YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanın müdafiə tədbirlərini daha da gücləndirməsi zəruridir

Müsahibimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc

- Zahid müəllim, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» Sərəncam imzalayıb. Bu sərəncamın əhəmiyyəti nədən ibarətdir? 

- Dövlət başçısının imzaladığı bu Sərəncam mühüm vəzifələri  nəzərdə tutur. Fikrimcə, sənədin ən başlıca əhəmiyyəti  cəbhəyanı zonaların digər ərazi vahidlərindən fərqləndirilməsidir. Əminəm ki, bu təkcə təhlükəsizlik mənasında qəbul edilməyəcək, onun gələcək dövrdə sosial-iqtisadi tədbirlərlə də zənginləşməsi davam edəcək. Bu qərarın davamı olaraq  ümid edirəm ki, gələcəkdə cəbhəyanı zonalarla bağlı xüsusi dövlət proqramı işlənəcək. Hesab edirəm ki, bütövlükdə sərəncamın məqsədi Azərbaycanda müdafiə tədbirlərinin möhkəmləndirilməsindən ibarətdir. 
Ümumiyyətlə, sərəncam bir sıra istiqamətlərdə məsələlərin həllini nəzərdə tutur. Düşünürəm ki, gələcəkdə hökumət bu əraziləri xüsusi bir statusda müəyyən edəcək. Fikrimcə, cəbhə bölgəsində yaşayan insanların sosail müdafiəsi daha da gücləndirilməlidir. Patrul xidmətinin yaradılması çox düşünülmüş addımdır. Cəbhəyanı zonada könüllülərdən ibarət patrul dəstələrinin  mülki əhalidən təşkil olunması əhəmiyyətli tədbir olacaq. Bilirsiniz ki, avqustun əvvəlində cəbhə xəttində məlum təxribatdan sonra dövlətə, Silahlı Qüvvələrimizə  öz yardımını təklif edən çoxlu insanlarımız var. Buna paralel olaraq müxtəlif dezinformasiyalar da yayıldı. Ona görə də, bu məsələdə zəruri tədbirlərin görülməsi olduqca aktualdır. Mən şübhə etmirəm ki, patrul dəstələrinə könüllü olaraq keçmiş Qarabağ döyüşçüləri, hüquq mühafizə, təhlükəsizlik sistemində çalışmış insanlar qoşulacaqlar. Çünki onlar cəbhəyanı zonanın əhəmiyyətini daha yaxşı anlayırlar. Bu, həmçinin, hərbi strukturlarla yaxşı əməkdaşlığa malik olmaq demək olardı. 
Belə olduğu təqdirdə, müxtəlif əhali kütlələri olan yerlərdə daha dəqiq məlumatların verilməsini görə biləcəyik. Ordumuz arxasında bu cür mülki insanların dəstəyini hiss edəndə psixoloji cəhətdən daha da güclü olacaq. Ona görə də, nəzərə almaq lazımdır ki, torpaqlarımızı səngərlərdə təkcə Silahlı Qüvvələrimiz qorumur, burada eyni zamanda vətəndaş məsuliyyəti də var. Yəni bu məsələlərin vacibliyi geniş ictimaiyyətə təbliğ olunmalıdır.

- Sərəncamda bəzi qanunların da təkmilləşdirilməsi məsələsinə toxunulur. Bu baxımdan, parlamentin üzərinə hansı vəzifələr düşür? 

