YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Səhiyyə sahəsində həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsidir

   Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov

Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədovun  “Azərbaycan” qəzetinə müsahibəsini təqdim edirik

 

- Əli müəllim, son vaxtlar insanları düşündürən məsələlərdən biri icbari tibbi sığortanın tətbiqidir. Bu sahədə vəziyyət necədir, hansı işlər görülür?

- İcbari tibbi sığorta ilə əlaqədar cəmiyyətin həssaslığı tamamilə başadüşüləndir. İnsanlarda belə bir fikir formalaşıb ki, əhaliyə tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ən təsirli addım icbari tibbi sığortaya keçid ola bilər. Bu, hər şeydən əvvəl, səhiyyə xidmətinin keyfiyyətinin artırılması zərurətindən irəli gəlir. Azərbaycanda bütün sahələrdə ciddi islahatlar həyata keçirilir, yaşayış standartları dəyişir və bu kontekstdə səhiyyə xidmətinin keyfiyyətinə də tələbat təbii olaraq yüksəlir. Sirr deyildir ki, göstərilən tibbi xidmətlər heç də həmişə lazımi keyfiyyətdə olmur.

İcbari tibbi sığorta ilə bağlı cəmiyyətdə müşahidə olunan gözləntilər həm də onunla əlaqədardır ki, insanların əksəriyyəti dünyanın bütün ölkələrində sözügedən sistemin fəaliyyət göstərdiyindən xəbərdardır. Hər kəs məntiqi olaraq düşünür ki, bir halda, bütün dövlətlər icbari tibbi sığorta yoluna keçiblər, deməli, Azərbaycanın səhiyyəsi də bu mexanizmdən kənarda qalmamalıdır.

Məlumat üçün bildirmək istəyirəm ki, icbari tibbi sığorta sisteminə keçirilməsi zəruriliyi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur. Ötən müddət ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar bir çox ciddi islahatlar həyata keçirilmişdir. Hər şeydən əvvəl, səhiyyə infrastrukturunun köklü surətdə yeniləşdirilməsini qeyd etmək yerinə düşər. Bu gün Azərbaycanda onlarla ən yüksək standartlara cavab verən müalicə müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlarla təchiz edilib. Regionlarda müasir diaqnostika mərkəzlərinin yaradılması, hesab edirəm, ölkəmizdə sosial siyasətin mahiyyətini əks etdirən bariz misaldır. Digər bir misal kimi əhalinin dispanserizasiyasını göstərmək olar. Bütün tənqidlərə və iradlara baxmayaraq səhiyyə xidmətinin keyfiyyəti yaxşılaşıb. Vaxtilə tamam boş qalan müalicə müəssisələrinə müraciət edənlərin sayı çoxalıb, ən mürəkkəb müayinə və müalicələrin həyata keçirildiyi xəstəxanaların sayı artmaqdadır. Əhalinin sağlamlıq göstəriciləri yaxşılaşıb, uşaq ölümləri azalıb, orta ömür uzanıb. Tam mübaliğəsiz deyə bilərəm ki, səhiyyə sahəsində son illərdə həyata keçirilən bütün islahatlar Prezident İlham Əliyevin xüsusi qayğı və diqqəti sayəsində mümkün olmuşdur. Sadəcə bir misal çəkmək istəyirəm. 2006-cı ildə səhiyyəyə büdcədən ayrılan vəsait 169 milyon manat idi, 2014-cü ildə isə 700 milyon manatı ötmüşdür. 8 il ərzində səhiyyəyə ayrılan büdcə vəsaitləri 4 dəfədən çox artıb. Bu, həqiqətən, möhtəşəm irəliləyişdir.

 

Səhiyyədə yeni sistemə keçid artıq obyektiv zərurətə çevrilib

Qeyd etmək istədiyim digər bir məqam dünyanın müxtəlif ölkələrində təhsil almış yüksək ixtisaslı həkimlərin artıq Azərbaycana qayıtmasıdır. Onlar həm peşə hazırlığı, həm də mənimsədiyi digər keyfiyyətləri ilə ölkəmizdə səhiyyə xidmətini yeni pilləyə qaldırmağa qadir, növbəti səhiyyə islahatlarına əhəmiyyətli töhvə verə biləcək yeni nəsil mütəxəssislərdir.

Dediklərim məcmu halında icbari tibbi sığortaya keçid istiqamətində reallaşan ciddi islahatlar olub, səhiyyə sahəsində yeni sistemə keçidin etibarlı əsasını yaradır.

Əlavə olaraq onu da ayrıca vurğulamaq istəyirəm ki, bütövlükdə cəmiyyət, o cümlədən səhiyyə ictimaiyyəti də icbari tibbi sığortaya keçidin zəruriliyini, bəlkə də deyərdim, qaçılmazlığını dərk edir. Bir növ, səhiyyədə yeni sistemə keçid artıq obyektiv zərurətə çevrilib.

Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir. Dünya Bankının nümayəndələri ilə birgə layihələr qarşıya qoyulan vəzifəyə çatmaqda bizə zəruri kömək göstərir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik. Ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı. Qarşıda çox ciddi islahatların dayandığını dərk etməliyik.

 

İcbari tibbi sığortaya keçid səhiyyə xidmətinin fəlsəfəsini dəyişəcək

- İcbari tibbi sığortaya keçid səhiyyə sahəsində nəyi dəyişəcək? Sadə şəkildə desək, adi insanın həyatı üçün onun faydası nədən ibarət olacaq?

- İcbari tibbi sığortaya keçid hər şeydən əvvəl, indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər, fəlsəfəsini dəyişəcək. Əhaliyə səhiyyə xidmətinin təşkili, onun lazımi səviyyədə maliyyələşdirilməsi hər bir müasir dövlətin başlıca vəzifəsidir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Söhbət xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. İcbari tibbi sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir.

İcbari tibbi sığorta mahiyyət etibarı ilə səhiyyənin maliyyələşməsinin fərqli formasıdır. İcbari tibbi sığorta şəraitində səhiyyə müəssisəsi ilə pasient arasında münasibətlər, sadə şəkildə desək, alqı-satqı münasibətləri sferasına cəlb edilir. Müalicə müəssisələri səhiyyə xidmətlərinin satıcısı, icbari tibbi sığorta sistemi isə pasientlər üçün həmin xidmətlərin alıcısı rollarını oynayır.

Hazırkı şəraitdə dövlət tibbi müəssisələri büdcədən maliyyələşir və bunun müqabilində pasientlərə bütün zəruri tibb xidmətləri göstərilməlidir. Lakin tibb müəssisəsində belə bir yanlış fikir formalaşıb ki, onlar vətəndaşlara sanki “pulsuz” xidmət göstərir. Səhiyyə müəssisəsi, həkimlər və tibb personalı “unudur” ki, xəstəxanaya büdcədən vəsait ayrılması, xəstəxananın xərclərinin büdcə vəsaitləri hesabına qarşılanması mahiyyət etibarı ilə insanlara göstərilən xidmətlərə görə ödənən haqdır. Belə yanlış qavrama ona görə meydana gəlib ki, müalicə müəssisəsi ayrılan büdcə vəsaitini, həkim və tibbi personal isə maaşlarını göstərdiyi konkret xidmətə və onun keyfiyyətinə görə deyil, sadəcə, fəaliyyət göstərdiyinə görə alır. Həkim və tibb personalı tibbi xidmət göstərdi ya göstərmədi, yaxşı və ya pis xidmət göstərdi, fərq etmir, əməkhaqqını alır. Eləcə də tibb müəssisəsi. Müraciətlər olur ya yox, fərq etməz, bütün zəruri xərclər, o cümlədən personalın əməkhaqqı ödənilir. Bunun sayəsində istər səhiyyə müəssisəsi olsun, istər həkim, ona müraciət edən vətəndaşa göstərdiyi xidməti onun boynuna, yumşaq şəkildə desək, bir “minnət” kimi qoyur. İcbari tibbi sığorta sistemi hər şeydən əvvəl, səhiyyədə müşahidə edilən bir çox problemlərin səbəbi kimi çıxış edən bu münasibəti dəyişdirmək məqsədi daşıyır. İcbari tibbi sığorta sistemində nə tibb müəssisəsi, nə də tibb personalı ona müraciət edən vətəndaşın boynuna minnət qoya biləcək. İstər tibb müəssisəsi olsun, istərsə də həkim, dərk etməli olacaq ki, aldığı vəsait və ya məvacib göstərdiyi xidmətə görə vətəndaşın və ya onun əvəzinə dövlətin artıq konkret olaraq, buna diqqət vermək lazımdır, tibb müəssisəsinə ödəmələrindən asılıdır.

