YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici işlər naziri vəzifəsinə təyin olunmağı münasibətilə Mövlud Çavuşoğlunu təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzulamış, ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu ifadə etmişdir: “Bu ənənə artıq neçə ildir ki, yaşayır. Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir”.

Dövlətimizin başçısı bildirdi ki, G20-nin Antalyada keçirilən Zirvə toplantısı bir çox məsələlərdə Türkiyənin mövqeyinin mühüm rola malik olduğunu göstərdi. Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirdi.

Prezident İlham Əliyevə təşəkkürünü bildirən Mövlud Çavuşoğlu xarici işlər naziri olaraq vəzifəyə təyin edildikdən sonra ilk səfərini qardaş Azərbaycana etməkdən, ənənələrimizi davam etdirməkdən böyük qürur duyduğunu vurğulamışdır.

“Sizi də 1 noyabr parlament seçkiləri münasibətilə təbrik etmək istəyirəm. Eyni gündə həm Türkiyədə, həm də qardaş Azərbaycanda seçkilər keçirildi. Çox uğurlu seçki keçirdiniz. Beynəlxalq təşkilatların hesabatlarına da baxdım. Dünən Avropa Şurasının təsdiq hesabatlarına da baxdım. Bu münasibətlə Sizi təbrik edirik.

Mövlud Çavuşoğlu Azərbaycanın G20-nin Antalyada keçirilən Zirvə toplantısında iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident İlham Əliyevin G20-nin Zirvə toplantısında iştirakından qürur hissi keçirdiyini deyən Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu dövlətimizin başçısının bu cür mötəbər tədbirdə beynəlxalq məsələlərlə bağlı söylədiyi dəyərli fikirləri yüksək qiymətləndirdi. O qeyd etdi ki, Azərbaycan belə bir toplantıda iştirak etməklə Türkiyənin mövqeyini daha da gücləndirdi. Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan əlaqələrinin bütün sahələrdə gələcəkdə daha da inkişaf etdiriləcəyinə, iki qardaş ölkənin prezidentlərinin liderliyi ilə bu əlaqələrin bundan sonra da yüksək səviyyəyə qaldırılacağına əminliyini ifadə etdi” – deyə, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd etmişdir.

Söhbət zamanı dövlətimizin başçısı Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd etdi ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, Azərbaycan ilə Türkiyənin həyata keçirdikləri TANAP, TAP, Bakı-Tbilisi-Qars və digər layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparıldı.