YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycan günləri başlayır

Bu gün Fransanın Kann şəhərində Azərbaycan günlərinə start veriləcəkdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə başlayan tədbirlər “Azərbaycan ənənələr və gələcək ölkəsi” şüarı altında keçiriləcəkdir.

Artıq Kann şəhəri və ictimai nəqliyyat Azərbaycanın təqdimat banerləri ilə bəzədilmişdir.

İyulun 31-dək davam edəcək Azərbaycan günlərində ölkəmizin tarixini, adət-ənənələrini, eyni zamanda, müasir incəsənətini əks etdirən sərgilər, muğam sənəti, klassik və caz musiqisi, milli mətbəximizdən nümunələr təqdim olunacaqdır.

“Keçmişdən baxış. Fransa azərbaycanlı rəssamların gözü ilə”, “Azərbaycan ənənələr və gələcək ölkəsi”, “Nizami Gəncəvi” sərgiləri iyulun 31-dək Fransa vətəndaşlarına və turistlərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəniyyəti, ədəbiyyatı - bir sözlə, ölkəmizlə hərtərəfli tanışlığa imkan verəcəkdir.

Azərbaycan günləri çərçivəsində Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsi təqdim olunacaqdır. İtalyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında bu layihə üçün hazırladığı kolleksiya yerli izləyiciləri ölkəmizin geyim ənənələri və bu ənənələrin müasir dəbdə tətbiqi ilə tanış edəcəkdir.

Azərbaycan günləri çərçivəsində, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının təqdimatı ilə bağlı tədbir təşkil olunacaqdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin 1-ci Avropa Oyunlarına hazırlığının ölkədən kənarda təqdimatına həsr olunan bu tədbir çərçivəsində Kruazett sahilində qaçış üzrə marafon keçiriləcəkdir.

Xatırladaq ki, Heydər Əliyev Fondu bu günədək Azərbaycanın təbliği istiqamətində İtaliya, Almaniya, Fransa, Yunanıstan, Rusiya və digər ölkələrdə, eləcə də bu dövlətlərin regionlarında bir sıra layihələr həyata keçirmişdir. Bu layihələr tarixi və müasir Azərbaycanın təqdimatına, ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmişdir.