YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanla Türkiyənin münasibətləri yüksələn xətlə inkişaf edir

   Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov

- Siyavuş müəllim, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyədə səfərdə oldu, Ədalət və İnkişaf Partiyasının növbəti qurultayında iştirak etdi. Partiyalar arasında münasibətlərin gələcək perspektivləri haqqında nə deyə bilərsiniz?

- Yeni Azərbaycan Partiyası ilə  Türkiyənin Ədalət və İnkişaf Partiyasının çox geniş əlaqələri var. Partiyalarımızın müxtəlif qolları da sıx əməkdaşlıq edirlər. Belə ki, partiyaların qadınlar, gənclər təşkilatları və yerli strukturlarının da yaxşı münasibətləri mövcuddur. Bu yaxınlarda AKP-nin qurultayında YAP nümayəndə heyətinin iştirak etməsi də münasibətlərimizin yüksək olmasının göstəricisidir. 
Bilirsiniz ki, Türkiyə Respublikasının Konstitusiyasına əsasən dövlət başçısı partiya sədri ola bilməz. AKP-nin lideri Rəcəb Tayyib Ərdoğan prezident seçildiyi üçün partiyaya yeni sədrin seçilməsi qurultayın gündəliyində dayanırdı. Beləliklə, qurultayda  Əhməd Davudoğlu AKP-nin yeni sədri seçildi. Toplantı çərçivəsində  YAP nümayəndə heyətinin üzvləri olaraq AKP-nin yeni rəhbərliyi ilə görüşərək gələcək fəaliyyətlərində uğurlar arzuladıq. Eyni zamanda, partiyalar arasında əlaqələrin gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyənin yeni  prezidenti Rəcəb Tayyib Ərdoğanın  ilk xarici rəsmi səfərini Azərbaycana etməsi də çox təqdirəlayiq haldır. 

- Sizcə, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərinin ölkələr arasında əlaqələrin daha da güclənməsi baxımından əhəmiyyəti nədən ibarətdir? 

- Təbii ki, bu səfər Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətt üzrə inkişafının göstəricisidir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətlərini ən gözəl xarakterizə edən Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamıdır. Tarix göstərir ki, hər zaman xalqlarımız və cəmiyyətimiz bu mövqedən çıxış edərək bir-birinin köməyinə çatıblar. Ümumiyyətlə, ölkələr arasında tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. 
Mühüm məqamlardan biri də budur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regional və beynəlxalq təhlükəsizliyə müstəsna töhfələr verir. Bu, xüsusilə də, hər iki dövlətin iştirakı ilə reallaşdırılan enerji layihələrinin fonunda müşahidə olunur. Bu layihələr bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Azərbaycanla Türkiyənin beynəlxalq müstəvidə mövqeyi və nüfuzunu xeyli dərəcədə gücləndirir. Hər iki ölkənin birgə iştirakçılığı və əməkdaşlığı əsasında icra olunan layihələr regional çərçivədən çıxaraq qlobal xarakter kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhliz funksiyasını yerinə yetirən Azərbaycanın enerji və coğrafi imkanlarından səmərəli istifadə etməyə imkan verir. TANAP və TAP layihələri iki ölkə arasında təkcə iqtisadi deyil, təhlükəsizlik əlaqələrini də daha da gücləndirəcək. Bütün bunlar isə  Azərbaycan-Türkiyə strateji münasibətləri ən yüksək səviyyədə inkişaf etməsinin bariz göstəricisidir. Bu mənada hesab edirəm ki, Türkiyə Prezidentinin Azərbaycana hazırki səfəri çox əhəmiyyətlidir.

- Yeni dönəmdə Türkiyənin regionda artan rolu Yaxın Şərq və digər ətraf bölgələrdəki problemlərin həllinə necə təsir göstərə bilər?

