YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olub və ya son bir ildə 10,5 faiz artıb

Son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz artaraq bu ilin 1 iyul tarixinə 4 milyon 794 min nəfərə, məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4 milyon 556 min nəfərə çatıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

S.Müslümov bildirib ki, turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrinə aid 200 peşə standartı hazırlanaraq cari ilin əvvəlindən sahibkarların istifadəsinə verilib. Onun sözlərinə görə, bu prosesin davam etdirilməsi və müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanması nəzərdə tutulur. “Bu ilin birinci yarısında əmək qabiliyyətli əhalinin işlə təminatı üçün müvafiq tədbirlər görülərək, məşğulluq xidməti orqanlarına müraciət etmiş 13742 nəfər münasib işlə təmin olunub, 1782 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 57327 nəfər isə peşəyönümü məsləhətlərinə cəlb edilib”.

S.Müslümovun sözlərinə görə, gənclər arasında məşğulluğun artırılmasının yeni üsulların sınaqdan keçirilməsi məqsədilə Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə xüsusi pilot layihənin icrasına başlanılıb. “Layihə çərçivəsində ali təhsilli, ilk dəfə işaxtaran bir qrup gəncin yeni iş yerində əmək haqlarının yarısının 6 ay müddətinə Beynəlxalq Əmək Təşkilatı tərəfindən subsidiya şəklində işəgötürənlərə ödənilməsi nəzərdə tutulur. Layihənin müsbət nəticələrinin ölkə miqyasında tətbiqi barədə hökumətə müvafiq təkliflər veriləcək”.

Nazir vurğulayıb ki, ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manat olub və ya son bir ildə 10,5 faiz artıb. Onun sözlərinə görə, bu yardımların maliyyələşdirilməsinə 6 ay ərzində 107 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz çox vəsait xərclənib.

“Cari ilin ötən dövrü ərzində 677 nəfər Qarabağ müharibəsi əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxslərə, ümumilikdə isə 1000 nəfərə minik avtomobili verilib və bu prosesin avqust ayının sonunadək yekunlaşdırılması nəzərdə tutulur”.

S.Müslümov bildirib ki,  ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə verilən tapşırıqların icrası sürətlə təmin edilir: “Ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilərək, daxili nəzarət qaydasında aparılmış araşdırmaların nəticələri 5 halda hüquq mühafizə orqanlarına göndərilib”. Nazirin sözlərinə görə, həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatında avtomatlaşdırılmış sistemlərin formalaşdırılması vətəndaş-məmur təmaslarını minimuma endirəcək: 

“Hazırda bu istiqamətdə zəruri tədbirlər görülməkdədir və bu ilin sonuna qədər həmin proseslərin tamamlanması planlaşdırılır”.