YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkədə terror aktı nəticəsində həlak olanların xatirəsi anılır

İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

İyunun 30-da Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov səfirliyə gələrək Türkiyə xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə müsahibəsində deyib: “Türkiyədə törədilmiş terror aktlarından sonra bizimlə həmrəylik nümayiş etdirən Azərbaycan Prezidentinə və xalqına minnətdarıq. Hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə nümayiş etdirib. Azərbaycan Türkiyənin sevinci ilə yanaşı, onun kədərini də bölüşür. Prezident İlham Əliyevdən aldığımız başsağlığı məktubu, eyni zamanda, qardaş Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir. Biz bu həmrəyliyi görməkdən çox məmnunuq”.

Səfir vurğulayıb ki, terrorizm təkcə Türkiyənin deyil, bütün bəşəriyyətin problemidir. Terror aktlarının hədəfi də bütün insanlıqdır. Ona görə də dünya ictimaiyyəti terrorizmə qarşı birlikdə mübarizə aparmalıdır.

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri gün ərzində səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.