YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-nın yay sessiyasındakı nitqi İtaliya mətbuatında növbəti dəfə işıqlandırılmışdır

İtaliyanın “l’opinione” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilmişdir.

Məqalədə Prezident İlham Əliyevin sessiyada Azərbaycanda həyata keçirilmiş uğurlu islahatlardan danışdığı bildirilmiş, dövlətimizin başçısının bu sözlərinə yer verilmişdir: “Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır”. Yazıda Prezident İlham Əliyevin fikirlərinə istinadən Azərbaycanda bütün azadlıqların təmin edildiyi, siyasi fəaliyyət azadlığının, yüzlərlə siyasi təşkilatın, partiyanın, ifadə, mətbuat azadlığının mövcud olduğu diqqətə çatdırılmışdır.

Müəllif xatırladır ki, 2013-cü ildə Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar Azərbaycan dünyanın ən tolerant beş ölkəsi sırasına daxil edilmişdir. Bununla bağlı Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur: “Bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır”.

Yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri də yer almışdır: “Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Ermənistanın əvvəlki Prezidenti burada, demokratiya sarayında çıxış edərkən bildirmişdir ki, ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə ermənilərdə bu meyar vardır. Özü də tək bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik”.