YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanı böyük gələcək gözləyir

«Tam mübaliğəsiz deyə bilərəm ki, Azərbaycanı böyük gələcək gözləyir. Referendum bu gələcəyin anonsudur. Ölkəmizdə həyata keçirilməkdə olan iqtisadi islahatlar referendumdan sonra zəruri hüquqi baza və siyasi alət əldə etmiş oldu. İnanıram ki, bundan sonra islahatlar daha intensiv şəkildə, daha böyük dinamika ilə aparılacaq». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov «Azərbaycan» qəzetinə müsahibəsində deyib.

Əli Əhmədov bildirib ki, istənilən cəmiyyətin inkişafı onun iqtisadiyyatına bağlıdır. Onun sözlərinə görə,  Azərbaycanda həyata keçirilən islahatların hədəfi ölkə iqtisadiyyatını yeni pilləyə qaldırmaqdır: «Yeni iqtisadi modelin yaranması obyektiv zərurətə çevrilib. Elə bir iqtisadiyyat ki, təkcə təbii resurslara deyil, həm də ölkənin bütün potensialının hərəkətə gətirilməsinə istinad etsin. Məlum olduğu kimi, Azərbaycanın böyük iqtisadi potensialı var, lakin ondan tam şəkildə hələ ki, istifadə edilmir. Prezident İlham Əliyevin təşəbbüsü ilə pambıqçılığın, baramaçılığın, ümumiyyətlə, kənd təsərrüfatının digər sahələrinin sürətli inkişafı iqtisadi potensiallardan tam istifadə edilməsi məqsədlərinə xidmət göstərir. Eyni fikirləri Azərbaycanda sənaye sahələrinin inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin təşəbbüsləri haqqında demək mümkündür. Bu təşəbbüslərin uğur qazanacağı heç kimdə şübhə yaratmır. Bu mənada hesab edirəm ki, çox qısa zamanda ölkəmizdə yeni iqtisadi modelin və onun bəhrələrinin şahidi olacağıq».

«Azərbaycan iqtidarı daim insanların istək və ehtiyaclarına həssas yanaşıb, onların əhval-ruhiyyəsi, bütünlükdə ictimai ovqat diqqətdən kənarda qalmayıb. Hazırda hökumətin diqqət fokusunda bir sıra vacib məsələ dayanır və onların üzərində intensiv iş aparılır. Dünya iqtisadiyyatında baş verən böhran və neftin qiymətlərinin kəskin surətdə aşağı düşməsi nəticəsində irəli gələn neqativ meyillərin aradan qaldırılması, düşünürəm ki, öz əhəmiyyətinə görə prioritet vəzifə kimi səciyyələndirilə bilər. Maliyyə-kredit sabitliyinin təmin edilməsi iqtisadiyyatın inkişafının fundamental amili kimi nəzərdən keçirilir. İşsizlik səviyyəsinin azaldılması hökumətin prioritet istiqamətləri sırasında mühüm yer tutur. Qeyd etməyi vacib sayıram ki, son 10 il ərzində Azərbaycanda təxminən 1,2 mln yeni iş yeri açılıb, vaxtilə işsiz sayılan çoxlu sayda insan iş yeri ilə təmin olunub. Lakin nəzərə alınmalıdır ki, həmin 10 il ərzində əhali təxminən 1,5 mln nəfər artmışdır. Əhalinin yüksək artım dinamikası, heç şübhəsiz, cəmiyyətimizin mühüm üstünlüklərindən biridir. Ancaq bu, eyni zamanda, çoxsaylı yeni işçi qüvvəsi deməkdir ki, o da müvafiq sayda yeni iş yerlərinin yaradılmasını tələb edir. Həyata keçirilən islahatlar bu sahədə ciddi inkişafa səbəb olacaq. Xüsusilə, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin verilməsi, “ASAN xidmət” sistemində müvafiq layihənin həyata keçirilməsi ayrıca vurğulanmalıdır. Güman edirəm ki, həyata keçirilən tədbirlər nəticəsində çox qısa zamanda qeyd edilən sahədə ciddi irəliləyiş əldə olunacaq»- deyə, Əli Əhmədov vurğulayıb.