YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Azərbaycan” təşviqat qrupunun nümayəndələri Şəkinin Biləcik kəndində seçicilərlə görüş keçirilib

Sentyabrın 16-da “Yeni Azərbaycan” təşviqat qrupunun Şəki şəhər şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Biləcik kəndində seçicilərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Şəki şəhər şöbəsinin rəhbəri, Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Həsən Həsənov Referendum Aktı layihəsi haqqında məlumat verib. Təşkilat sədri diqqətə çatdırıb ki, Konstitusiya islahatları Azərbaycanın inkişafına xidmət edir, buna görə də xalq tərəfindən dəstəklənir: “Əminliklə söyləmək olar ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu islahatlar inkişafın davamlı olmasını təmin edəcək”.

“Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıb: “Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq”.

“Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər sırasında insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, bank-maliyyə sisteminin idarə olunması və digərləri də yer alır. Bu isə islahatların məhz dövlətçilik maraqlarına və xalqın mənafeyinə xidmət etdiyini göstərir”, - deyə Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb.

AMEA-nın Tarix İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov isə çıxışında əlavə və dəyişikliklərin dövlətimizin gələcək inkişafı üçün önəmli olduğunu deyib: “Hər bir dövlət öz inkişaf tarixinin müəyyən bir mərhələsində mütləq yeniliklərlə müşayiət olunmalı, bu yenilikləri həyatına tətbiq etməlidir. Bununla yanaşı, hüquqi bazasını, dövlət-vətəndaş münasibətlərini təkmilləşdirməli, vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməlidir. Eyni zamanda, insanların hüquq və azadlıqlarının təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması, cəmiyyətin inkişaf meyillərinin təmin olunması üçün vaxtaşırı qanunvericiliklərdə təkmilləşdirmələrə ehtiyac duyulur. Bu mənada ölkə Konstitusiyasında insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təsbit edilməsi hüquqi dövlət quruculuğu prosesinin mühüm elementi kimi çıxış edəcək”.

Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini vurğulayıblar.