YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir

   Milli Məclisin deputatı Eldəniz Səlimov

- Eldəniz müəllim, məlum olduğu kimi, bütün dünya ölkələri, o cümlədən Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunub. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında fikirlərinizi bilmək istərdik…

- Bilirsiniz ki, bu gün bütün dünya koronavirus pandemiyasının təhdidi altındadır. Bəli, hazırda bütün ölkələr pandemiya ilə mübarizəyə səfərbər olunub. Belə bir şəraitdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir.

Respublikamızda ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll olunur. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib. Hazırda da bu proses davam etməkdədir.

- Bu istiqamətdə Nazirlər Kabineti tərəfindən icra olunan Tədbirlər Planının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb.

İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük maliyyə vəsaiti ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir. Bu, dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir.

Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. Ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

Hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi cəlb olunub. Əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilən digər işçilərin gəlirlərinin davamlılığı təmin edilir. Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılması, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, bu məsələyə gündəlik nəzarət edilir.

Qeyri-dövlət sektorunda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub.

Bununla yanaşı, koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi  sahibkarlara maliyyə dəstəyi göstərilir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Həmçinin COVID-19 pandemiyasının zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi planlaşdırılır.

- Belə bir şəraitdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər hansı səviyyədədir?

- Pandemiya ilə əlaqədar əhalinin məşğulluq imkanlarının artırılması da prioritet fəaliyyət istiqamətlərindən biridir. Həmin məqsədlə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilib. DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Artıq 5 min şəxs işə cəlb edilib. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və digər istiqamətləri əhatə edir.

Ümumilikdə ictimai iş yerlərinin sayı 90 minə çatıb. Qeyd edək ki, xüsusi karantin rejimi başlayanadək 38 min şəxs bu işlərə cəlb edilib və hazırda onlar işləməyə davam edirlər. İki ay müddətinə haqqı ödənilən ictimai işlər üçün dövlət büdcəsindən 30 milyon manat ayrılıb.

İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri bir neçə tədbiri əhatə edir. Bunlardan ən mühümü ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsidir. Aprelin 7-də Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib və çox qısa müddətdə, cəmi iki gün sonra ödənişlərə başlanılıb. Aprelin 9-dan 17-dək olan müddətdə ümumilikdə 140 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. Prezidentin tapşırığı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək və aprel-may aylarını əhatə edəcək.

İki ay müddətində 190 manat birdəfəlik müavinət verilməsi üçün dövlət büdcəsindən 70 milyon manat vəsait ayrılıb. Karantin müddəti uzandığı halda birdəfəlik ödəmə - 190 manat növbəti aylarda da veriləcək.

Sosial müdafiə sahəsində nəzərdə tutulan tədbirlərdən biri də işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsidir. 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək. Belə ki, işsizlikdən sığorta ödənişi ancaq vətəndaşın iradəsindən kənar olan işsizlik səbəblərindən ödənilirdi. Yəni, əgər vətəndaş öz ərizəsi ilə, yaxud onunla imzalanan müqavilənin müddəti başa çatdığına görə işdən çıxırdısa, onlara işsizlik sığortası ödənilmirdi. Hazırda bununla bağlı silsilə tədbirlər hazırlanır. Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxslərə də işsizlikdən sığorta ödəniləcək.

Tədbirlər planının digər istiqamətlərindən biri özünüməşğulluq proqramlarının genişləndirilməsidir. Bu çərçivədə 2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Bu əməkdaşlıq çərçivəsində hər il 250 ailə özünüməşğulluq proqramlarına cəlb olunacaq.

Banklarla da bu istiqamətdə əməkdaşlıq həyata keçirilir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsinə başlanılıb. Dünya Bankı ilə də başlanan birgə layihə nəticəsində hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. Həmçinin BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir.