YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Ermənistanın pozucu mövqeyi üzündən danışıqlar heç bir səmərə vermir

“Dağlıq-Qarabağ münaqişənin həll edilməsi üçün bu günədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib”.

Bunu Strasburqda Avropa Şurası Parlament Assambleyasına (AŞPA) üzv ölkələrin parlament sədrlərinin görüşündə çıxışı zaman Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

Oqtay Əsədov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə dini don geyindirilməsi cəhdlərinin heç bir əsasa malik olmadığını diqqətə çatdırıb. O, bildirib ki, 25 ilə yaxındır Azərbaycan ərazisinin 20 faizi, yəni, Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub və bu ərazilərdə etnik təmizləmə aparılıb. Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş torpaqlarından 1 milyondan çox dinc sakin doğma yurdundan didərgin salınıb.

Milli Məclisin sədri münaqişənin nizama salınmamasının nəinki Cənubi Qafqaz regionunda, həm də dünyada sülh və sabitlik üçün təhlükə törətdiyini vurğulayıb.

O.Əsədov aprel ayının əvvəllərində cəbhə xəttində baş vermiş hadisələrin bunu bir daha sübut etdiyini xatırladıb. Ermənistan silahlı qüvvələrinin növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini güclü atəşə tutduğunu, Azərbaycan Silahlı Qüvvələrinin dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görməyə məcbur olduğunu, genişmiqyaslı hərbi əməliyyatların çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxardığını diqqətə çatdırıb.

Parlamentin sədri deyib ki, bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının dünya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir: “Əminəm ki, bu məsələdə beynəlxalq birlik, nəhayət, öz qəti sözünü deməli və bütün münaqişələr, o cümlədən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında, xüsusən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.