YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pekində AİİB-in Rəhbərlər Şurasının ilk iclası işə başlayıb

Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Rəhbərlər Şurasının ilk iclası işə başlayıb.

Tədbirdə AİİB-in təsisçi-üzvü olan 57 ölkənin rəsmiləri, habelə müşahidəçi dövlətlərin və beynəlxalq tərəfdaş maliyyə qurumlarının nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edirlər.

İclasda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Rəhbərlər Şurasının ilk iclasının açılış mərasimində çıxış edən Çin Dövlət Şurası Sədrinin (Baş nazir) birinci müavini Can Qaoli deyib ki, ölkəsi bankın Asiyada infrastruktur layihələrini maliyyələşdirməklə regional inkişafa və əməkdaşlığa töhfə verəcəyinə inanır.

Bankın ali orqanı olan Rəhbərlər Şurasının ilk iclasında çıxış edən AİİB-in prezidenti Cin Liçun qurumun altı aylıq fəaliyyəti dövründə görülən işlər barədə hesabat verib. Qeyd edib ki, dünya maliyyə sistemində yeni bir təsisat olan AİİB diqqəti infrastruktur sahələrinə, o cümlədən enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, habelə təhsil və səhiyyə layihələrinə yönəldəcək. Artıq bu istiqamətdə ilk addım olaraq Banqladeş, İndoneziya, Tacikistan və Pakistanda 4 layihəyə ümumilikdə 509 milyon ABŞ dolları məbləğində kredit ayrılması barədə qərar qəbul olunub.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanın AİİB-in yaradılması təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olduğunu deyib, ölkəmizin bankın təsisçi-üzvü kimi onun fəaliyyətində yaxından iştirakına diqqəti çəkib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir müavini bildirib ki, vacib islahatlar həyata keçirməklə iqtisadi modernləşməyə və inkişafa nail olan ölkəmizdə 2005-2015-ci illərdə ümumi daxili məhsul 2,4 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, strateji valyuta ehtiyatları 16,3 dəfə artıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir.

N.Səfərov hökumətin son vaxtlar dünya iqtisadiyyatında yaranmış vəziyyətlə əlaqədar makroiqtisadi sabitliyin qorunması, maliyyə şəffaflığının təmin edilməsi, biznes mühitinin təkmilləşdirilməsi, ixrac imkanlarının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın tranzit imkanlarından daha səmərəli istifadə olunması məqsədilə qısa müddətdə görülmüş işlər sayəsində ilin ilk rübündə tranzit həcmi 2,4 dəfə artıb.

Nazir müavini Azərbaycanın regional inkişafa verdiyi töhfələrdən, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft və Bakı–Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışıb, ölkəmizin əlverişli coğrafi mövqe və infrastruktur imkanları sayəsində regional logistika mərkəzinə çevrildiyini deyib. O, AİİB-i Azərbaycanda, xüsusilə özəl sektorda investisiya layihələrində fəal iştiraka dəvət edib.

Bankın Rəhbərlər Şurasının ilk iclası iki gün davam edəcək.

Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Bunun təxminən 75 faizini Asiya ölkələri təmin edəcək. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Bankda Asiyadan 34, Avropadan 18, Afrikadan 2, Okeaniyadan 2, Cənubi Amerikadan 1 dövlət təmsil olunur. Bankın ali orqanı Rəhbərlər Şurasıdır. Bundan başqa, 12 nəfərdən ibarət Direktorlar Şurası və idarəedici heyət daha aşağı səviyyədə icra orqanları kimi fəaliyyət göstərəcək.