Paralel olaraq rollar da dəyişəcək: indi vətəndaş ödədiyi (və ya dövlətin konkret onun üçün ödədiyi) haqqın müqabilində ona keyfiyyətli xidmət göstərilməsini tələb edə biləcəkdir. Bir yandan dövlətin ayırdığı vəsait daha səmərəli istifadə olunacaq, digər yandan isə neqativ hallar aradan qalxacaq. Həkim sadəcə, işlədiyinə, işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə və onun keyfiyyətinə görə maaş alacaq. Səhiyyə müəssisəsinin maliyyələşməsi də eyni prinsip əsasında həyata keçiriləcək. Nəticədə səhiyyə üçün ayrılan dövlət vəsaiti hesabına daha çox sayda pasientə daha keyfiyyətli tibbi xidmət göstərmək mümkün olacaq. Bax bu, ayrıca vurğulamaq istəyirəm, icbari tibbi sığorta sisteminin ikinci mühüm mənası, daha doğrusu, üstünlüyü sayılmalıdır.

İcbari tibbi sığorta sistemində həm səhiyyə müəssisələri, həm də həkimlər arasında sağlam rəqabətin yaranması qaçılmazdır. Vətəndaşlar harada daha yaxşı tibbi xidmət göstərilir, oraya müraciət edəcək, hansı həkim daha peşəkardır onun yanına gedəcəklər. Bu sistemdə pis həkim, pis səhiyyə müəssisəsi anlayışları qısa vaxtda sıradan çıxacaq. Yüksək keyfiyyətli tibbi xidmət səhiyyə müəssisəsinin və həkimin gəlirlərinin kəmiyyətini müəyyən edəcəkdir və bunun nəticəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yaxşılaşmış olacaqdır. Qeyd etdiyim sonuncu hal icbari tibbi sığorta sisteminin insanlara bəxş etdiyi digər çox vacib üstünlükdür.

 

3-3,5 milyon insan icbari tibbi sığorta ödəmələrindən azad olacaq

- Qeyd etdiniz ki, icbari tibbi sığorta səhiyyənin maliyyələşməsinin yeni mexanizmidir. Bəs maliyyələşmənin mənbələrində hər hansı dəyişikliklər baş verəcəkmi?

- Etiraf etmək lazımdır ki, istənilən layihə maliyyələşməsi yetərli olduğu halda uğurlu alınır. Azərbaycanda səhiyyə dövlət tərəfindən maliyyələşir. Dövlətin maliyyə imkanları arqtıqca səhiyyəyə ayrılan büdcə vəsatinin həcmi də artırılır. Son illərdə səhiyyəyə ayrılan büdcə vəsaitinin artım tempi kifayət qədər yüksək olub. Bu tempin gələcəkdə də saxlanacağına ümid edirəm. İndi özəl tibb müəssisələri şəbəkəsi yaranıb sürətlə inkişaf edir və bu kanal vasitəsi ilə əhali səhiyyə xidmətlərinə ödəmələr edir. Səhiyyənin maliyyələşməsində bu yeni forma öz mövqelərini getdikcə gücləndirir.

 İcbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı, bu dəfə sığorta sistemi vasitəsi ilə, yenə də əsasən büdcənin üzərinə düşəcək. Bu, hər şeydən əvvəl, dövlətin sosial öhdəlikləri ilə əlaqədardır. Lakin səhiyyə xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması zərurəti maliyyələşmənin yeni mənbələrinin axtarılıb tapılmasını tələb edir. Vətəndaşların icbari tibbi sığortalanması bu mənada mühüm əlavə maliyyə mənbəyi kimi nəzərdən keçirilə bilər. Eynilə işəgötürənlərin də öz işçiləri üçün tibbi sığorta ödəmələrini həyata keçirməsi kimi vacib mənbə nəzərə alınmalıdır.

İcbari tibbi sığorta bütövlükdə sosial sığortanın bir növüdür və burada münasibətlər həmrəylik prinsipi əsasında qurulub. Qeyd etdiyim kimi, maliyyələşmənin əsas ağırlığı büdcənin üzərinə düşəcək. Başqa sözlə, bu gün səhiyyəyə ayrılan büdcə vəsaitinin müvafiq hissəsi icbari tibbi sığorta fonduna istiqamətlənəcək. Bununla yanaşı, vətəndaşların və işəgötürənlərin də icbari tibbi sığorta fondunun formalaşmasında rolu təmin edilməlidir.

İşəgötürənlərin icbari tibbi sığorta fondunun formalaşmasında iştirakı belə bir həqiqətin dərk edilməsinə əsaslanır ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsinə çəkilən xərcdən baha başa gəlir. Bü gün öz işçilərinin müalicə xərclərini ödəyən iri işəgötürənlərin sayı getdikcə artmaqdadır. Mütəşəkkil formada icbari tibbi sığortalanmanın həyata keçirilməsi konkret işəgötürənin öz işçilərinin müalicəsi ilə əlaqədar xərclərini xeyli azaldır. Hesab edirəm ki, işəgötürənlər əməkhaqqının 2 - 2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısı ilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar.

Vətəndaşlara gəldikdə isə, onların həmrəylik prinsipinin əhəmiyyətini lazımınca qiymətləndirəcəyinə inanıram. Hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır. Əgər dövlət vətəndaşın sağlamlığının qorunması üçün böyük vəsaitlər xərcləyirsə, imkanı olan vətəndaşın icbari sığorta ödəmələrindən boyun qaçırması ən azından, başa düşülməz. Əvvəla, insan özü öz sağlamlığının qayğısına qalmalıdır və bu qayğının bir ifadəsi də icbari tibbi sığorta fondunun formalaşmasında iştirak etməkdir. Etiraf edək ki, əməkhaqqının 1-2 faizinin icbari tibbi sığorta fonduna köçürülməsi ailə büdcəsinə elə də böyük yük olmaz. İkinci tərəfdən, bununla hər bir vətəndaş böyük xərclər çəkmədən özünün və ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olur. Hamıya aydın olmalıdır ki, icbari tibbi sığorta haqlarını intizamla ödəməklə insan sağlamlığı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmaq üçün daha artıq xərclərdən sığortalanmış olur. İcbari tibbi sığortanın mahiyyəti elə bundan ibarətdir. Bunu cavan da, yaşlı da dərk etmək zorundadır. Əgər cavan bir insan illərlə həkimə müraciət etmirsə, bu onu icbari sığorta ödəməsindən boyun qaçırmağa sövq etməməlidir. O, bu gün daha çox müalicəyə ehtiyacı olan insanlara yardım edir ki, özü yaşlananda həkimə zəruri çoxsaylı müraciətlərinin cavan və səhiyyə müəssisələrinə müraciət etməyən əhalinin icbari sığorta ödəmələri vasitəsi ilə qarşılanmasına mənəvi haqqı çatsın.

Burada bir cəhəti xüsusi qeyd etməyi vacib sayıram. Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir.

Səhiyyədə müşahidə olunan ümumi meylin biri ondan ibarətdir ki, tibbi xidmətlər bahalaşır. Müasir avadanlıqlar, dərman vasitələri və s. tibbi ləvazimatlar və ya alətlər təkcə keyfiyyəti ilə yox, həm də qiymətinin baha olması ilə fərqlənir. Deməli, müalicənin bahalaşması qaçılmazdır. Dünyanın bütün ölkələrinin qarşılaşdığı bu problem Azərbaycanda özünü göstərməyə bilməz. Çalışmaq lazımdır ki, səhiyyə maliyyə qıtlığı hiss etməsin və ya həddən artıq çox hiss etməsin. İcbari tibbi sığortaya dövlətlə yanaşı, insanlar və bütünlükdə cəmiyyət nə qədər həssas yanaşsalar, keyfiyyətli tibbi xidmətin maliyyə əsası da o qədər etibarlı olar.

 

Yeni islahatla səhiyyənin maliyyələşmə və idarəedilməsində yeni metod tətbiq ediləcək

- Əli müəllim, icbari tibbi sığortaya keçid səhiyyə sahəsində daha hansı islahatlara təkan verəcək?

- Sualınızla əlaqədar iki məqamı vurğulamaq lazım gəlir. Birincisi ondan ibarətdir ki, səhiyyə sahəsində islahatlar aparılır, yeniliklər tətbiq edilir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək. İkincisi isə mahiyyət etibarı ilə icbari tibbi sığortaya keçid səhiyyə sahəsində ən mühüm islahatdır. Bununla səhiyyə təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodunu tətbiq etməyə başlayacaq. Mövcud şəraitdə başlıca göstərici səhiyyə müəssisələrinin (söhbət dövlət səhiyyə müəssisələrindən gedir) mövcudluğu və onların fəaliyyət göstərməsidir. Lakin bu fəaliyyətin keyfiyyəti, səmərəliliyi və nəticəsi həlledici göstərici sayılmır. 

