YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir

“Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması region üçün böyük təhlükədir. Bizə qarşı ədalətsizlik törədildi, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır və 1 milyondan çox qaçqın-köçkün bu münaqişədən əziyyət çəkir. Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Məscidlərimizin böyük hissəsi dağıdılıb, qalan yarıdağılmış məscidlərdə ermənilər hərbi qərargahlar yaratmışlar. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və fotomateriallar təqdim etmişlər. Bununla bərabər, Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışır. Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə - üç müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır. Azərbaycanda məscidlərlə bərabər, kilsələr, sinaqoqlar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda, Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırıbdır. Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır, əks təqdirdə, belə cəfəng bəyanatlar verməzdi. Amma bununla bərabər, öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Mən əminəm, müsəlman ölkələrinin rəhbərliyi və ictimaiyyəti kifayət qədər məlumatlıdır ki, Ermənistan İslam abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün cəhdlər göstərir”. Bu fikirləri iyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərləri ilə görüşündə səsləndirib.