YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

“Yay məktəbi” gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında mühüm rol oynayır

   YAP Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov

- Aydın müəllim, məlum olduğu kimi bu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsi bu günlərdə başa çatdı. Bu ilki layihəni necə qiymətləndirərdiniz?

- Yeni Azərbaycan Partiyası gənclərin siyasi fəallığının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, beynəlxalq əlaqələrin genişlənməsinə, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti davam etdirən YAP Sədri, Prezident İlham Əliyev bildirib ki, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır. Bu gün cəmiyyətimizdə gənclərin fəallığı olduqca yüksək səviyyədədir və onlar milli maraqların etibarlı müdafiəsi naminə sıx birləşiblər. Hər bir xalqın inkişafı üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdən biridir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı məhz intellektual kadrların yetişdirilməsindən, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən asılıdır. Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən mütərəqqi islahatlar Azərbaycan gəncliyinin hərtərəfli inkişafına zəmin yaradıb, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyət kəsb edib.
YAP-ın gənclərlə bağlı ən uğurlu layihələrindən olan və 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək olar. Sözügedən layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə gənclərin görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Artıq ənənəvi halını alan YAP Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün təşkil olunan “Yay məktəbi” ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır.  Layihənin əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların ictimai həyatdakı fəallığının daha da artırılmasından ibarətdir. “Yay məktəbləri” gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir. Partiya gənc fəalların ictimai-siyasi aktivliyini artırmaq və gənclərin geniş fəaliyyətini təmin etmək üçün bütün imkanlardan istifadə edir, hər bir gəncin yaradıcı potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət ayırır.
YAP-ın üzvlərinin 40 faizini gənclərin təşkil etməsi onların bird aha siyasi və ictimai fəallığının göstəricisidir.  “Yay məktəbləri” bunun ən əyani təzahürlərindən biri olmaqla YAP-çı gənclərin cəmiyyətdə nə qədəd aktiv olduğunu göstərir.
Bu tədbirlər çərçivəsində müxtəlif seminarlar, təlimlər, diskussiyalar, interaktiv, intellektual və əyləncəli oyunlar təşkil edilir. Layihə çərçivəsində gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Keçirilən seminarlarda, təlimlərdə gündəmə çıxarılan mövzular ətrafında çıxışlar, müzakirələr gənclərə daha dolğun məlumatlar əldə etmələrinə şərait yaradır. Layihə həm də, gənclərin keçirilən müzakirələr, diskussiyalar zamanı əsl liderliyi, idarəetməni, birliyi və yeniləşməni mənimsəməsi baxımından da mühüm əhəmiyyətə malikdir.
Hər il olduğu kimi, bu il də Yeni Azərbaycan Partiyasından olan 800-dək fəal gənc Oğuz və Lerik rayonlarında dörd turda təşkil olunan “Yay məktəbi”ndə iştirak ediblər. Layihədə paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün rayonlarından olan gənclər iştirak ediblər. Nəzərdə tutulmuş proqrama uyğun olaraq gənclərlə YAP-ın tanınmış şəxsləri, Siyasi Şurasının üzvləri, ziyalılarla görüşləri təşkil olunub, onlara Azərbaycanda gənclər siyasətinin banisi Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat yolu barədə geniş məlumat verilib. Layihənin  çərçivəsində Lerikdəki Heydər Əliyev Mərkəzini ziyarət edən gənclərə Ulu öndərin həyat və fəaliyyəti, Onun Lerik rayonuna səfərləri barədə məlumat verilib. Gənclər, həmçinin, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla da tanış olublar. Bu, gənclərimizə Heydər Əliyevin gənclər siyasəti, mübariz ruhlu gənc nəslin yetişdirilməsindən geniş gəaliyyəti barədə dərin biliklər əldə etməsində mühüm rol oyanayır. Layihə çərçivəsində partiyanın fəaliyyəti, gördüyü işlər barədə geniş məlumatlar verilib,  eləcə də, region gəncləri ilə görüşləri təşkil olunub, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər keçirilib. Bir sözlə, “Yay məktəbi” uğurla başa çatıb və gənclərin ictimai fəallığının yüksəlməsində daha bir mühüm addım hesab oluna bilər.

