YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın indiki reallıqları bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur

Azərbaycanın indiki reallıqları bundan ibarətdir ki, ölkədə daxili təhlükə mənbəyi yoxdur. Heç bir narahatedici məqam da yoxdur. Azərbaycanın sürətli inkişafı, sabitliyin qorunması, xalqla iqtidar arasındakı birlik, xarici və daxili siyasətlə bağlı uğurlarımız, bax, belə vəziyyəti yaradıbdır. Daxili təhlükə mənbəyi yoxdur.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində söyləmişdir.
Azərbaycan Prezidenti demişdir: “Ona görə, biz, əlbəttə, istəyirik ki, ətrafda da təhlükə mənbəyi olmasın. Biz qonşularımızla bu istiqamətdə ikitərəfli və çoxtərəfli formatda çalışırıq, işləyirik. Hesab edirəm ki, gələcək illərdə də bu, prioritet olaraq qalmalıdır. Eyni zamanda, son illərdə yenə də bizim təşəbbüsümüzlə üçtərəfli formatlar da müəyyən edilmişdir. Onu da qeyd etməliyəm ki, bu, Azərbaycanın təşəbbüsüdür və bu gün belə formatlar vardır. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları vardır. Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş keçirilmişdir. Bunun da çox böyük faydası vardır. Burada əlbəttə ki, həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox uğurlu bir əməkdaşlıq formatıdır. Deyə bilərəm ki, bu formatın çox gözəl nəticələri vardır. Belə görüşlərin keçirilməsi özlüyündə çox müsbət əlamətdir. Çünki burada regional əməkdaşlıq daha da möhkəmlənir”.

“Biz isə həmişə çalışmışıq ki, regional əməkdaşlıq güclənsin”, - deyən Prezident İlham Əliyev əlavə etmişdir ki, hər bir ölkə, o cümlədən Azərbaycan regional əməkdaşlıq hesabına öz maraqlarını daha dolğun şəkildə təmin edə bilər. Ona görə, bax belə təşəbbüslər əlbəttə ki, uğur gətirəndə bu, bizi sevindirir. Çünki bizim xarici siyasətimiz yerində durmur. Biz daim axtarışda olmalıyıq, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşməliyik, təşəbbüs göstərməliyik ki, Azərbaycanın xarici siyasəti daha da uğurlu olsun.