YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Heç kim, heç bir qüvvə Azərbaycanla zor, təzyiq, təhdid, diktə dili ilə danışa bilməz

Müsahibimiz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı

-Məlahət xanım, bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan ölkədir. Bu baxımdan,  Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə, Azərbaycan hazırda dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ötən illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bu gün ölkəmiz bir sıra beynəlxalq təşkilatların aparıcı üzvlərindən biridir, həmin qurumların işində fəal iştirak edir.

Bu mənada, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin də yüksək səviyyədə olduğunu qeyd edə bilərik. Bilirsiniz ki, tərəflər arasında gələcək münasibətləri özündə ehtiva edən sazişə dair danışıqlar davam edir və bu  göstərir ki, Avropa İttifaqı Azərbaycanı strateji tərəfdaşı hesab edir. Bu fakt bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə etimad və inamın ifadəsidir.

Bilirsiniz ki, Avropa strukturlarının, o cümlədən Avropa İttifaqının  öz prinsipləri var. Bu təşkilat Azərbaycanla əməkdaşlıq məsələlərində ölkəmizin siyasətinə, regional və beynəlxalq roluna, dövlət rəhbərliyinin daxili və xarici siyasətinə diqqət yetirir. Bu gün Azərbaycan mühüm enerji siyasəti həyata keçirir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi qlobal layihələr Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu xətti dünyada dəmir İpək Yolu kimi dəyərləndirlir. Ölkəmiz eyni zamanda, mühüm tranzit əhəmiyyətə malikdir.  Təbii ki, bu qlobal layihələrin reallaşması Prezident  İlham Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Ona görə də, Avropa İttifaqı ölkəmizlə əlaqələrin gücləndirilməsinə böyük əhəmiyyət verir.

Azərbaycan gənc dövlətdir, bu il müstəqilliyimizin 28-ci ilini yaşayırıq.  Avropada böyük tarixi olan, bərqərar olmuş dəyərlər var. Onu da deyim ki,  demokratiyanın sonu yoxdur. Azərbaycan da gənc dövlət kimi Avropanın qabaqcıl   təcrübəsini öyrənir. Biz bu təcrübədən istifadə edərək  təhsilimizi, səhiyyəmizi gücləndirəcəyik, yəni  Avropanın əldə etdiyi  naliyyətlərdən bəhrələnəcəyik. Eyni zamanda, qanunvericiliyin inkişafı baxımından da, Avropa İttifaqı ölkələrinin təcrübəsindən yararlanmaq faydalıdır. Bununla yanaşı, Avropa İttifaqı da Azərbaycandan bəhrələnəcək. Belə bir mürəkkəb regionda Azərbaycan Avropa üçün böyük önəm kəsb edir. Qeyd etdiyim kimi, mürəkəb coğrfiyada yerləşən ölkəmiz, Prezidentimizin qətiyyətli siyasəti nəticəsində qlobal  layihələr reallaşdırıb.

Onu da qeyd edim ki, Azərbaycan Avroatlantik strukturların, xüsusilə, NATO-nun etibarlı tərəfdaşlarından biridir. Bu mənada,  belə bir sazişin imzalanması həm Azərbaycan, həm də Avropa İttifaqı üçün önəmlidir. Bzim üçün həyati əhəmiyyət kəsb edən məsələ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tanınması Prezident İlham Əliyevin qətiyyətinin nəticəsidir. Ona görə də, sazişin imzalanmasından sonra Azərbaycan xalqı üçün yeni inkişaf perspektivləri açılacaq.

- Ölkəmizin uğurlu inkişafından danışdınız. Amma bəzi dairələr Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Buna münasibətiniz necədir?

- Bu, çox təəssüf doğurur. Yaxşı olardı ki, ölkəmizdə görülən bu möhtəşəm işləri anti-Azərbaycan dairələrin əlində alətə çevrilən, müstəqil inkişafımıza qarşı həmin dairələr tərəfindən təzyiq, təsir mexanizmi kimi istifadə edilən, edilməyə çalışılan bəzi “sapı özümüzdən olan baltalar” da görsünlər, duysunlar, anlasınlar. Bilsinlər ki, heç kim, heç bir qüvvə artıq Azərbaycanla zor, təzyiq, təhdid, diktə dili ilə danışa bilməz. Bu yöndə cəhdlər yersiz və əbəsdir. Atdıqları bumeranq kimi yalnız özlərinə dəyəcək, özlərini əzib keçəcək. Atalar məsəlində deyildiyi kimi, yel qayadan heç nə apara bilməz və bilməyəcək. Ona görə yaxşı olardı ki, onlar da səhvlərini, yanlışlarını, nəhayət, anlasınlar, oyuncaq kimi istifadə edilməkdən qurtulsunlar və düz yola gəlsinlər. Sosial şəbəkələr vasitəsilə şər, böhtan kampaniyası aparmaq, insanları təhqir etmək, mənəvi terrora məruz qoymaq yolverilməzdir. Bütün bunların qarşısı qanun çərçivəsində alınmalıdır. Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər. Bu reallıq dünya ölkələrində də narahatlıq doğurur və bunun qarşısını almaq üçün lazımi addımlar atılır.

-Kütləvi informasiya vasitələrində ölkəmizdə yeni bir partiyanın yaradılacağı haqqında məlumat yayılıb. Həmin təşkilatın da, radikal mövqedən çıxış edəcəyi haqqında fikirlər səsləndirilir. Bu barədə nə deyə bilərsiniz?

-Azərbaycan demokratik dövlətdir. Siyasi plüralizm, söz azadlığı gündən günə daha da genişlənir. Amma bu gün heç bir şəxs və ya qurum Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti  İlham Əliyevə rəqib ola bilməz. Bu gün ölkəmizdə konstruktiv siyasi partiyalar fəaliyyət göstərir, bütövlükdə rəsmi qeydiyyatdan keçən siyasi partiyaların sayı 50-dən çoxdur.

Müəyyən partiyalar isə destruktivdir və radikal mövqedən çıxış edir. Onlar ölkəmizin inkişafını istəməyən xarici dairələrdən dəstək alırlar və ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bu təşkilatlar  Azərbaycanın nailiyyətlər qazanmasını istəmir, müxtəlif yollarla  varlıqlarını qorumağa çalışırlar.

Əlbəttə ki,   bundan sonra kimsə ailə üzvlərindən, qohumlarından ibarət hansısa təşkilat, partiya yarada bilər. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, kimlərsə yeni siyasi partiya yaratmağa çalışır. Bu siyasi partiyanın da radikallığa meyilli və xaricdən ölkəmizi istəməyən dairələrdən dəstək almağa ümidli  olması görünür. Belələrinin bioqrafiyası Azərbaycan cəmiyyətinə yaxşı  tanışdır. Onların bir çoxu dünənə qədər hakimiyyətə mədhiyyələr deyirdilər. Bu kimi faktlar onların nə qədər saxta olduqlarını göstərir. Belələri cəmiyyətimizdən heç bir dəstək almayacaqlar.

Bu gün bütün dünya cənab  İlham Əliyevi təkcə Azərbaycanın Prezidenti kimi deyil, bütövlükdə regionun siyasi lideri kimi qəbul edir. Belə bir halda, kimlərinsə yeni bir siyasi partiya yaradıb destrukiv fəaliyyət göstərməsinin heç bir perspektivi yoxdur. Burada ataların “Yel qayadan nə aparacaq?” məsəli yada düşür. Azərbaycan cəmiyyəti radikalları heç vaxt qəbul etməyib və bundan sonra da qəbul etməyəcək.