YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

İnanırıq ki, bu çətin günlər tezliklə arxada qalacaq və Azərbaycan sürətli inkişafını davam etdirəcək

Müsahibimiz Milli Məclisin deputatı İlham Məmmədov

- İlham müəllim, məlum olduğu kimi Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da videokonfrans vasitəsilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşünün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd etmək istəyirəm ki, Türk  Şurasının fövqəladə Zirvə görüşünün COVİD-19 pandemiyasına həsr olunması çox vacib hadisədir. Zirvə görüşünün dövlətimizin başçısının təşəbbüsü ilə  keçirilməsi Azərbaycanın regionda aparıcı söz sahibinə malik olduğunu bir daha nümayiş etdirdi. Türk Şurasının Zirvə görüşünün gündəliyində yer alan məsələ bütün ölkələr üçün strateji maraq doğururdu. Prezident İlham Əliyevin Zirvə görüşündəki geniş və əhatəli çıxışında çox vacib məqamlara toxunuldu.

Bu gün bütün bəşəriyyəti öz cənginə alan koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edən ölkə Prezidenti bundan sonrada bu tədbirlərin davam etdiriləcəyini Zirvə görüşü iştirakçılarının nəzərinə çatdırdı. Zirvə görüşünün iştirakçıları Azərbaycan Prezidentinin koronovirus təhlükəsinin genişlənməsinin qarşısının alınması istiqamətində atdığı məqsədyönlü addımları yüksək qiymətləndirdilər.

Ölkəmizdə koronavirusun sürətlə yayılmasının qarşısının alınması məhz Prezident İlham Əliyevin zamanında qəbul etdiyi doğru qərarların göstəricisidir. Dövlət başçısının  göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkədə məhdudlaşdırıcı izoliyasiya tədbirlərinin və xüsusi karantin rejiminin tətbiqi yayılmanın minumum həddə salınması üçün əsas oldu. Türk Şurasının üzv dövlətlərinin rəhbərləri  Zirvə görüşü  zamanı Azərbaycan Prezidentinin bu qətiyyətli addımlarını alqışladılar.

- Hazırda ölkəmizdə koronavirusla mübarizə istiqamətində mühüm addımlar atılır. Görülən işlər hansı nəticələr verir?

- Bilirsiniz ki, hazırda bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan bu prosesdə ən öndə gedən ölkələrdən biridir. Ölkəmizdə koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir. Koronovirusun vura biləcəyi zərərin qarşısının alınması üçün dövlət başçısının tapşırığına əsasən Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir. Görülən bu işlərin fonunda vətəndaşlar karantin rejiminin qaydalarına əməl etməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində karantin rejiminə riayət edilməsinin zəruriliyini bir daha vurğulayıb. Cənab Prezident İlham Əliyev bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən  2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. Dövlətimizin başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident vətəndaşlara müraciətlə söyləyib: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”. Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışına ciddi şəkildə əməl etməlidir. Əməl olunmalıdır ki, hökümətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronovirus bəlasından tezliklə xilas ola bilək. Çünki bu problemdən, üzləşdiyimiz sınaqdan  birliyimiz və həmrəyliyimizlə xilas ola bilərik.

Müəyyən anti-milli qüvvələr koronavirusdan da öz siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Amma onların çirkin niyyətləri hər zaman iflasa məhkumdur. Oların cəmiyyətdən heç bir dəstək ala bilməməsi buna sübutdur.

- Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Bu barədə də fikirlərinizi bilmək istərdik…

- Müşavirədə dövlətimizin başçısı dərinməzmunlu çıxış etdi. Prezident İlham Əliyev qeyd etdi ki, ilin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət olub. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Cənab Prezident qeyd edib: “Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər. Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır”.

Müşavirədə dövlətimizin başçısı qeyd edib ki, əgər koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.

Ümumiyyətlə, ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət meyillərin davam etməsi üçün əsaslı gözləntiləri formalaşdırıb. Bu gözləntilər ötən yanvar-fevral aylarında özünü tam doğruldub, cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib. Müşavirədə qeyd edildiyi kimi, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə 2 milyard 40 milyon manat - proqnoz göstəricisindən 221 milyon manat və ya 12,2 faiz çox vergi və rüsumlar yığılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə 991 milyon manat - proqnoz göstəricisindən 91 milyon manat və ya 10,1 faiz çox gömrük rüsumları və idxal vergisi təmin edilib.

Ümumilikdə, dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnoza qarşı 35,9 faiz və ya 2 milyard 63 milyon manat artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5 milyard 255 milyon manat məbləğində və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Bu dövrdə qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olmuşuq. Qeyri-neft sənayesində artım 23 faiz təşkil edib. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olub.

Əlbəttə, koronavirus problemi yaranmasaydı, ölkəmiz daha böyük nəticələr əldə edə bilərdi. Şübhəsiz ki, bu çətin günlər tezliklə arxada qalacaq və Azərbaycan sürətli inkişafını davam etdirəcək.

Bütövlükdə, cənab Prezident müşavirədə bir çox məsələlərə toxundu, beynəlxalq aləmdə baş verən məsələlərə münasibət bildirdi. Eləcə də ölkəmizdə siyasi dialoqun əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı həmçinin anti-milli qüvvələrin düşmən mövqeyi haqqında da fikirlərini bildirdi. Həqiqətən də belə qüvvələrə cəmiyyətimizdə yer yoxdur, çünki onlar önlar öz dövlətinə və xalqına qarşı mübarizə aparırılar. Azərbaycan xalqı onları siyasi səhnədən birdəfəlik silib.