- Bəli, qeyd olunduğu kimi bir sıra qanunlara dəyişikliklərin edilməsi zəruridir. O cümlədən, «Hərbi vəziyyət haqqında» qanun müasir çağırışlara uyğunlaşdırılmalıdır. Çünki proseslər göstərir ki, müharibənin başlaması istisna deyil. Cəbhə xəttindəki son gərginlik bunu bir daha təsdiqlədi. Diqqət yetirək, cəbhənin bir istiqamətində lokal toqquşma baş verdi, bu hadisə cəmiyyətdə dərhal reaksiya doğurdu. Eyni zamanda, dövlətimiz öz müdafiə qabiliyyətinin daha da gücləndirilməsi ilə bağlı addımlar atır. Ehtiyatda olan insanlar hərbi toplantılara çağırılırlar, hərbi təlimlər keçirilir və s. Bütün bunlar ona görə edilir ki, torpaqlarımızın hərbi yolla azad olunması gündəmə gələrsə, buna tam hazır vəziyyətdə olaq. Bir ərazidə hərbi vəziyyətin elan olunması heç bir halda respublika üzrə hərbi vəziyyətə hazırlıq kimi dəyərləndirilə bilməz. Ən önəmli məsələ hərbi vəziyyətin konkret ərazilər üzrə tətbiq olunmasıdır ki, bu da müəyyən məhdudlaşdırıcı normaların işə düşməsi deməkdir. Praktikadan bilirik ki,  hərbi hissələri ziyarət etmək, valideynlərin öz övladlarını yoluxması əsgərlərlə təmaslar indiki şəraitdə  adi görünür. Amma hərbi əməliyyatlar zamanı bu çox önəmli məsələyə çevrilir. Çünki düşmənlə təmas xəttində məhz onlardır. Belə olan təqdirdə düşünürəm ki, ictimai-siyasi qurumların, partiyaların, eləcə də, müxtəlif təşkilatların  fəaliyyəti, o cümlədən medianın akreditasiyası ilə bağlı məsələlərin hamısı «Hərbi vəziyyət haqqında» qanunun tələbləri ilə uzaşlaşıdırılmalıdır. Biz bu yöndə parlament olaraq ciddi addımlar atmalıyıq.

- Ölkə mediasında cəbhəyanı zonalarla bağlı dəqiq məlumatların verilməsi də ciddi məsələdir. Bu baxımdan, gələcəkdə hansı adımlar atılmalıdır?

- Dövlət başçısının sərəncamında bu məsələyə də xüsusi yer verilir. Bildiyiniz kimi çap və elektron medianın üzərinə düşən vəzifələrlə bağlı Mətbuat Şurasına və müvafiq dövlət strukturlarına tövsiyələr verilib. Düşünürəm ki, ən mürəkkəb məsələ bu istiqamətdədir. Çünki bu gün internet resurslarında fəaliyyət aparmaq, informasiya məkanında yer tutmaq asan olsa da, bu məkanda dövlətin maraqlarına zidd fəaliyyət göstərənləri məsuliyyətə cəlb etmək bir qədər çətindir. Bu sahədə elə bir zəncirvari reaksiya baş verir ki, xüsusi xidmət orqanları vasitəsilə onu aşkarlamaq, həmin təxribatçı insanları məsuliyyətə cəlb etmək o qədər də asan məsələ deyil. Çünki Kanadada yerləşib, Almaniyada qeydiyyatdan keçib anti-azərbaycançı fəaliyyəti göstərmək mümkündür. Bunu aşkarlayıb məsuliyyətə cəlb etmək üçün olduqca mürəkkəbdir. Həqiqət budur ki, sosial şəbəkələrdə bu prosesi tənzimləmək çətindir. Ümumiyyətlə, yalnış məlumatların çap və elektron mediada, eləcə də sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün təbliğat işləri də güclü amildir. Ona görə də, sərəncamda bu məsələnin aktuallığı vurğulanır. 
Bilirsiniz, media təmsilçiləri bir araya gəlib müxtəlif sazişlər imzalaya bilərlər. Ancaq bunu bütövlükdə internet resurslarında necə təmin etmək olar? Ola bilər ki, müharibə gedən şəraitdə dövlət  internet resurslarının fəaliyyətini məhdudlaşdıra bilər. Amma indiki halda bilərəkdən, ya da bilməyərəkdən cəbhəyanı zona ilə bağlı yanlış məlumatların yayılmasının qarşısını almaq üçün ən doğru yol təbliğat işləridir. Eyni zamanda, cəbhə xəbərlərini Müdafiə Nazirliyi ilə razılaşdırmaq da vacibdir. Təbii ki, bununla yanaşı müəyyən məsuliyyət tədbirləri  də nəzərdə tutulmalıdır. 

- Azərbaycan hər zaman beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi təcavüzünə qarşı sərt addımlar atmağa çağırır. Belə bir şəraitdə Avropa Parlamentinin ölkəmizlə bağlı qərəzli qətnamə qəbul etməsi diqqəti Qarabağ məsələsindən yayındırmaq məqsədi daşımırmı?

