YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları ölkəmizin iqtisadi potensialının artırılmasında mühüm rol oynamışdır

Müsahibimiz Milli Məclisin deputatı Tahir Mirkişili

- Tahir müəllim, məlum olduğu kimi Davosda keçirilən 49-cu Dünya İqtisadi Forumu və onun nəticələri hazırda gündəmin əsas mövzularından biri olaraq qalır. Ümumiyyətlə, Davos İqtisadi Forumunu qlobal platforma olaraq necə səciyyələndirərdiniz?

- Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştirakı ilə dünyanın vacib problemlərinin və gələcəyinin müzakirə olunduğu platformadır.

Davosda keçirilən bu ilki forumun əsas müzakirə mövzusu "Qloballaşdırma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal arxitekturanın formalaşdırılması" idi. Forumda 110 ölkənin siyasi və biznes elitası iştirak edirdi. İştirakçıların ümumi sayı 3000 nəfərə yaxın idi. Dünya İqtisadi Forumu bu cür mövzuların hərtərəfli və açıq müzakirə olunduğu ən böyük platformadır. Siyası və biznes elitanın bir yerdə dünyanın bu gününü və gələcəyini müzakirə etmək imkanına sahib olması çox faydalıdır və bu baxımdan forum unikaldır. Hər kəs qəbul edir ki, mövcud problemlərin həlli və gələcək çağırışlara cavab vermək yalnız birlikdə fəaliyyət göstərmək və təcrübə mübadiləsindən keçir. Məhz Dünya İqtisadi Forumu hər kəs üçün bu imkanı yaradır.

XXI əsrin başlaması ilə dünyada yeni, rəqəmsal dövr başladı. Dördüncü sənaye inqilabı adlanan bu dövr bütövlükdə cəmiyyətdə və iqtisadiyyatda uzun illər ərzində formalaşmış münasibətlərə ciddi təsir etməyə başlamışdır. Qlobal inkişafın və təhlükəsizliyin əsas platforması dəyişikliklərə məruz qalmaqda, mövcud metodların səmərəsi azalmaqdadır. Belə bir şəraitdə inkişafa təkan verəcək yeni münasibətlərin formalaşmasına və onların yeni üsullarla tənzimlənməsinə ciddi ehtiyac yaranmışdır. Dünyada sürətlə informasiya kommunikasiya texnologiyalarının yayılması insanların, biznes subyeklərinin və hökumətlərin əvvəllər malik olmadığı imkanlara sahib olmasına imkan yaratmışdır. Məhz bu yeni imkanların dünyanın inkişafına, insanların rifahının daha da yaxşılaşmasına yönəldilməsi bu gün müzakirə olunan əsas məsələlərdəndir. Forumun da əsas mövzusunun dördüncü sənaye inqilabı ilə bağlı seçilməsi bu günün ən aktual mövzusu ilə üst üstə düşür.

 - Azərbaycan da Forum üçün vacib tərəfdaşlardan biridir. Sizcə, Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- Forumda iştirak edən dövlətlərin əsasən iki məqsədi olur. Birinci, öz təcrübələri haqda məlumat vermək, əldə etdikləri uğurları və bu təcrübəni hər kəslə bölüşmək. İkincisi, forumun yaratdığı imkanlardan istifadə edərək ölkə investisiya cəlb etmək, xarici tərəfdaşlarla əməkdaşlığı daha da gücləndirməkdir.

Azərbaycan da Davos Forumunda iştirak etməkdə hər zaman maraqlı olub. 1995-ci ildən başlayaraq Azərbaycan bu Forumda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu il də Azərbaycan Forumda ölkə Prezidenti səviyyəsində təmsil olundu. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda on birinci dəfə iştirak etdi. Azərbaycan Dünya İqtisadi Forumda iştiraka ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünya ölkələrinə çatdırmaqla ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq imkanı kimi baxır. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etmadının daha artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkandan da Azərbaycan Prezidenti öz görüşləri və çıxışları zamanı istifadə etdi.  Forum çərçivəsində Azərbaycanın tranzit imkanlarından bəhs edən dövlət başçısı bütün ölkələri Azərbaycanın bu imkanlarından yararlanmağa çağırması hər kəs tərəfindən maraqla qarşılandı.

 Dünya İtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi ilə Azərbaycan arasında əməkdaşlığın təməlinin qoyulması çox mühüm hadisədir və bu dövlət başçısının apardığı islahatların dünyanın gələcək hədəfləri ilə uzlaşdırılmasına xidmət edir. Əməkdaşlıq, həmçinin Azərbaycanın bu prosesə verə biləcəyi töhvələri artıracaq. Qlobal arxitekturanın yaradılmasında Azərbaycanın, Prezident İlham Əliyevin iştirakı xüsusi qürurvericidir!

