında nəzərə alınan əsas amillərdən biri olmuşdur. Onu da deyim ki, Yeni Azərbaycan Partiyasının böyük insani və təşkilati potensialı vardır və partiyanın çoxlu sayda fəal üzvü təşviqat kampaniyasında kifayət qədər yaxından iştirak etdi. Referendum kampaniyasına cəlb olunan partiya fəallarının sayı on minlərlədir. Onlar referendum kampaniyasının ən müxtəlif mərhələlərində və formalarında, deyərdim ki, fəallıq göstərdilər, yaratdığımız “Yeni Azərbaycan” təşviqat qrupunun uğurlarına hər kəs öz layiqli töhfəsini verə bildi»- deyə, Əli Əhmədov vurğulayıb.