- Avropa Parlamentinin son zamanlar müzakirə etdiyi məsələlərə baxsaq burada ən müxtəlif vacib məsələlərin olduğunu görərik. Məsələn, «Ebola» virusu ilə bağlı tədbirlər, bu haqda dövlətlərə tövsiyələr verən qətnamələr, Bosniya və Herseqovinaya hüquqi yardımın göstərilməsi, Avropada bank sisteminin işinə yardımlar haqqında qəbul olunmuş sənədləri göstərmək olar. Xüsusilə, təşkilat tərəfindən Ukrayna məsələsinə görə, Rusiya əleyhinə xeyli qətnamələr qəbul edilib. Bu, elə  anlama gəlir ki, Ukrayna onların timsalında ciddi müdafiə olunur. Yəni Rusiya əleyhinə qətnamələrin qəbul olunması Poroşenko hakimiyyəinin siyasətinin nəticəsi deyil, sanki beynəlxalq ictimaiyyət öz təşəbbüsü ilə Ukraynanın müdafiəsinə qalxaraq Rusiyaya qarşı qərarlar qəbul edir. 
Amma Qarabağ məsələsinə gəlincə, biz tam fərqli mənzərə müşahidə edirik. Əgər Avropa Parlamenti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar prinsipial mövqe tutaraq məsələni gündəmdə saxlasaydı, sonra isə daxili problemlərimizə toxunsaydı bunu bəlkə də anlayışla qəbul etmək olardı. Amma belə deyil. İndiki reallıqda ictimaiyyətimizi bu düşündürür ki, dünyadakı müxtəlif qaynar nöqtələrin problemləri təşkilatın  gündəliyinə milli məzmunda daxildir, amma Azərbaycanda bir fərd bütöv millətin hüququndan üstün yerə qoyulur. Yəni görünən odur ki, Leyla Yunus Avropa Parlamenti üçün torpaqları işğal olunan yüzminlərlə insandan daha «önəmlidir». Fundamental azadlıqları, ərazi bütövlüyünı, insanların öz doğma torpaqlarında yaşamaq haqqının müdafiəsini  kənarda qoyaraq, hansısa şəxsi maraqlar kontekstində qətnamə qəbul etmək Avropa Parlamentinə heç bir nüfuz gətirmir. 
Düşünürəm ki, məsələnin mahiyyətində Azərbaycanın xarici siyasətini cilovlamaq və ona təsir etmək dayanır. Xatirinizdədirsə, Prezident İlham Əliyev Avropa Şurasında çıxış edərkən ölkəmizin dünya ilə münasibətlərinin modelini ortaya qoydu. Təbii ki, bunu dünyadakı bəzi güclər həzm edə bilmir. Buna görə də, Avropa Parplamentinin timsalında bu cür qərəzli qətnamələrqəbul olunur. Bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan öz partyadaşları qarşısında bir etirafda bulundu ki, Azərbaycanın dünyada diplomatik fəallığı ermənilərdən qat-qat üstün hala gəlib və o, özləri üçün kömək istəmişdi. Avropa Parlamentinin qətnaməsi həm də, həmin çağırışın nəticəsidir. Bununla belə, hesab edirəm ki, həmin sənəd təkcə erməni  lobbisinin maraqlarının göstəricisi deyil, müəyyən güclər demokratiyadan alət kimi istifadə etmək istəyir. Onlar bu cür təzyiq göstərməklə Azərbaycanı da Rusiya əleyhinə koalisiyaya qoşmaq istəyirlər. 
Başqa bir məqam isə enerji layihələri ilə bağlıdır. Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə «Cənub» qaz dəhlizinin təməli qoyuldu. Dövlətimizin başçısı bu layihəni Azərbaycanla Türkiyənin birgə layihəsi kimi xarakterizə edib. Biz bu layihəni yeni bir formada geopolitik məkana çıxardıq. Halbuki, bəzi dövlətlər, təşkilatlar Nabukko layihəsini reallaşdırmaq istəyirdilər və bunun üçün müəyyən hədəflər müəyyənləşmişdi. Amma  Azərbaycanla Türkiyənin birliyinin nümunəsi olaraq yeni layihə reallığa çevrilir ki, bu da bəzi beynəlxalq gücləri narahat edir. Ona görə də, müxtəlif  yollarla ölkəmizə təzyiq göstərməyə çalışırlar. Amma bu gün Azərbaycan inkişafın elə  səviyyəsindədir ki, onunla təzyiq dili ilə danışmaq mümkün deyil.