- Tahir müəllim, yanvarın 29-da Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib. Konfransın əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...


- 2004- cü ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları bütövlükdə ölkənin iqtisadi potensialının artırılmasında və əhalinin maddi rifah halının yaxşılaşmasında mühüm rol oynamışdır. Keçən 15 il ərzində 3 dövlət proqramının icrası nəticəsində Azərbaycan iqtisadiyyatı 3.3 dəfə artaraq dünya miqyasında rekord göstəriciyə imza artmışdır. İxracın 4.7 dəfə, valyuta ehtiyatlarımızın isə 24 dəfə artması və paralel olaraq iqtisadiyyata 250 milyard dollar investisiya qoyulması nəticəsində Azərbaycan güclü və regional iqtisadiyyat qurmağa nail olmuşdur. İqtisadiyyatın sürətlə böyüməsi ölkədə 2 milyondan çox yeni iş yerlərinin açılmasına şərait yaratmışdır ki, bu da öz növbəsində əhalinin maaşlarının 7 dəfə, pensiyaların isə 9 dəfə artmasına gətirib çıxarmışdır. Ölkənin bütün regionlarında infrastruktur layihələrinin həyata keçirilməsi iqtisadi və sosial həyat şərtlərini kəskin yaxşılaşdırmış və bütün sahələrin inkişafı üçün zəmin yaratmışdır. 

Məhz bu proqramların icrası nəticəsində ölkəmizdə inkluziv inkişaf səviyyəsi artmış, regionlarda yaşayan insanlar üçün əsasən bərabər şərait yaradılmışdır. Bütün bunlarla yanaşı qarşıda duran müasir çağırışlar və həyata keçirilən iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişafının ardıcıl olaraq davam etdirilməsini, yeni layihələrin həyata keçirilməsini labüd edir. Ölkənin dayanıqlı və inkluziv inkişafına nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan geniş islahatlar paketi regionların inkişafına da mühüm təsir edir və görülən uğurlu işlərin davam etdirilməsi qəbul edilən yeni 4-cü proqram regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə yanaşı bütövlükdə Azərbaycan iqtisadiyyatının daha sürətli inkişafının təmin edilməsi və əhalinin rifah halının daha da yaxşılaşması yönümündə hazırlanmış mühüm dövlət proqramıdır. 

- Sizcə, regionlarda emal sənayesinin və kənd təsərrüfatının inkişafı respublikamızın ixrac potensilaının daha da artırılmasına nə dərəcədə təsir göstərəcək?

- Regionlarda ciddi sənayeləşmə prosesi gedir. Sənaye parklarının yaradılmasının geniş vüsət alması və qeydiyyatdan keçən rezidentlərin sayının 67-yə çatması bu sahədə ixrac potensialını da ciddi artırmaqdadır. Ölkəmizdə sənayenin inkişafında yeni əlavə dəyərin yaradılması ilə müşayiət olunan yeni dövr başlayıb. Bu həm emal sənayesində, həm də yüngül və kimya sənayesində müşahidə olunur. Müasir texnologiyaların tətbiqi ilə qurulan yeni sənaye müəssisələri rahatlıqla xarici bazarlara məhsul sata bilirlər ki, bu hər növbəti ildə ölkəmizin sənaye məhsulları ixracının artımına səbəb olamaqdadır. Xarici ölkələrə təşkil olunan ixrac missiyaları, xarici ölkələrdə açılan ticarət evləri Azərbaycan məhsullarının ixracı üçün yeni imkanlar və yeni bazarlar yaratmaqdadır.

Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artması və bu sahədə innovasiyaların tətbiqi üçün geniş miqyaslı işlərə başlanılması kənd təsərrüfatı məhsullarının ixracının həcminin artmasına rəvac verməkdədir. Bu, digər tərəfdən idxalı əvəz etməklə ölkədən valyuta çıxmasının qarşısını alır. Kənd təsərrüfatı sahəsində böyük dövlət dəstəyi mexanizmlərinin tətbiqi insanlara bu sahəyə marağı artırmış və məhsul istehsalını rentabelli etmişdir. Ənənəvi bazarlarla yanaşı yeni bazarlara çıxış imkanı əldə edən ölkə fermerləri bir çıx kənd təsərrüfatı məhsulları ixracından xeyli gəlir əldə etməkdədirlər. Xarici bazarlarda yüksək keyfiyyətli və orqanik Azərbaycan məhsullarına olan tələbat ixrac potensialının xeyli böyük olduğunu deməyə əsas verir. Eyni zamanda, kənd təsərrüfatı sahəsində emal sənayesinin inkişafı yüksək əlavə dəyərli məhsullarının istehsal edilməsinə imkan yaratmaqdadır ki, bu da ixracın həcmini artırmaqla yanaşı yerli istehsalçılara daha çox mənfəət əldə etməyə imkan verəcəkdir.