YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abid Şərifov: Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dinamik inkişafı xalqlarımızın qardaşlığının və dostluğunun ortaya qoyduğu tələbdir

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dinamik inkişafı xalqlarımızın qardaşlığının və dostluğunun ortaya qoyduğu tələbdir. Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın Ankara iclasının nəticələri bunu bir daha təsdiq etdi.

Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyanın həmsədri Abid Şərifov komissiyanın Ankarada keçirilmiş 7-ci iclasının yekunları ilə bağlı AzərTAc-a müsahibəsində demişdir.

Abid Şərifov bildirmişdir ki, iclasda aparılan müzakirələr nəticəsində əldə edilən razılıqlar ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirəcəkdir. Qarşılıqlı ticarət həcminin yaxın illərdə 20 milyard dollara çatdırılması əsas hədəflərimizdən biri olacaqdır.

“Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dinamik inkişafı xalqlarımızın qardaşlığının və dostluğunun ortaya qoyduğu tələbdir”, - deyən Baş nazirin müavini Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi nəticəsində ölkələrimizin iqtisadi qüdrətinin dinamik inkişaf etdiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyası faktiki olaraq qitələrarası enerji nəqli şəbəkəsinə çevrilməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi isə beynəlxalq polad magistrallarda yük axınının sürətini artıracaq və tarixi İpək Yolu müasir kommunikasiya sistemi əsasında bərpa olunacaqdır.

Abid Şərifov qeyd etmişdir ki, iclasda ekspertlər tərəfindən energetika, nəqliyyat, iqtisadi-ticarət, qarşılıqlı sərmayə, elm və sənaye, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, mədəniyyət və turizm, əmək və sosial müdafiə, ətraf mühit və şəhərsalma, meşə təsərrüfatı, təhsil, səhiyyə, gənclər və idman sahələrində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsinə dair səmərəli müzakirələr aparıldı və protokol imzalandı.

Baş nazirin müavini demişdir ki, iclasda, həmçinin gələcəkdə Azərbaycandan Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisi ötürəcək 500 meqavatlıq xətt layihəsinin həyata keçirilməsi və bunun sürətləndirilməsi məsələləri müzakirə edilmişdir. Eyni zamanda, Türkiyədən Naxçıvana keçmişdə verilmiş enerji ilə əlaqədar razılığa gəldik və yəqin ki, bu yaxınlarda bununla bağlı yeni anlaşma olacaqdır. Həmçinin Naxçıvandan Türkiyəyə ötürüləcək 50 və ya 100 meqavat enerjinin, - hazırda 50 meqavat mümkündür, - yeni tariflərlə verilməsi məsələsi müzakirə edildi.