YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Qurtuluş məfkurəsi xalqımız, dövlətimiz üçün milli dəyər və tarixi hadisədir

Müsahibimiz Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov

- Elmar müəllim, Azərbaycan xalqı 15 iyun – Milli Qurtuluş Günü ərəfəsindədir. Heç şübhəsiz, Qurtuluş məfkurəsi müasir müstəqil Azərbaycan dövlətinin tərəqqisi və yüksəlişinin əsasını təşkil edir. İlk növbədə, Milli Qurtuluş Gününün milli mahiyyəti və tarixi əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdik...

- Hər şeydən əvvəl, Qurtuluş məfkurəsi müasir Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun, inkişafının əsasını təşkil edən milli dəyər və tarixi hadisədir. XX əsrdə ikinci dəfə istiqlaliyyət qazanmış Azərbaycan dövlətinin müstəqilliyinin qorunması, ölkəmizin tərəqqi yolunda inamla addımlaması, beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutması məhz Milli Qurtuluş Günündən başlayan tarixi proseslərin real nəticəsi və konkret ifadəsidir. Əlbəttə, Qurtuluş məfkurəsinin milli mahiyyəti və tarixi əhəmiyyətini daha yaxşı anlamaq üçün həmin dövrdə, yəni müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi proseslərə analitik nəzər yetirmək lazımdır.

Məlumdur ki, Azərbaycan müstəqilliyin ilk illərində müxtəlif sosial-iqtisadi, ictimai-siyasi problemlərlə üzləşmişdi, vətəndaş müharibəsi təhlükəsi özünü göstərirdi. Bunun səbəbi, hər şeydən əvvəl, ölkəyə rəhbərlik edən səriştəsiz qüvvələrin, yəni o zamankı hakimiyyətin mövcud çağırışlara, dövlətin strateji əhəmiyyətli maraqlarına və xalqın mənafeyinə zidd siyasəti həyata keçirməsi idi. Bu siyasət mahiyyət etibarilə antimilli və destruktiv xarakter daşıyırdı, ölkədə dağıdıcı proseslərin şiddətlənməsini şərtləndirir, iqtisadi tənəzzülü dərinləşdirir, xaos və anarxiyanı kəskinləşdirirdi. Hətta iş o yerə çatmışdı ki, siyasi partiyalar ölkə daxilində silahlı qruplaşmalar kimi hakimiyyət və səlahiyyət savaşına çıxmışdılar. Bu isə siyasi böhranı dərinləşdirir, Azərbaycanın müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilməsinə zəmin yaradırdı. Üstəlik, belə bir şəraitdə Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər.

Bütün bunların fonunda xalqı xilas etmək, dövlət müstəqilliyinin itirilməsinin qarşısını almaq üçün qətiyyətli, vətənpərvər, xalqın və dövlətin maraqlarını hər şeydən üstün tutan Liderə ehtiyac var idi. Bu şəxsiyyət məhz Ümummilli Lider Heydər Əliyev idi.  Xalqın təkidli tələbi və o zamankı iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi  missiyasını həyata keçirməyə başladı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi düşdü. Heç şübhəsiz, Qurtuluş məfkurəsi xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi missiyasına verdiyi düzgün, ədalətli, obyektiv qiyməti əks etdirir. Ümumiyyətlə, Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç mühüm faktor üzərində qurulub: bunlardan birincisi Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevə sarsılmaz inam və etimadı, dəstəyi, ikincisi Heydər Əliyevin güclü liderlik keyfiyyətləri, əzəmətli və qüdrətli şəxsiyyəti, üçüncüsü isə Ümummilli Liderin öz xalqına məhəbbəti, dövlətə və dövlətçiliyə sədaqətidir.

Beləliklə, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardı. Ölkədə nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, parlament seçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul olundu, ölkənin dünya birliyinə uğurlu inteqrasiyasının əsası qoyuldu. Beləliklə,  Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.

- Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Bu barədə nə deyə bilərsiniz?

