YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı giriş nitqində bildirmişdir ki, ilin birinci yarısında ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Qarşıda duran bütün məsələlər uğurla icra edilmişdir. Bir dənə də olsun icra edilməmiş məsələ yoxdur. Əlbəttə, bu, deməyə əsas verir ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcəkdir.

Prezident İlham Əliyev: “Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur. Siz də yaxşı xatırlayırsınız ki, vaxtilə bizim uğurlarımızı bəziləri ancaq neft amili ilə bağlayırdılar. Belə bir fikir irəli sürülürdü ki, Azərbaycanın nefti var və buna görə ölkə iqtisadiyyatı inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz rolunu oynamışdır. Ancaq bizim uğurlu siyasətimizin nəticəsində bu gün neftdən asılılıq böyük dərəcədə aşağı düşmüşdür və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır”.

Dövlət başçısı qeyd etmişdir ki, bütün bunlar düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlarımız mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər. Bizim islahatlarımız, eyni zamanda, müxtəlif qurumların reytinqlərində də özünü göstərir. Dünyanın aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi artırırlar. Bu gün xarici maliyyə bazarlarından kredit resurslarının cəlb edilməsi üçün bizdə heç bir problem yoxdur. Əksinə, biz bu məsələyə bir qədər təmkinlə yanaşırıq. Çünki hesab edirik ki, daha çox daxili imkanlardan istifadə etməliyik. Davos Dünya İqtisadi Forumu - dünyanın bir nömrəli iqtisadi forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirərək bizi 39-cu yerdə yerləşdiribdir. Hesab edirəm ki, gənc müstəqil ölkə üçün bu, çox böyük göstəricidir.

“Müxtəlif amillərin nəticəsində ölkəmizin uğurlu inkişafı mümkün olmuşdur. Ölkəmizdə çox gözəl investisiya şəraiti vardır. Xarici və daxili investorlar Azərbaycana inamla yanaşırlar. Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi, əlbəttə ki, dinamik iqtisadi inkişafımıza təkan verir.

Birinci altı ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir - iqtisadiyyat 2,1 faiz artmışdır. Bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyildir. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, - mən bunu sevinc hissi ilə qeyd edirəm, - son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və qeyri-neft sektorumuzda inkişaf 7 faiz səviyyəsindədir. Bu da əlbəttə ki, dediyim məsələlərin nəticəsidir. Çünki əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır” - deyə, Prezident İlham Əliyev qeyd etmişdir.