- Türkiyə ən qaynar regionların birində yerləşir və onun əhatəsində çox ciddi proseslər gedir. Türkiyə dünyanın böyük dövlətlərindən biridir, güclü orduya malikdir, NATO-nun üzvüdür. Bu baxımdan, Yaxın Şərqdə baş verən proseslərlə bağlı Türkiyənin iradəsindən kənar hansısa ciddi məsələləri həll etmək çox çətindir. Bu reallığı bütün dövlətlər başa düşürlər. Qardaş Türkiyə daim regionda sülhün və təhlükəsizliyin təmin olunması yönündə siyasət aparır və münaqişələr nəticəsində insanların, o cümlədən, qadınların, qocaların, uşaqların ölməməsinə çalışır. Bilirsiniz ki, Türkiyə ərazisində qaçqınlar ordusu var, bu dövlət münaqişələrdən əziyyət çəkdikləri üçün ona pənah gətirən insanlara qayğı göstərir. Hesab edirəm ki, Türkiyənin bölgədəki rolu daha da artacaq.

- Bu baxımdan, qardaş dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində rolunun daha da güclənməsi gözlənilirmi?  

- Təbii ki, Türkiyənin Cənubi Qafqaz regionunda böyük təsiri var və bölgədə aktiv siyasət yeridir. Bölgənin digər ölkəsi Gürcüstanla da sıx müasibətlər qurulub. Ermənistan isə Azərbaycan torpaqlarını işğal etdiyi üçün sərhədlər bağlanıb. Cənab Rəcəb Tayyib Ərdoğanın timsalında dəfələrlə elan edilib ki, Cənubi Qafqazda uzunmüddətli sülh, sabitlik və təhlükəsizlik mühitinin yaranması üçün Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi lazımdır. Bu məsələdə Azərbaycan və Türkiyə daim beynəlxalq arenada bir-birlərinə xüsusi dəstək verir.
Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqe xüsusilə təqdir olunmalıdır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına etiraz əlaməti olaraq, 1993-cü ildən etibarən Türkiyə işğalçı ölkə ilə əlaqələrə son qoyaraq sərhədləri bağlayıb. Eyni zamanda, Türkiyə dövləti beynəlxalq təşkilatların Azərbaycanın işğala məruz qalması faktını təsdiqləyən və beynəlxalq hüquqa zidd əməlin dayandırılmasını tələb edən qərarlarının qəbul olunmasında ölkəmizi hər zaman dəstəkləyib.

- Siyavuş müəllim, Türkiyəyə səfəriniz çərçivəsində bu ölkədə müalicə olunan əsgərlərimizlə də görüşmüsünüz. Onların durumu haqqında nə deyə bilərsiniz?

- Türkiyədə müalicə olunan hərbçilərimizə böyük diqqət var. Onlara, bütövlükdə bütün hərbçilərimizə ən yüksək diqqəti Azərbaycan Prezidenti İlham Əliyev göstərir. Bilirsiniz ki, Azərbaycan nümayəndələri Türkiyənin hərbi hospitalında müalicə alan əsgərlərimizə mütəmadi olaraq baş çəkirlər. Eləcə də, Türkiyənin dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri də əsgərlərimizi ziyarət edirlər. Bu bir daha dövlətlərimizin qardaşlığının göstəricisidir. 
Bu fakt xüsusilə,  bir daha dövlətimizin, Prezidentimizin orduya, hərbçilərə diqqət və qayğısının bariz nümunəsidir. Prezidentimiz  sərhəd bölgələrinə mütamadi səfərlər edir, əsgərlərlə görüşür. Bu gün orduya göstərilən diqqət həddindən artıq böyükdür. Hesab edirəm ki, bu məsələdə hər bir vətəndaş cənab Prezidentdən nümunə götürməlidir. Orduya qürur mənbəyimiz kimi yanaşılmalıdır. 

- Siyavuş müəllim, cəbhə xəttində baş verən son gərginlik zamanı bu hadisələrlə bağlı bəzi KİV-lərdə qeyri-obyektiv məlumatlar yayıldı. Belə halların aradan qaldırılması üçün qanunvericilikdə hansısa dəyişikliklərin edilməsi zəruridirmi? 

