YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: ATƏT regionunda bütün münaqişəli vəziyyətlərə dair Helsinki prinsiplərinin pozulması diqqətdə saxlanmalıdır

Azərbaycan Helsinki prinsiplərinin pozulması ilə bağlı narahatlığını artıq 22 ildir ifadə edir və çox təəssüf ki, bu 22 il ərzində beynəlxalq təşkilatların, o cümlədən ATƏT Parlament Assambleyasının bu məsələləri qətiyyətlə pisləməməsi və yerinə yetirilməsi mümkün olan sənədlərin qəbul edilməməsi Avropada yeni bölünmələrin yaranmasına, yeni konfliktlərin meydana gəlməsinə şərait yaradıb.

Bu barədə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində iyulun 1-də PA-nın plenar iclasında Rusiyanın Helsinki prinsiplərini pozması ilə bağlı qətnamə layihəsi üzrə müzakirələrdə deyib.

B.Muradova bildirib ki, bunun nəticəsində bu gün konfliktlərin nəticələrini müzakirə etmək məcburiyyətində qalmışıq: "ATƏT regionunda bütün münaqişəli vəziyyətlərə dair Helsinki prinsiplərinin pozulması diqqətdə saxlanmalı və lazımi sənədlər qəbul edilməlidir".

Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini deyən B.Muradova ümid etdiyini bildirib ki, bu prosesin də taleyi Minsk qrupu prosesinin taleyinə bənzəməyəcək: "Arzu edirik ki, bu proses qısa vaxtda başa çatdırılsın. Ən azı iki qardaş xalqın bir-birinə düşmən olmasına gətirib çıxaran prosesləri müşahidə etməyək".