YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin nümayəndə heyəti Tbilisidə ATƏT Parlament Assambleyasının yay sessiyasında iştirak edəcək

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili ATƏT PA-nın 25-ci yay sessiyasında iştirak etmək üçün iyunun 29-da Gürcüstanın paytaxtı Tbilisiyə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiyada əvvəlcə daimi komitə toplaşacaq, sonra plenar iclas başlayacaq. Sessiya çərçivəsində ATƏT PA-nın təhlükəsizlik və siyasi məsələlər, iqtisadi məsələlər, elm, texnika və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirə olunacaq.

Qurumun yay sessiyasında Avropanın təhlükəsizliyi, miqrantlar və qaçqınlarla bağlı böhranda gender problemlərinin təhlili, qaçqınların hüquqları, zorakılıq və diskriminasiya ilə mübarizə, neonasizmin baş qaldırmasına yol verilməməsi, uşaqların cinsi istismarına və uşaq ticarətinə son qoyulması üçün hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq. Həmçinin Çernobıl fəlakətinin 30-cu ildönümünə dair sənəd qəbul ediləcək.

Sessiyada ATƏT məkanında qanunun aliliyini təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə məsələsi də gündəmdə olacaq. ATƏT PA ilə ATƏT arasında münasibətlərin möhkəmləndirilməsinə, Baltik dənizi regionunda əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Bundan başqa, böhranlara və münaqişələrə qarşı səmərəli tədbirlərin işlənib hazırlanması istiqamətində ətraflı fikir mübadiləsi aparılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri qurumun bütün iclaslarında iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirərək, rəy və təkliflərini səsləndirəcəklər.

Səfər iyulun 6-da başa çatacaq.