YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanın mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir

«Azərbaycan dövləti sürətlə inkişaf edir, beynəlxalq aləmə inteqrasiya edir, ölkə qanunvericiliyi təkmilləşdirilir, vətəndaşların sosial şərtləri dəyişir. Ona görə də Konstitusiyada da dəyişikliklər etmək zərurəti yaranır». Bu fikirləri yap.org.az saytına  Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, ana qanunumuza təklif olunan dəyişikliklər zamanın tələbindən irəli gəlir. S.Qafarova deyib ki, bütün demokratik ölkələrdə də belə təşəbbüslər irəli sürülür, ehtiyac yarandığı təqdirdə Konstitusiyaya dəyişikliklər olunur: "Bu gün isə Azərbaycanın mövcud reallıqları Konstitusiyaya dəyişikliklər etməyi şərtləndirir və dövlətimizin başçısı haqlı olaraq belə bir Sərəncam imzalayıb. Möhtərəm Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Təbii ki, bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi tsahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi kataklizmlər fonunda belə bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub saxlaya bilib. Eləcə də digər sahələrdə, o cümlədən idarəetmənin təkmilləşdirilməsi istiqamətində çox ciddi addımlar atılıb. Konstitusiyaya təklif olunan yeni dəyişikliklərdə də bu istiqamətlərdə daha geniş uğurların əldə olunması hədəflənib".

Sahibə Qafarova təklif olunan dəyişikliklərdə bir çox məsələlərin yer aldığını vurğulayaraq qeyd edib ki, bu dəyişikliklər idarətetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusi mülkiyyət, sosial məsuliyyət və sosial ədalət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı və digər məsələlər öz əksini tapıb: «Hesab edirəm ki, bu dəyişikliklər Azərbaycan vətəndaşlarının maraqlarına tam cavab verməklə yanaşı, yeni mərhələdə Azərbaycan dövlətinin inkişafının ardıcıllığının təmin olunmasına xidmət edir».