- Ümumiyyətlə, gənclərin ictimai-siyasi proseslərdə rolunun artırılması ilə bağlı həyata keçirilən tədbirləri necə qiymətləndirmək olar. YAP-ın gənclər siyasəti haqqında nə deyərdiniz?

- Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, ötən ildə də gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.

- Azərbaycan iqtisadiyyatı 2014-cü ilin birinci yarısı uğurla sosial-iqtisadi göstəricilərlə yadda qaldı. Hazırda iqtisadi sahədə həyata keçirilən islahatları necə qiymətləndirmək olar?

- 2014-cü ilin birinci yarısı Azərbaycan üçün kifayət qədər uğurlu olub. Ötən altı ayı ərzində 25 milyard manata yaxın Ümumi Daxili Məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. İqtisadiyyatda əsas artım qeyri-neft sektorunda istehsal olunaraq 9 faiz təşkil edib, sənaye, kənd təsərrüfatı məhsulları istehsalı 3 faizdən çox artıb. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunun tammənada keyfiyyət dəyişikliklərinə məruz qaldığını şərtləndirir.  
Azərbaycan iqtisadiyyatı birinci yarımillikdə iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri ilə müşahidə olunub. Orta aylıq əmək haqqı 7 faizə yaxın artıb və 450 manata çatıb.Ölkəmizin strateji valyuta ehtiyatları 55 milyard manatı ötüb. Bu artımdan sonra Azərbaycan orta aylıq maaş göstəricisinə görə, MDB-də ən yaxşı göstəricilərdən birinə yaxınlaşıb.
Birinci yarımillik inflyasiyanın aşağı səviyyədə (2 faiz) olması dövlətin bütün iqtisadi qurumlarının birgə qiymət artımının qarşısını almaq üçün səmərəli fəaliyyətinin nəticəsi hesab etmək olar. Məlum olduğu kimi dövlətin ali prinsiplərindən biri ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirməkdən ibarətdir. İnsanların sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasətin əsas trendidir. Hökumət bütün vətəndaşların gələcək keyfiyyətli sosial yaşayışını təmin etmək üçün hazırda meydana çıxan bir sıra meyilləri tamamilə aradan qaldırmaq niyyətindədir. Bu məqsədlə son dövrlər sosial sektorda gücləndirilmiş tədbirlər, xüsusilə də, müəssisə və təşkilatlarda işləyənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təxirə salınmaz tədbirlər mühüm əhəmiyyət kəsb edir.

- Məlum olduğu kimi Nazirlər Kabineti Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması ilə bağlı sərəncam verib. Qarşıdakı illərdə büdcə siyasətinin əsas prioritetləri nədən ibarət olacaq?

- Azərbaycan artıq iqtisadi inkişafın elə bir mərhələsinə daxil olub ki, hökumət cari ilin ilk aylarından başlayaraq qarşıdakı ilin sosial- iqtisadi inkişaf göstəricilərinin proqnozlarını və dövlət büdcəsi layihəsinin ilkin variantını hazırlamağı  qarşıya məqsəd qoyub. Bu siyasətə uyğun olaraq Maliyyə, İqtisadiyyat və Sənaye nazirlikləri ilin ilk yarısında qarşıdakı illərdə ölkənin sosial-iqtisadi, büdcə-fiskal, maliyyə, vergi, gömrük və digər sahələrə dair inkişaf konsepsiyasını, proqnoz göstəricilərini, maliyyə balansını və digər sənədləri hazırlayırlar. Eyni zamanda, müvafiq iqtisadi qurumlar ortamüddətli dövr üzrə Azərbaycanın iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini tərtib edib.
Bu gün Azərbaycan ümumi daxili məhsulun həcmi 73 milyard dollar təşkil edir. Ölkədə adam başına düşən illik gəlir 7,8 min manat təşkil edir ki, nəticədə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstanla birgə ilk sıraları tutur. Bu gün bunu dünyanın ən tanınmış reytinq agentlikləri də təsdiqləyir.  Qiymətləndirmələrə əsasən, yaxın 3-4 ildə Azərbaycanda ümumi daxilin məhsulun həcmi 100 milyard dolları ötəcək və bu, dövlət büdcəsinin gəlirlərinin 35 milyard dollara qədər artırılmasına imkan yaradacaq. Yəni, dövlət büdcəsi parametrlərinin xüsusi çəkisinin ÜDM-in 32-33 faizini təşkil edir və bu yanaşma dövlət büdcəsinin gəlir və xərclərinin 35 milyard dollar çatmasına imkan verir.
Qarşıdakı illər üçün Azərbaycanın büdcə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönəldiləcəkdir.
Ortamüddətli perspektivdə ölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, maliyyə intizamının gücləndirilməsinə və şəffaflığının daha da artırılmasına nail olmaq, iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin rolunu artırmaq, monetar və büdcə siyasətinin koordinasiyasının gücləndirilməsi əsas məqsədlərdəndir.
Regionların inkişafının sürətləndirilməsinə, regionlar arasındakı  sosial-iqtisadi fərqlərin mərhələlərlə aradan qaldırılmasına və balanslaşdırılmış inkişafa nail olunmasına, respublikanın rayon və şəhərlərinin yerli gəlirləri hesabına mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitlərin azaldılmasın diqqət artırılacaqdır. Büdcə qanunvericiliyinin ölkənin iqtisadi islahatlarının tələblərinə uyğun təkmilləşdirilməsi, iqtisadi siyasət, proqnozlaşdırma və dövlət büdcəsi layihəsinin tərtibində əlaqələrin uzlaşdırılması, açıq büdcə göstəricilərinin (indeksinin) yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi ortamüddətli dövr üçün qarşıda duran vəzifələr sırasındadır.            