Səhiyyə müəssisəsinin dövlətin ayırdığı vəsait hesabına indiki formada maliyyələşməsi onun fəaliyyətində kreativ yanaşmalara, daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə və s. stimul yeri qoymur. Təqdim olunan xidmətin keyfiyyətindən asılı olmayaraq səhiyyə müəssisəsi ayrılan dövlət vəsaitini alır, həkimlərin və tibb personalının məvacibləri isə vaxtlıvaxtında ödənilir. Nəticədə səhiyyə müəssisəsində bir növ, arxayınçılıq ab-havası yaranır. İcbari tibbi sığortaya keçid bu ab-havanı birdəfəlik sındırır, çünki səhiyyə müəssisəsi göstərdiyi xidmətin kəmiyyətinə və keyfiyyətinə müvafiq olaraq maliyyələşəcək. İndi artıq hər manatı qazanmaq lazım gələcək. Deməli, səhiyyə müəssisəsinin idarə olunması prinsip etibarı ilə dəyişəcək. Xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi “baş həkim” rolu “menecer baş həkim” rolu ilə əvəzlənəcək.

Bir çox ölkələr səhiyyə müəssisələrinin fəaliyyətindəki bu dəyişiklikləri xəstəxanaları özəlləşdirmək vasitəsi ilə həyata keçirirlər. Hesab edirəm ki, Azərbaycanda dövlətin böyük qayğısı nəticəsində səhiyyənin infrastrukturu əsaslı surətdə yeniləşib, müasirləşib, bu səbəbdən də onların özəlləşməsinə ciddi ehtiyac yoxdur. Yaxın gələcəkdə belə bir ehtiyacın yaranacağı da inandırıcı görünmür. Lakin dövlət səhiyyə müəssisələrinin hüquqi mənsubiyyətini dəyişdirmədən onların idarə edilməsində köklü dəyişiklik edilməlidir. Xəstəxanalar özünü maliyyələşdirən hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.

Deyilənlərin fonunda səhiyyə inzibatçılığının sadələşdirilməsi gündəliyə çıxmalı olacaq. İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər.

İcbari tibbi sığorta sistemi istər-istəməz tibbi xidmətlərin optimal qiymətlərinin müəyyən edilməsi tələbini irəli sürür. Tibbi xidmətləri satan səhiyyə müəssisəsi ilə onu alan icbari tibbi sığorta təşkilatı arasında münasibətlər bu qiymətlər müəyyən edilmədən mümkün deyil. Tibbi xidmətlərin qiymətlərinin müəyyənləşməsi müvafiq müayinə və müalicə standartlarının (protokolların) təsdiq edilməsini nəzərdə tutur. Belə standartlar (protokollar) olmadan müayinə və müalicə həkimin şəxsi qərarı əsasında aparıldığından konkret müayinə və müalicə zamanı heç də lazım olmayan xidmətlərin göstərilməsi, dava-dərmanın təyin edilməsi ehtimalı yüksək olur. İcbari tibbi sığorta zamanı standartlarsız (protokollarsız) müayinə və ya müalicə süni surətdə onların qiymətlərinin şişirdilməsi imkanları yarada bilər. Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan standartlar həkimlərin fəaliyyətini zəruri bir çərçivə içərisinə salır və lüzumsuz təyinatlar və deməli, qiymətlərin süni surətdə şişirdilməsi imkanları da aradan qaldırılır. Standartların hazırlanıb qəbul edilməsi böyük vaxt və zəhmət tələb etsə də, bunlarsız keçinmək qeyri-mümkündür. Bu sahədə müxtəlif ölkələrdə böyük təcrübə toplanıb, Ümumdünya Səhiyyə Təşkilatının mütəmadi olaraq ayrı-ayrı xəstəliklərin müalicəsi ilə əlaqədar hazırladığı təlimatlar da mövcuddur. Azərbaycanın Səhiyyə Nazirliyində protokolların təsdiq edilməsi sahəsində işlər aparılır. Lakin qeyd etdiyim kimi, bu, əməktutumlu işdir və xeyli vaxt tələb edir.

Səhiyyə elə bir sahədir ki, orada islahatlar daimidir. Səhiyyə sahəsində həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsi kimi qəbul edilir. İnsanlar səhiyyə islahatlarının daha ardıcıl surətdə davam etdiriləcəyinə və müsbət nəticələr verəcəyinə səmimi şəkildə inanırlar.