- Bu, çox ciddi məsələdir. Dövlətimizin başçısı hər zaman belə həssas  məsələlərdə diqqətli olmağı tövsiyə edib. Bugünlərdə isə  
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik  Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi də keçirilib. Müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. 
Dünya praktikasında belədir ki, bu tipli məsələlərlə bağlı dövlət orqanlarının mətbuat xidmətindən məlumatlar alınmalıdr. Kimsə cəbhədəki vəziyyətlə bağlı özündən nəsə uydurursa, yaxınlarından nəsə eşidirsə və onu KİV-ə ötürürsə, bu, təxribatdır. Belə xəbərlər həm valideynləri narahat edir, həmçinin, ordu haqqında mənfi imic formalaşdırmağa xidmət edir. 
Sovet dövründə vətəndaşlarımız tanımadığı ölkələrə hərbi xidmətə gedirdilər. Bunun çətinlikləri bir çox çətinlikləri vardı. İndi isə gənclərimiz öz ərazisində xalqına, dövlətinə xidmət edir və bu da şərəflidir.  Mən başa düşürəm, cəmiyyətdə, hər bir ailədə  problemlər olduğu kimi, orduda da bəzi problemlər ola bilər. Çünki ordu da cəmiyyətin tərkib hssəsidir. Ordu cəmiyyətdən kənar deyil. Amma kimlərsə cəmiyyətdəki problemləri orduya daşımağa çalışır. Əvvəllər əsgərlərin yaxınlarının toyu və ya yası olanda bunu əsgərə bildirmirdilər. Amma indi isə belə şeylərin hamısından məlumatları var. Bu da əsgərə psixoloji təsir edir. Valideynlər, qohum-əqraba belə hallara yol verməməlidir. Əsgər hərbçidir, orduda onun böyüyü komandir, qohum-qardaşı isə əsgər yoldaşlarıdır. Ordumuzla bağlı vəziyyət, onun fəaliyyəti haqda düşünülməmiş informasiyalar verilməməlidir. Bu baxımdan, informasiya təhlükəsizliyinə ciddi əməl edilməlidir. 
Hesab edirəm ki, parlamentin payız sessiyasında ordu və təhlükəsizlik məsələsi ilə bağlı qanunlara yenidən baxmalıyıq. Digər tərəfdən, mətbuat haqqında qanuna da dəyişikliklər edilməlidir. Əsaslandırılmamış, mənbəyi məlum olmayan informasiyalar yayanlara qarşı məsuliyyət müəyyən edilməlidir. 

- Beynəlxalq təşkilatların işğalçı Ermənistanın təxribatçı əməllərinə münasibəti haqqında fikirlərinizi də bilmək istərdik...

- Ermənistan mütamadi olaraq atəşkəsi pozur, təxribatlara əl atır. İşğalçı orudunun hərbçiləri dinc sakinlərə qarş atəş açırlar, azyaşlı uşaqlar hədəfə alınır. Belə faktların sayı çoxdur. İndiyə qədər atəşkəs dövründə Naxçıvanda atəşkəs pozulmurdu, amma son hadisələr zamanı bu bölgədə də erməni tərəfi atəşkəsi pozdu. 
Təəssüf ki, ATƏT-in Minsk qrupu və həmsədr ölkələr, digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatına sərt reaksiya bildirmədilər. Amma nəzərə alınmalıdır ki, Azərbaycanın güclü ordusu var. Nəinki Cənubi Qafqazın, bütövlükdə MDB məkanında ən güclü ordulardan biridir. Azərbaycan istənilən təxribatın qarşısını almağa hazırdır. Cənab Prezidentimiz xəbərdarlıq edib ki, istənilən təxribatın qarşısı layiqincə alınacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu gün biz güclü ordumuzla fəxr edirik.