YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar davamlı xarakter daşıyır

   Azərbaycan Texniki Universtitetinin rektoru, professor Havar Məmmədov

- Havar müəllim, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz bir təhsil işçisi kimi dövlətin təhsil sahəsində həyata keçirdiyi islahatları necə qiymətləndirirsiniz? 

- Təbii ki, təhsil sahəsində həyata keçirilən islahatlar yüksək qiymətləndirilməlidir. Çünki təhsil hər bir ölkə üçün strateji bir sahədir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi  təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. 
Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, o cümlədən təhsil sistemində müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması isə xüsusilə diqqətəlayiqdir. Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar ilk növbədə məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib.
Bu mənada məmnunluq hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan təhsil sahəsində müasir dövrün hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin ölkəmizdə təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, ələlxüsus da gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, müasir infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmizin, xalqımızın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 
Ölkəmizdə təhsil sahəsinə investisiyalar yönəldilməsi dünyanın inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilir. 
Ölkədə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən ən mühüm amillərdən biri isə heç şübhəsiz ki, təhsil prosesinin inkişaf etdirilməsi, təhsil şəbəkəsinin müasir infrastrukturla təmin edilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi, müasir standartlara cavab verən yeni məktəblərin tikilməsi, bu yolla təhsil ocaqlarında kontingent sıxlığının aradan qaldırılmasına, tədris mühitinin optimallaşdırılmasına nail olmaqdan ibarətdir. Bu mənada son 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Belə ki, son 10 ildə dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində də ciddi islahatlar həyata keçirilib. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Təsadüfi deyil ki, dövlət büdcəsində müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir. 
Son 10 ildə ölkəmizin təhsil sistemində əldə olunan uğurlardan biri, heç şübhəsiz ki, məktəb tikintisi ilə bağlıdır. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. 
Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. 
 Onu da xüsusi vurğulamaq istəyirəm ki, təhsil sahəsində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır. Bu mənada “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi nəticəsində bu sahədə yeni-yeni nailiyyətlər əldə ediləcək. 

- Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası prosesi hansı səviyyədədir? Bu sahədə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

- Əlbəttə ki,  aparılan islahatların başlıca məqsədlərindən biri ölkəmizin təhslini, dünya, o cümlədən Avropa təhsil sisteminə uyğunlaşdırmaq, inteqrasiya etməkdir. Şübhəsiz, bu istiamətdə də ciddi nəticələr əldə olunur. 2006-cı ildən Azərbaycan Respublikasının ali məktəbləri Boloniya prosesinə qoşulmuşlar. 
Bilirsiniz ki, vahid təhsil məkanı formalaşdırılır, təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin təşkilini reqlamentləşdirən normativ sənədlər işlənib hazırlanır. Ali təhsil sisteminin Bolonya prosesi kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin yüksəldilməsinin və nəticələrinin tanınmasının əsas istiqamətlərindən biri də tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya texnologiyalarının tətbiqidir. Təhsildə informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar həll olunmalı məsələlərin dairəsi genişdir. Təhsildə yeni tədris texnologiyaları açıq və distant təhsil üçün informasiya tədris vasitələrinin yaradılmasını, asinxron tədris texnologiyalarının tətbiqini, elektron dərsliklərin, təhsil portallarının yaradılmasını və multiagentli texnologiyalardan istifadə tələb edir. Bu mənada ölkə təhsilinin Avropa təhsil sisteminə inteqrasiyası prosesində ciddi nəticələr əldə olunmaqdadır və bu yöndə işlər uğurla davam etdirilməkdədir. 

- Havar müəllim, Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqqında nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır. Təsadüfi deyil ki, bu gün həyata keçirilən dövlət siyasətin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Ümumiyyətlə, Azərbaycanda gənclər dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. 
Bu gün də Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. 
Mən dövlət gənclər siyasətinin əhəmiyyətini faktlara əsasən vurğulamaq istəyirəm. İlk olaraq, 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı. Qeyd edim ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Milli Məclis tərəfindən isə «Dövlət gənclər siyasəti haqqında» qanun qəbul olundu. 
Qeyd etdiyim kimi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edilərək həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi. 
Xüsusilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadi problemlərin həllinin təmin edilməsinə xidmət edir. Sərəncamda da bu reallıq öz əksini tapıb ki, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Yəni, qəbul olunan proqramda gənclərlə bağlı bütün həlli vacib məsələlər öz əksini tapıb. 
Eyni zamanda, ölkə Prezidentinin 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.

- Sizcə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” perspektiv üçün nələr vəd edir? 

- Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar təhsilin keyfiyyətinin yaxşılaşması və peşəkarlıq səviyyəsinin yüksəlməsinə töhfə verir. Digər tərəfdən, azərbaycanlı gənclərin dövlət hesabına xarici ölkələrdə təhsilini nəzərdə tutan dövlət proqramının icrası da uğurla davam edir. Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı 10 mindən artıqdır. Təhsilini başa vuran gənclərimiz isə ölkəyə qayıdaraq müxtəlif sahələrdə peşəkar fəaliyyətlərilə respublikanın inkişafına töhfələrini verir.
Bu mənada qeyd etdiyiniz Dövlət proqramı xüsusilə əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu proqram böyük insan kapitalının yetişməsi baxımından çox mühümdür.  Təbii ki, xaricdə təhsil alıb yüksək biliklərə yiyələnən gənclərimiz təhsilini başa vurandan sonra qayıdıb dövlətimizə xidmət göstərməlidirlər. Diqqət çəkən məqamlardan biri odur ki, proqram əsasında təhsil alan gənclərin ən çox seçdiyi ixtisaslardan biri mühəndislikdir.  İqtisadiyyatı sürətlə inkişaf edən ölkənin mühəndislərə böyük ehtiyacı var. Biz də universitet olaraq proqram üzrə təhsil alan gəncləri işə dəvət edirik. 

