YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayon seçiciləri HƏMRƏY olaraq, Konstitusiyaya təklif olunan dəyişikliklərə “HƏ” deyirlər

Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar Azərbaycanda təbliğat-təşviqat kampaniyasına start verilib. Bu kampaniyaya böyük ruh yüksəkliyilə başlayan referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsi sentyabrın 5-də tədbir keçirib.

Tədbirdə çıxış edən referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət göstərir. Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur.

Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsilə qəbul edilib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Konstitusiyamıza iki dəfə referendum yolu ilə dəyişikliklər edilib. Birinci dəfə 24 avqust 2002-ci ildə 22 maddəsinə 31, ikinci dəfə isə 18 mart 2009-cu ildə 9 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. Məhz, edilən əlavə və dəyişiklər hər dəfə ölkənin siyasi sisteminin möhkəmlənməsinə, iqtisadiyyatının, sosial münasibətlərin güclənməsinə, insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasına şərait yaradıb.

Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bu gün həm dövlətimizin siyasi-hüquqi və sosial-iqtisadi baxımdan inkişafının sürətli getməsi, həm regionun lider ölkəsi kimi transmilli layihələrin təşəbbüskarı və reallaşdırıcısı kimi qlobal əhəmiyyətli dövlətə çevrilməsi, həm də ölkəmizin böyük dövlətlərin diqqət mərkəzinə gələrək müsbət və mənfi tendensiyaların əsas hədəfinə çevrilməsi Azərbaycanın inkişafını keyfiyyətcə yeni mərhələyə daşıyacaq və təhlükəsizliyini təmin edəcək hüquqi dəyişikliklərin həyata keçirilməsini günün tələbinə çevirir.

Hüquqşünas Nəsib Şükürov isə vurğulayıb ki, sosial-iqtisadi sahənin daha da inkişaf etdirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, ölkənin təhlükəsizliyinin, milli maraqlarının və insanların hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunması, xarici təhdidlərin qarşısının alınması, etnik-dini harmoniyanın daha da möhkəmləndirilməsi və s. amillərdən irəli gələrək Azərbaycan daha bir referenduma gedir. Bu baxımdan da Konstitusiyaya təklif edilən dəyişikliklər günün reallığıdır, ölkənin inkişafına, respublikanın gücünün, qüdrətinin artmasına, onun təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət göstərən amillərdən biridir. Təklif olunan layihədə isə Konstitusiyanın 23 maddəsinə düzəliş olunması və 6 yeni maddənin əlavə edilməsi təklif olunur.

YAP Nizami rayon təşkilatının idarə heyətinin üzvü Tofiq Rüstəmli və başqaları bildiriblər ki, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Dövlət, ictimai münasibətlər inkişaf etdikcə bu münasibətləri tənzimləyən hüquq normaları da dəyişməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır. Həyat hüququn arxasınca deyil, hüquq həyatın arxasınca getməlidir.

Tədbirdə rəyini soruşduğumuz seçicilər də bildiriblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin Sərəncamını alqışlayır, dəstəyini ifadə edir və Konstitusiyaya təklif olunan dəyişikliklərə “hə” deyirlər.