YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı-2015” Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə könüllülük proqramına başlanılmışdır

“Bakı-2015” Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə könüllülük proqramına start verilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Azərbaycanın bu günə kimi ev sahibliyi etdiyi ən böyük idman tədbiri üçün hazırda 10 min könüllü toplama mərhələsindədir.

BEGOC-dan bildirmişlər ki, müraciət prosesi davam edir və “Bakı-2015” Avropa Oyunları bu möhtəşəm idman tədbirində səmimi mühit yaratmaq üçün enerjili və bacarıqlı insanların axtarışındadır. Hazırda müraciətlər onlayn qaydada www.baku2015.com elektron ünvanında qəbul olunmaqdadır.

Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı Avropa Oyunları əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov demişdir: “İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək, idman tədbirinin uğurla həyata keçirilməsinə yardım etməklə Azərbaycan tarixinin bir hissəsi olmaq gözəl fürsətdir. “Bakı-2015” Avropa Oyunları Azərbaycanın gənc, müasir və qonaqpərvər ölkə olduğunu dünyaya göstərəcəkdir. Əminəm ki, könüllülərimiz Bakının zəngin mənəviyyata sahib olan insanlarını gözəl təcəssüm etdirəcəklər”.

Könüllülərə Oyunlar zamanı yüksək vəzifəli şəxslərin və idmançıların salamlanması, yarışlarda çalışmaq, yaxud KİV-lərin nümayəndələrinə köməklik göstərmək və s. vəzifələri icra etmək imkanı veriləcəkdir.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar. Onların sərf etdikləri vaxt, enerji və öhdəlik olmadan belə bir oyunları həyata keçirmək mümkün olmazdı. İdmançılar və tamaşaçılar üçün könüllülər ilk Avropa Oyunlarının ictimai siması olacaqlar. Könüllülük bu əlamətdar və tarixi idman tədbirində mühüm rol oynamaq üçün gözəl şansdır. Biz qeydiyyatdan keçən çoxlu sayda azərbaycanlıdan və dünyanın 22 ölkəsindən gəlmiş mühacirlərdən ibarət BEGOC komandasının bir hissəsi olacaq şəxsləri salamlayacağımız günü səbirsizliklə gözləyirik”.

Beş yüzdən artıq könüllü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş yeniyetmələr arasında Avropa Olimpiya təsnifat yarışlarında və Milli Gimnastika Arenasında təşkil edilmiş bədii gimnastika üzrə Avropa çempionatında təcrübə qazanmışlar. Könüllülərin daha çox təcrübə qazanmaları və Avropa Oyunları müddətində komanda rəhbərlərinə çevrilmələri istiqamətində çalışmaları üçün əlavə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulur.
İlk Avropa Oyunlarının həyata keçirilməsi istiqamətində işlər gördükcə BEGOC təşkilat kimi böyüməkdə davam edir. Hazırda texnologiya, tədbirlərin idarə edilməsi, nəqliyyat, dillər, yerləşdirilmə, kadrlar (insan resursları), marketinq və layihənin idarə edilməsi kimi bir sıra sahələrdə 100-dən çox tam ştat əsasında ödənişli iş imkanı mövcuddur. İyuldan etibarən 199 universitet məzunu təlim proqramı vasitəsilə BEGOC-a qoşulacaqdır. Azərbaycanda və Avropada yeni məzun olan həmin şəxslərin potensiallarının araşdırılmasına kömək məqsədilə xüsusi tərtib edilmiş intensiv təlim proqramı ilə tamamlanan, tam ştat əsasında ödənişli işləri olacaqdır.