YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rumıniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Son illər iki ölkə arasında ticarət dövriyyəsinin artımından məmnunluq ifadə olunan görüşdə iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açan Elmar Məmmədyarov sözügedən layihələrin Xəzər və Qara dəniz hövzələri arasında bağlantıların artmasına əsaslı töhfə verəcəyini bildirib.

Nazir, həmçinin Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığının inkişafında rolunu xüsusi qeyd edib.

Səfir Daniel Kristian Çiobanu Rumıniyanın hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini diqqətə çatdırıb. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığa toxunaraq iyulun 19-da Bakıda SOCAR və Rumıniyanın Transqaz şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasını xatırladıb.

Elmar Məmmədyarov Rumıniyanın Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair mövqeyinin təqdir edildiyini diqqətə çatdırıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan siyasi dialoqun və dostluğun inkişafı, iqtisadi əlaqələrin genişlənməsi və ticarət dövriyyəsinin rekord həddə artması, mədəni-humanitar əlaqələrin təşviqi istiqamətində və NATO-nun əlaqələndirici səfiri statusunda həyata keçirdiyi uğurlu fəaliyyətə görə səfirə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.