- Havar müəlim, bu gün Bilik günüdür, ölkəmizdə yeni tədris ili başlayır. Rəhbərlik etdiyiniz Azərbaycan Texniki Universiteti yeni tədris ilinə necə hazırlaşıb? 

- Bilik günü Azərbaycanda böyük bayram kimi qeyd olunur. Bu, bir ənənəyə çevrilib. Bilik günü hər il olduğu kimi bu ildə bizim universitetdə də qeyd edilib. Biz ötən dövr ərzində ali məktəbin maddi-texniki bazasınını gücləndirilməsinə xüsusi önəm vermişik. Çünki maddi-texniki bazası zəif olan, labortoriyaları olmayan ali məktəblərdə yüksək ixtisaslı kadr hazırlığından söhbət gedə bilməz. Bilirisiniz ki, dövlətimiz ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinin artırılmasına, eləcə də universitetlərinin binalarının əsaslı təmirinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsi olaraq universitetimiz də ciddi nəticələr əldə etməkdədir. 

- Havar müəlim, sonda universitetin beynəlxalq əlaqələri ilə bağlı məlumat verməyinizi xahiş edirik... 

- Beynəlxalq əlaqələrimizə gəlincə, bu istiqamətdə də geniş fəaliyyət həyata keçiririk. Azərbaycan təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması prosesi artıq dönməz xarakter alıb və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu prosesin önündə gedən universitetlərdən biri kimi Azərbaycan Texniki Universitetində də mühüm işlər yerinə yetirilir. Universitetimiz beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bütün təklifləri dəyərləndirir və bir çox hallarda münasibətlərin formalaşdırılmasında aparıcı rol oynayır. 
Universitetimiz müxtəlif beynəlxalq layihələrdə iştirak (tədris, elm, mübadilə və s.) edir. AzTU-da son  illərdə bir neçə tədris layihələri (TEMPUS) yerinə yetirilib. Hal-hazırda AzTU-da ondan artıq tədris layihəsi yerinə yetirilir ki, bunlardan  «TEMPUS», «KOİCA», «NRF», «Paris-Tech», «DAAD», «ATF» (DGF), «İskratel», ETAP- General Electric (GE)-AzTU və s. kimi layihələri xüsusi qeyd etmək istərdim. Bu layihələrə uyğun olaraq biz geniş beynəlxalq əməkdaşlıq edirik, tədrisin müasir texnologiyaların tətbiqi ilə qurulmasına çalışırıq. Məsələn, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlığı sayəsində bizim universitet “AzTU-da elektron təhsil sisteminin yaradılması layihəsini uğurla başa çatdırdı. Bu tədris ilindən “kağızsız texnologiyalara” əsaslanan yeni sistemin tətbiqinə başlayacağıq. Universitetimizdə təhsilin elektronlaşması ilə yanaşı, elektron sənəd dövriyyəsi, distant təhsil və s. kimi yeniliklərin də tətbiqinə çalışacağıq.
Universitetimizdə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına da xüsusi diqqət yetirilir. Universitetimizin dünyanın 100 –dən artıq universitetləri ilə əməkdaşlıq müqavilələri var. Bu müqavilələr çərçivəsində birgə layihələr yerinə yetirilir, tələbə-müəllim mübadilələri həyata keçirilir, birgə konfranslar və işçi görüşlər təşkil olunur. Bununla yanaşı universitetimiz bir sıra beynəlxalq assosiasiyaların da üzvüdür (Xəzəryanı Dövlət universitetləri assosiasiyası, Qara dəniz hövzəsi universitetləri assosiasiyası, MDB Texniki Universitetlər assosiasiyası və s.).
Universitetimizdə bir neçə “ERASMUS MUNDUS” və “MEVLANƏ” mübadilə layihələri həyata keçirilir. 2014/15 tədris ilində universitetimizin 20-yə yaxın tələbəsi bu layihələrdən yararlanaraq təhsillərini bir və ya iki semestr müddətində Avropanın aparıcı ali məktəblərində davam etdirmək hüququ qazanmışlar. Bu istiqamətdə işimizi daha intensiv şəkildə davam etdirmək əzmindəyik.
Bütün bunlarla yanaşı xarici ölkələrin vətəndaşlarının universitetimizdə təhsil almalarına diqqətlə yanaşırıq. Onlara lazımi şəraitin yaradılmasına çalışırıq. Hal-hazırda universitetimizdə 250-dən artıq əcnəbi tələbələr təhsil alır, lakin xarici tələbələrin sayının artırılması istiqamətində səylərimizi artırmalı, universitetimizin potensialından daha geniş istifadə etməliyik. 
Beynəlxalq əlaqələrimizin əsas istiqamətlərindən biri də professor-müəllim heyətinin mübadiləsidir. Müxtəlif layihələrdən yararlanaraq bu istiqamətdə də işlərimizi davam etdiririk, belə ki, Türkiyədən, Almaniyadan, İsveçdən, Polşadan və Bolqarıstandan olan yüksək ixtisaslı mütəxəssisləri AzTU-da tədrisə cəlb edirik. Bizim universitetin müəllimlərinin də adı çəkilən universitetlərdə mühazirələr oxumasına, elmi tədqiqat işləri yerinə yetirməsinə şərait yaradırıq.