- Sevindirici haldır ki,  bu gün beynəlxalq müstəvidə - nüfuzlu reytinq təşkilatları, strateji araşdırma mərkəzləri, regional və qlobal institutlar, mütəxəssislər tərəfindən “İnkişafın Azərbaycan modeli” adlı fenomen təqdirəlayiq nümunə kim geniş müzakirə olunur. Bu reallıq, heç şübhəsiz, Ümummilli Liderin əsasını qoyduğu mütərəqqi siyasətin milli maraqlara və qlobal çağırışlara müvafiq surətdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində mümkün olub. Azərbaycan dünyada müsbət reputasiyaya malikdir: ölkəmiz dinamik inkişafa, möhkəm ictimai-siyasi sabitliyə malik ölkə və etibarlı strateji tərəfdaş kimi tanınır. Praqmatik iqtisadi strategiya, nümunəvi sosial siyasət, çoxvektorlu xarici siyasət kursu Azərbaycanın qüdrətini daha da artırır, ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Məhz son zamanlar müşahidə olunan pandemiya şəraiti də göstərdi ki, Azərbaycan güclü – qüdrətli dövlətdir, öz vətəndaşlarının sağlamlığı, rifahı və təhlükəsizliyini qlobal kataklizmlər şəraitində də təmin etmək iqtidarındadır. Dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə böhranı və ciddi sosial-iqtisadi problemlərlə qarşı-qarşıya qaldığı pandemiya şəraitində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi mühüm uğurlar əldə edib, bütün resursların səfərbər olunması ilə mövcud vəziyyətdən minimum itkilərlə çıxmaq imkanları yaradıb. Təsadüfi deyil ki, dövlətin pandemiya ilə mübarizə təcrübəsi də müsbət və mütərəqqi nümunə kimi beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Çünki ölkəmizdə ilk növbədə vətəndaşların sağlamlığı və xalqın təhlükəsizliyinin qorunması istiqamətində ardıcıl, məqsədyönlü, effektiv tədbirlər həyata keçirilir. Pandemiya şəraitində dövlətimizin başçısının müvafiq göstərişlərinə əsasən ən müasir texniki təchizata malik səhiyyə müəssisələri insanların sağlamlığının qorunmasına cəlb olunub. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Paytaxt Bakıda və bölgələrdə qısa müddətdə 23 laboratoriya yaradılıb, dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib ki, bunun da sayəsində testlərin yüksək səviyyədə və dəqiqliklə keçirilməsi təmin olunur. Yeri gəlmişkən, respublikamızın adambaşına düşən testlərin sayına görə dünya miqyasında ön sıralarda yer alması da ayrıca vurğulanmalıdır. Hazırda Azərbaycanda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində səhiyyə infrastrukturunun genişləndirilməsi həyata keçirilir. Artıq paytaxt Bakıda və bölgələrdə 10 modul tipli xəstəxananın tikintisinə başlanılıb. Modul tipli dörd xəstəxananın inşası tamamlanaraq Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Eyni zamanda, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində respublikamıza xaricdən ən müasir tibbi avadanlıqların gətirilməsi təmin edilir.

Bunlarla yanaşı, ölkəmizdə pandemiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərin böyük bir qismi sosial sferanı əhatə edir. Xüsusilə, öz iqtisadi imkanlarına və resurslarına arxalanan dövlət pandemiyadan zərər çəkən sahələrdə çalışanların, iş yerlərini itirən insanların, aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsinə hərtərəfli dəstək verir.

Pandemiya ilə mübarizə şəraitində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi vurğulamaq lazımdır. Daim xeyirxahlıq və humanizm fəlsəfəsinə əsaslanan mühüm tədbirlər həyata keçirən Fond pandemiya şəraitində aztəminətlı ailələrə, ehtiyacı olan şəxslərə yardım göstərməklə dövlətin vətəndaşın yanında olmaq iradəsinə ictimai dəstəyini göstərir.

