YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu öndər Heydər Əliyevin inkişaf strategiyası Azərbaycanın qarşısında geniş üfüqlər açır

   Milli Məclisin deputatı Ağalar Vəliyev

- Ağalar müəllim, hər bir ölkənin inkişafında iqtisadi amil əsas rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisindən irəli gələrək atdığı addımları necə şərh edərdiniz? Eyni zamanda, bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan  sahibkarlığın inkişafı istiqamətində atılan addımlarla bağlı fikirlərini bilməz istərdik…

-  29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yoluna diqqət yetirdikdə hazırkı inkişaf mərhələsinə heç də  asan şəkildə nail olmadığını görürük.   Müstəqilliyinin ilk iki ilində dərin böhran, xaos və tənəzzül  yaşayan ölkəmiz  hətta müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək  təhlükəsi ilə üzləşmişdi. Belə çətin zamanda ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi  tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının çox mühüm istiqamətlərindən birini dövrün tələblərinə uyğun səmərəli iqtisadi  siyasət və çoxşaxəli islahatlar təşkil edirdi. Həmin strateji kursun tərkib hissəsi kimi olaraq müstəqil Azərbaycanın iqtisadi inkişaf yolu islahatlar vasitəsilə liberalizm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid olaraq müəyyənləşdirildi. Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətindən bəhs edərkən qeyd etmişdi: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Şübhəsiz ki, islahatlar Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən  strateji kursun mühüm istiqaməti kimi ölkədə mükəmməl hüquqi bazanın yaradılması sosialyönümlü liberal iqtisadiyyat quruculuğuna uğurlu transformasiyanı təmin etdi,  respublikamızda özəl bölmənin inkişafına təkan oldu. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi nəticəsində qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı ki, bu da özəl sektorun inkişafının hüquqi əsaslarının formalaşması baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda, Heydər Əliyev bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzaladı ki, onların sırasında Azərbaycan  Prezidentinin 1996-cı il 17 iyun tarixli “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”, 1999-cu il 7 yanvar tarixli “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanları, 1997-ci il 24 iyun tarixli Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)” xüsusi olaraq vurğulanmalıdır. Ümummilli Liderin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin yaradılmasının ölkəmizdə liberal iqtisadiyyatın bərqərar olmasında rolu əvəzsizdir. Heydər Əliyev tərəfindən təsdiqlənən “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)” sahibkarlıq infrastrukturunun yaradılması, sahibkarlara dövlət maliyyə dəstəyi sisteminin formalaşdırılması, vergi yükünün azaldılması, onlara zəruri texniki yardım göstərilməsi və s. tədbirləri nəzərdə tuturdu. Bunlarla yanaşı, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında”, “Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlıq Şurasının yaradılması”, “Sahibkarlara Kömək Milli Fondunun yaradılması” və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” imzalanmış fərmanlar iş adamlarının hüquqlarının qorunması, bu sahənin inkişafı baxımından mühüm önəmə malik idi.

Beləliklə, 1995-ci ildən milli iqtisadiyyatımızda bərpa, 1996-cı ildən isə artım dövrü başladı. Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Qeyd  olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.

- Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Müəllifi olduğu neft strategiyası Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi nəticəsində hansı uğurlara yol açdı?

-  Ulu öndər Heydər Əliyevin  müəllifi olduğu neft strategiyasının uğurlu və səmərəli nəticələri ölkəmizin sosial-iqtisadi inkişafına təkan verən mühüm amil oldu. 1994-cü il sentyabrın 20-də Ümummilli Lider  müstəsna xidməti və səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanması sözün əsl mənasında, tarixi hadisə idi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq iqtisadiyyata inteqrasiyasını sürətləndirdi, regional əhəmiyyətli, qlobal xarakterli yeni əməkdaşlıq platformalarının yaranmasını təmin etdi. “Əsrin müqaviləsi”nin işə düşməsi ilə Azərbaycanın yeni inkişaf erası başladı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlanıldı. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Belə ki, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. “Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində çox mühüm rola malikdir. 1994-cü ildən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanması bu baxımdan xüsusi vurğulanmalıdır. Daha dəqiq desək, bu gün yeni kontraktlar imzalanır, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edir.

- Dahi şəxsiyyətin müəllifi olduğu  çoxşaxəli islahatlar strategiyasının əsas istiqamətlərindən biri torpaq islahatlarıdır. Bu islahatlarla bağlı hansı ümumiləşdirməni aparardınız?

-  Azərbaycanda MDB məkanında ilk dəfə geniş torpaq islahatı həyata keçirməklə müsbət və mütərəqqi nümunə yaratmış oldu. Ulu Öndərin 10 yanvar 1997-ci il tarixdə imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatları başlandı. Sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması sayəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək onların əkinəyararlı münbit torpaqları əhaliyə paylandı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi.

Bu islahatlar kontekstində bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan vətəndaşları heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrildilər. Bu, aqrar sektorun inkişafı baxımından çox böyük əhəmiyyətə malik idi. Bu islahatların səciyyəvi xüsusiyyətlərin biri bu idi ki, bütün vətəndaşlar harada yaşamalarından və kimliyindən asılı olmayaraq yararlı torpaqlardan istifadə və icarə hüququ qazandılar. Daha bir əhəmiyyətli amil ondan ibarət idi ki, fermerlər torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edildilər. Onların büdcəyə olan vergi borcları silindi. Bununla yanaşı, fermerlərə yanacağın güzəştli qiymətlərlə satışı, habelə fermer təsərrüfatları üçün kredit resurslarının ayrılması aqrar islahatların intensiv şəkildə davam etdirilməsinə əlverişli zəmin formalaşdırdı.

-  Ağalar müəllim, 2003-cü ildən başlanan yol  Heydər Əliyev siyasətinin təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən,  Azərbaycanın müasirləşməsinə, yeniləşməsinə xidmət edən  təkmil islahatlar növbəti dövrün mənzərəsini necə təqdim edir? 

-  Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Qeyd olunan dövrdə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da dünyada rekord göstəricidir. Ölkəmizdə müasir infrastruktur yaradılıb, sosial-iqtisadi göstəricilər təkmil islahatlar əsasında daha da diqqətçəkən olub. İqtisadi tərəqqi maliyyə imkanlarının artması ilə müşaiyət olunur. Son 16 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya yatırılıb.  Ölkəmizin valyuta ehtiyatları 52 milyard dollardan artıqdır.

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Belə ki, təkcə ötən ilin və cari ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Ötən  il 4.2 milyon insanı əhatə edən iki  sosial paket reallaşdırılıb ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində məhz ölkə vərtəndaşlarının mənafeyi və rifahının dayandığını göstərir.  Təqdirəlayiq haldır ki, pandemiya şəraitində də bu siyasət davam etdirilir. Ölkədə  məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilir  və bu istiqamətdə  məqsədyönlü tədbirlər görülür. Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planına müvafiq olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə nəzərdə tutulan  tədbirlər  ardıcıl şəkildə həyata keçirilir.  İş yerlərinin saxlanılması üzrə tədbirlər, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, kreditvermənin stimullaşdırılması və ən əhəmiyyətlisi, əhaliyə birbaşa sosial dəstək göstərilməsi bu kontekstdə xüsusi vurğulanmalıdır.

Beləliklə, bu ümumiləşdirməni apara bilərik ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası   əsasında  möhkəm bazaya malik olan  Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atır. Pandemiyadan sonrakı dövr üçün nəzərdə tutulan Tədbirlər Planı, müəyyənləşdirilən yeni iqtisadi inkişaf modeli  2020-ci ilin də dərin islahatlar ili kimi tarixə yazılacağına əsas verir.