YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək

Müsahibimiz Milli Məclisin deputatı Rasim Musabəyov

- Rasim müəllim, məlum olduğu kimi Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur. Belə bir ərəfədə Fransanın Burq-Le-Valansa şəhərinin  meri Marlen Muryenin işğal olunmuş ərazilərimizə səfər etməsi sülh prosesinə zərbə deyilmi?

- Əslində, Fransa prezidentinin təşəbbüsü ilə nəzərdə tutulan görüşün ciddi nəticə verəcəyi inandırıcı deyil. Ona görə də, bu görüşə böyük ümidlərlə bağlamağa dəyməz. Fransanın Burq-Le-Valansa şəhərinin  meri Marlen Muryenin işğal olunmuş ərazilərinə səfər etməsinə gəlincə, Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı dövlətimizin rəsmi mövqeyini bəyan edib. Yəqin ki, Azərbaycanın Fransadakı səfirliyi də hadisə ilə əlaqədar müvafiq addımlar atacaq. Amma hansısa xırda şəhərin ermənipərəst merinin yaramaz hərəkətinə görə biz danışıqlar prosesindən imtina etməməliyik.

- Bu hadisə, prezidentlərin görüş ərəfəsində Ermənistan hakimiyyətinin təxribatı ola bilərmi?

- Ermənistan hakimiyyəti hər imkandan istifadə edərək təxribatlar törətməyə və bununla da Azərbaycanı hövsələdən çıxarmağa çalışır. Bu hadisə onların birinci provakasiyası deyil. Ona görə də, həmin səfər Ermənistan hakimiyyəti tərəfindən təşkil olunsa belə, təəccüblənməyə dəyməz.

- Son zamanlar «Freedom House», «Human Rights Watch» və Avropa Parlamenti Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirirlər. Bütün bunlar, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələr verdiyi halda, beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ problemindən yayındırmaq məqsədi daşımırmı?  

- Əlbəttə ki, həmin təşkilatlar da müəyyən qüvvələrin təsiri altındadır və sifariş yerinə yetirirlər. Səsləndirdikləri bəyanatlarda da həmin qüvvələrin mövqeyini ifadə edirlər. Amma bu qurumlar gəlib Azərbaycana təzyiq etmək imkanında deyil. Avropa Parlamentinə gəlincə, Milli Məclis bu təşkilatın qəbul etdiyi qətnaməyə sərt reaksiya verib. Həqiqətən də, bir qrup ermənipərəst deputatların təşəbbüsü ilə heç bir vəziyyətlə tanış olmayan insanlar yığışıb Avropa Parlamenti  adından sənəd qəbul edir. Hətta onlar öz səlahiyyətlərindən kənara çıxaraq sanksiya tətbiqini istəyirlər. Bu yanaşma Avropa İttifaqı ilə münasibətlərimizi pozmasa da, Avropa Parlamenti  ilə əlaqələrə xələl gətirə bilən haldır.

Qeyd etdiyim kimi Avropa Parlamentinin Azərbaycana təzyiq etmək imkanı yoxdur, təsir etmək istəyi var. Amma yaxşı olardı ki, bu təşkilat öz ərazisində insan haqlarının pozulması ilə bağlı problemlərlə məşğul olsun. Əgər Avropa Parlamenti həqiqətən ölkəmizdəki hansısa problemləri araşdırmaq istəyirsə, bunun üçün AVRONEST mövcuddur. Yəni məsələlərə ilk növbədə bu müstəvidə baxıla bilər. Lakin Avropa Parlamentinin məqsədli şəkildə ölkəmizə qarşı atdığı addımlar əməkdaşlığımıza müsbət heç nə verməyəcək. Həmin qətnaməni isə  təzyiq kimi qəbul etməyə dəyməz. Azərbaycana təzyiq göstərib nə edəcəklər? Biz onlardan nəsə yardım umuruq ki, bundan narahat da olaq. Avropa Parlamenti heç  Avropa Komissiyasına təzyiq etmək imkanına malik deyil.

Təbii ki, Azərbaycan özünün enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinə töhfələr verir. Avropa təşkilatları Azərbaycanın xoşməramlı siyasətini dəyərləndirməlidir. Bunlar, həmçinin, böyük kommersiya layihələridir və  Azərbaycanın da, Avropanın da marağı var. Yaxşı olardı ki, Avropa İttifaqı və avroparlament daha çox praqramtik, tərəflərə fayda verən məsələlərə diqqəti artırsın. Belə olduğu təqdirdə münasibətlərimiz daha da inkişaf edəcək. Real olmayan məsələlərin gündəmə gətirilməsi, lazım olmayan tövsiyələrin verilməsi əməkdaşlığın inkişafına xidmət etmir.

- Həmsədrlər danışıqlar prosesini intensivləşdirmək istəyirlər. Sizcə, bu intensivlik nəticəyə hesablanıb, yoxsa sadəcə görüntü xarakteri daşıyır?

- Avropanı Ukraynada baş verən hadisələr ayıltdı. Bilirsiniz ki, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər elə də yaxşı deyil. İndi Avropada görürlər ki, münaqişələrin həll olunmamasından Rusiya fövqəldövlət statusunu bərpa etmək üçün istifadə edir. Digər  tərəfdən isə anlayırlar ki, dondurulmuş münaqişələrin donu açılıb yeni müharibələrə səbəb ola bilər. Bu münaqişələr uzaqda deyil, Avropanın sərhədlərində baş verir. Avropada bütün bunları anlayırlarsa, münaqişələrin həlli üçün hərəkətə keçmələri müsbətdir. Ancaq düşünürlərsə ki, Azərbaycanı yola gətirib bizim birtərəfli güzəştlərimiz nəticəsində, torpaq payı vermək hesabına Dağlıq Qarabağ münaqişəsi həll ediləcək, yanılırlar. Bu, heç vaxt olmayacaq. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq. Bu məsələdə bütün xalqımız Prezidentimizin arxasındadır.

- Rasim müəllim, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının birbaşa dialoqu sülh prosesinə necə təsir edə bilər?

- Vasitəçilər hər zaman təklif edir ki, tərəfər arasında etimad mühiti yaradılmalıdır, bunun üçün ermənilərlə azərbaycanlılar görüşməli, əməkdaşlıq etməlidirlər. Biz də deyirik ki, bu etimad mühiti yaradılmalıdır. Amma nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağdan azərbaycanlı icması erməni işğalı nəticəsində öz torpaqlarından qovulub. Etimad mühiti ilk növbədə bu olmalıdır ki, Dağlıq Qarabağın azərbaycanlı icması öz doğma yurdlarına qayıtsınlar. Bunun üçün icmalar arasında etimad yaradılmalı, onlar görüşməlidirlər. Çünki Dağlıq  Qarabağın statusu və onun gələcəyi bu iki icmanın barışığı və azərbaycanlı icmasının torpaqlarına  qayıdışından keçir.