Heç şübhəsiz, bütün bu işlər, ardıcıl və məqsədyönlü tədbirlər həm beynəlxalq səviyyədə, həm də Azərbaycan cəmiyyəti tərəfindən olduqca yüksək dəyərləndirilir. Bu günlərdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən dövlətimizin başçısının ünvanına gələn çoxsaylı minnətdarlıq məktublarında vətəndaşlar onların sağlamlığının və sosial müdafiəsinin qayğısına qaldığına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirir, görülən işlərə yüksək qiymət verirlər.

- Ölkəmizdə sosial-iqtisadi və digər sahələrdə mühüm islahatların həyata keçirilməsi ilə yanaşı, idarəetmədə çeviklik və effektivliyin artırılmasına, siyasi sistemin inkişafına xidmət edən məqsədyönlü addımlar atılır. Bu tədbirlərin əhəmiyyəti nədən ibarətdir?

-Azərbaycanda həyata keçirilən kompleks xarakterli, sistemli və çoxşaxəli islahatlar kursu bütün sahələrin dinamik inkişafına təkan verən, strateji əhəmiyyətə malik olan çox mühüm amildir. Heç şübhəsiz, sosial-iqtisadi müstəvidə atılan uğurlu addımlar bu gün ölkəmizin iqtisadi gücünü daha da artırır, ölkə qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. Bununla yanaşı, siyasi sistemin inkişafına xidmət edən məqsədyönlü islahatlar da ardıcıl xarakter daşıyır. Bir məqama xüsusi nəzər yetirmək istəyirəm. Belə ki, 2020-ci ilin fevralın 9-da ölkəmizdə keçirilmiş parlament seçkilərindən sonra yeni formalaşan qanunverici orqanda aparılan islahatlar siyasi sistemin yeni konfiqurasiyasının meydana çıxmasını şərtləndirib. Bəhs olunan seçkilərdən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndələrinin Milli Məclisin Sədrinin müavini, parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçilmələri bu baxımdan xüsusi qeyd edilməlidir.

Bunlarla yanaşı, institusional və struktur islahatlarının tərkib hissəsi kimi Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və şöbəyə Ədalət Vəliyev kimi çox təcrübəli şəxsin təyinatı, eləcə də yeni siyasi partiyaların qeydiyyata alınması, hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi çox böyük əhəmiyyətə malikdir. Dialoq təşəbbüsü, hər şeydən əvvəl, siyasi sistemin inkişafına töhfə olmaqla yanaşı, yeni siyasi münasibətlərin formalaşması baxımından olduqca önəmlidir. Ümumiyyətlə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə xidmət edən islahatlar davamlı xarakter daşıyır. Siyasi dialoqdan imtina edən, milli maraqlara zidd mövqe sərgiləyən marginal qruplaşmanın həyata keçirilən islahatların, eləcə də qazanılan nailiyyətlərin üzərinə kölgə salmaq cəhdləri isə fiaskoya məhkumdur.

- Elmar müəllim, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti Azərbaycanın inkişafına əhəmiyyətli töhfə verir, yeni müsbət reallıqların formalaşmasını şərtləndirir. Bu istiqamətdə atılan addımlar və əldə edilən nailiyyətlər nədən xəbər verir, ölkə qarşısında hansı perspektivlər açır? 

- Doğrudur, hazırkı mərhələdə Azərbaycanın dinamik inkişafına mühüm töhfə verən amillərdən biri uğurlu gənclər siyasətinin həyata keçirilməsidir. Azərbaycan gəncliyinin dövlətin hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunması, onların idarəetmə strukturlarında mühüm vəzifələrə irəli çəkilmələri və digər amillər ölkəmizin tərəqqisinə vacib töhfədir. Biz mütəmadi olaraq ölkə başçısı tərəfindən gənclərə müxtəlif sahələrdə böyük etimad göstərilməsinin şahidi oluruq, onlar kadr kimi müxtəlif vəzifələrə təyin olunurlar. Bu yaxınlarda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucovun Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin olunması bunun bariz nümunəsi, dövlət başçısının ölkə gəncliyinə etimadı, diqqəti və qayğısının real ifadəsidir.  Bu təyinatlar gənclikdə çox böyük ruh yüksəkliyi, yüksək təhsil almaq, əsl vətəndaş və fəal olmaq ruhu yaradır.