YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqləri gücləndirilməsi vacibdir

Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Ermənistana təzyiqləri gücləndirilməsi vacibdir.

Bu fikir Azərbaycanın Vyetnamdakı səfirliyinin Hanoyda təşkil etdiyi “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Son gərginlik və münaqişənin regionun təhlükəsizliyi və inkişafına təsiri” mövzusunda “dəyirmi masa”da səslənib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq normalarına, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqeyi, həmçinin münaqişənin bütün aspektləri və eyni zamanda, aprelin ilk günlərində qoşunların təmas xəttində baş verən son gərginlik barədə dolğun və dəqiq məlumatların Vyetnam ictimaiyyətinə və dövlət rəsmilərinə, KİV-lərə və bu ölkədəki diplomatik korpusa çatdırmaq olub.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov münaqişənin tarixi, yaranma səbəbləri, nəticələri, regionun sabitliyinə və inkişafına təsiri, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar haqqında ətraflı məlumat verib.

Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, KİV nümayəndələrinin sualları cavablandırılıb.

Türkiyənin Vyetnamdakı səfiri Akif Ayxan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin daim Azərbaycanı dəstəklədiyini bildirərək, Ermənistanı sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqedən əl çəkməyə çağırıb və münaqişənin həlli ilə bağlı Minsk qrupu həmsədrlərinin səylərini artırmasının zəruriliyini vurğulayıb.

Nigeriya səfirliyinin müvəqqəti işlər vəkili Sanusi Yahaya Yakubu məsələnin məhz BMT müstəvisində həll olunmasının əhəmiyyətinə diqqət çəkərək, müasir dünyada bu kimi münaqişələrlə əsas etibarilə üzləşən müsəlman ölkələri arasında vəhdətin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub, İslam Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə toplantısında qəbul edilmiş Yekun Kommünikenin müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu deyib.

Vyetnam Sosial Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, professor Luonq Dinh Hai Dağlıq Qarabağ münaqişəsində beynəlxalq prinsip və normalara əsaslanan Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiyini vurğulayaraq, bu yoldan Azərbaycanın heç bir zaman dönməyəcəyinə əmin olduğunu qeyd edib, sülh danışıqlarının nəticə vermədiyi təqdirdə ölkənin silah gücü ilə öz torpaqlarını azad etməkdə haqlı olacağını bildirib.

Vyetnam Kommunist Partiyasının rəsmi mətbu orqanı olan “Xarici informasiya icmalı” jurnalının baş redaktoru Dao Xuan Tien Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktının qəbuledilməzliyini vurğulayıb, eyni zamanda, uzun illər işğal və müharibə şəraitində yaşamış Vyetnam xalqının Azərbaycanın dərdinə şərik çıxdığını qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına əmin olduğunu bildirib.

Dağlıq Qarabağın Azərbaycanın qədim torpağı olduğunu və bu faktın beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq tanındığını vurğulayan Dao Xuan Tien Azərbaycanın öz əzəli torpaqlarını istənilən yolla azad etmək haqqına malik olduğunu və bu haqqın beynəlxalq hüquqla müəyyənləşdirildiyini bildirib.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktor müavini Phunq Thao çıxışında Azərbaycan xalqının ədalətli mövqeyinin Vyetnam xalqı tərəfindən tam dəstəkləndiyini bildirib. O, müasir dövrdə güc yolu ilə sərhədlərin dəyişdirilməsinin qəbulolunmazlığını vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini söyləyib.