YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəyli seçicilər Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyirlər

26 sentyabr ümumxalq səsverməsi (referendum) ilə bağlı "Yeni Azərbaycan" təşviqat qrupu Gədəbəy rayonunda təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsinin sədri Rüstəm Nağıyev keçiriləcək referendumla bağlı Gədəbəy rayonunda fəal təbliğat işlərinin qurulduğunu bildirib. "Yeni Azərbaycan" təşviqat qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən R.Nağıyev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyətli rola malik olacağını deyib.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, millət vəkili Sevinc Hüseynova qeyd edib ki, nəzərdə tutulan Konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək. Millət vəkili qeyd edib ki, bunları təklif olunan layihədəki müddəalara nəzər saldıqda daha aydın görmək olar: "Təklif edilən əlavə və dəyişikliklərdə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi ilə bağlı məqamlar yer alır. Torpaqlardan səmərəli istifadə məsələsi hər zaman öz aktuallığını qoruyur. Bu gün dünyanın ən mühüm problemlərindən biri məhz ərzaq təhlükəsizliyi məsələsidir. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsinə aid bir sıra qanunlar, Dövlət proqramları qəbul edilib. Torpaq ehtiyatlarından səmərəli istifadə isə bizə bu işdə daha yaxından kömək edəcək. Bu mənada irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına, eləcə də vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir".

Tədbirdə çıxış edən Gədəbəy seçiciləri sentyabrın 26-da referendumda iştirak edəcəklərini və təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bildiriblər.