YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ulu Öndərimiz Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərməklə öz adını tariximizə qızıl hərflərlə yazıb

   YAP Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü Şadət Nağıyev

- Şadət müəllim, məlum olduğu kimi mayın 10-da müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur. Yeni Azərbaycan Partiyasının veteran üzvlərindən biri kimi,  ilk olaraq Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci dövrü haqqında fikirlərinizi bilmək istərdik...

- Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının inkişafı uğrunda fədakarlıqla çalışıb, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi xidmətlər  göstərib.
Məlumdur  ki, hər bir dövlət güclü iqtisadiyyatı ilə inkişaf edir və beynəlxalq müstəvidə böyük nüfuza sahib olur. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində sosial-iqtisadi cəhətdən geridə qalmış Azərbaycan məhz 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə özünün intibah və tərəqqi dövrünə qədəm qoydu. Belə ki, o zaman aqrar respublika kimi keçmiş ittifaqda geridə qalan Azərbaycan Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində qısa müddət ərzində sənaye-aqrar respublikaya çevrildi. Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə böyük sənaye müəssisələri, zavod və fabriklər tikilib istifadəyə verildi. Eləcə də, kənd təsərrüfatında sıçrayışlı inkişaf baş verdi, pambıqçılıq və üzümçülük özünün pik səviyyəsinə çatdı. Mühüm məqam ondan ibarətdir ki, sovetlər dönəmində Ulu Öndərimizin yaratdığı iqtisadi potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin inkişafında müstəsna rol oynadı.

Eyni zamanda, sovetlər dönəmində Ümummilli Liderimiz respublikamızda mədəniyyətin, incəsənətin inkişafı üçün böyük işlər gördü, bir çox yaradıcı insanların, ziyalıların keçmiş SSRİ-nin ali dövlət mükafatları, orden və medalları ilə təltif olunmasına nail oldu. 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Əlbəttə ki, bütün bunlar Ulu Öndərimiz tərəfindən atılan cəsarətli addımlar idi və milli şüurun oyanışına öz təsirini göstərirdi ki, bu da müstəqilliyə gedən yolumuza işıq salırdı.

Bütövlükdə, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətinin birinci dövrü müasir tariximizin mühüm mərhələsini təşkil edir.

- Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı xilas etməsi ilə əlaqədardır. Həmin dövrü necə şərh edərdiniz?

- Azərbaycana uğurla rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti o zaman keçmiş ittifaq rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi və O, Siyasi Bürönün üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. Bu vəzifələrdə də  Heydər Əliyev yüksək naliyyətlər qazandı. Lakin SSRİ rəhbərliyinə gələn Mixail Qorbaçovun siyasətinə etiraz olaraq tutduğu vəzifədən istefa verdi. Məhz Heydər Əliyevin istefasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları baş qaldırdı, Kremlin siyasətinə etiraz edən, azadlıq mübarizəsinə başlayan xalqımıza qarşı 20 Yanvar faciəsi törədildi. Həmin dövrdə Moskvada yaşayan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə Kremlin xalqımıza qarşı törətdiyi qətliama etiraz səsini ucaltması dünyada əks səda doğurdu. Çünki Heydər Əliyev dünya miqyasında tanınmış siyasi xadim idi.

Daha sonra Ulu Öndərimiz Vətənə qayıtdı, xalqımıza ağır zamanlarda dəstək olmaq istədi. Lakin o vaxtkı hakimiyyət buna imkan vermək istəmirdi. Əslində, xalq birmənalı şəkildə Onu hakimiyyətdə görmək istəyirdi. 1990-cı illərin əvvəlində hakimiyyətdə olan qüvvələr hər vəchlə Heydər Əliyevə olan xalq sevgisinin qarşısını almaq istəyirdilər. Bunu mən öz təcrübəmdən də deyə bilərəm. Həmin illərdə mən Bakı Dövlət Universitetinin tarix fakultəsinin axşam şöbəsində təhsil alırdım. Biz tələbə yoldaşları olaraq o dövrkü siyasi prosesləri müzakirə edirdik, digər insanlar kimi biz də çətin vəziyyətdən çıxış yolu kimi Heydər Əliyevin hakimiyyətə  gəlməsində görürdük. Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı Qarabağ problemi tezliklə həll olunardı. Amma univeristetin o vaxtkı rəhbərliyi tələbələrin Heydər Əliyevə olan sevgisindən çox narahat idilər, gənclərə təzyiq göstərirdilər. Belə demək mümkünsə, onlar Heydər Əliyevin adından belə qorxurdular. Amma biz tələbələr olaraq fikirlərimizi açıq şəkildə ifadə edirdik. Çünki dediyim kimi, Azərbaycanı ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilərdi. O vaxt hakimiyyətə olan qaragüruhçu insanlar təzyiqlərini ara vermirdilər. şəxsən mənə qarşı çox təzyiqlər edilirdi. Müxtəlif bəhanələrlə    1992-ci ilin oktyabr ayında mən universitetdən xaric olundum. Amma əsas səbəb mənim Heydər Əliyevi müdafiə və təbliğ etməyimlə bağlı idi. Buna baxmayaraq, mən mübarizəmi davam etdirdim və haqq-ədalətin yanında olan müəllimlərimin dəstəyi ilə 1993-cü ilin aprelində pozulmuş hüquqlarımı bərpa etdim, universitetə bərpa olundum.

Bununla belə, mübarizəmdən dönməyərək Heydər Əliyevin ideyaları ətrafında sıx birləşmək üçün 1993-cü ildə Ulu Öndərin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıralarına qoşuldum.  Çünki bu partiya özündə Ulu Öndər Heydər Əliyevə inanan insanları birləşdirirdi və bu yolda mübarizəmizi davam etdirmək üçün   Yeni Azərbaycan Partiyasının üzvü olmaq daha geniş imkanlar yaradırdı.  

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddətdə ölkəmizi təhlükələrdən xilas etdikdən, ictimai-siyasi sabitliyi bərqərar etdikdən sonra iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atmağa başladı. Beləliklə, Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başlandı, Azərbaycan iqtisadiyyatına xarici investisiyalar yatırıldı, bu mərhələdə ilk növbədə gələcək müstəqil və güclü iqtisadi siyasətin zəminləri yaradıldı, “Əsrin müqaviləsi” imzalandı.

Eləcə də, ölkəmizdə bütün sahələr üzrə tərəqqi və intibah başladı, milli həmrəylik gücləndirildi, ilk milli Konstitusiya qəbul olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində əməli addımlar atıldı. Ulu Öndərimiz müstəqil dövlətçiliyimizin təmə prinsiplərini müəyyənləşdirərək Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndərimiz Heydər Əliyev dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlər göstərməklə öz adını tariximizə qızıl hərflərlə yazıb.

- Bu gün Azərbaycan məhz Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir...

- Bəli, bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

- Yeni mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatların ölkəmizin gələcək inkişafı baxımından əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir.
Ümumiyyətlə, islahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək.

Eləcə də, idarəetmədə, kadr və siyasi-hüquqi sahədə islahatlar da ölkəmizin inkişafına daha da təkan verəcək. Təbii ki, həyata keçirilən bütün bu tədbirlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Çünki Ümummilli Lider Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Məhz bu siyasət nəticəsində ölkəmizin bundan sonra da yeni-yeni uğurlar qazanacağı şübhəsizdir.