- Aydın müəllim, qeyd etdiniz ki, yaxın  illərdə Azərbaycanda ÜDM-in həcmi 100 milyard dollara catacaq…

- Bəli, iqtisadi inkişafın qanunauyğunluğu bu nikbin proqnozları irəli sürməyə əsas verir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda qarşıdakı 10 ildə sürətli inkişaf dinamikası iqtisadiyyatın həcminin ən azı 2 dəfə ərmasına səbəb olacaq, bu isə ölkəmizin makroiqtisadi qüdrətinin və vətəndaşların milli gəlirlərinin artması üçün göclü zəmin deməkdir. 2020-ci ilədək respublikamızın qarşıya qoyduğu strateji hədəf «yüksək gəlirli dövlətlər qrupu»nda yer almaqdan ibarətdir. Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenariləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Proqnozlara əsasən, 2014-cü ildə ölkədə ÜDM-in 5,2%-i səviyyəsində real artımı gözlənilir. Hazırda Azərbaycand ÜDM-in həcmi 57 milyard manatdan artıqdır ki, bu da dollar ekvivalenti ilə 75 milyard dollar deməkdir. 2015-ci ildə ÜDM 59,4 milyard manat (artım 5,8 %), 2016-cı ildə 63,1 milyard manat (artım 4,8%), 2017-ci ildə isə 67,3 milyard manat (artım 6%) səviyyəsində proqnozlaşdırılır. 2018-ci  ildə isə bu rəqəmin 73-74 milyard manata catacağı istisna olunmur. Beləliklə, dollarla hesablayanda Azərbaycanda ÜDM-in 2018-ci ildə 100 milyard dollar yaxınlaşması labüd olacaq.
Onu da qeyd edim ki, yaxın 5-6 ildə Azərbaycan ÜDM-in həcminə görə, inkişaf etmiş 50 ölkə sırasında olacaq. Respublikamız ümumi daxili məhsulun (ÜDM) həcminə görə, dünyanın ən yaxşı 50 ölkəsi sırasına daxil olmaq üçün iqtisadiyyatı 2 dəfə artırmağı planlaşdırır. 2020-ci ilədək milli məhsulun artımı ilə bağlı qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olacaq. Mövcud iqtisadi artım və ssenarilər onu göstərir ki, hər il ÜDM-in 5,-6 faizlik artım dinamikası nəzərdə tutulan həddə çatmağa imkan verəcək.
Proqnozlara görə, milli məhsulun inkişaf dinamikası ölkə vətəndaşlarının illik gəlirlərinin artımına da şərait yaradacaq. 2014-2017-ci illər ərzində ÜDM-də əhalinin hər nəfərinə düşən pay ən azı 15% artacaq. Yaxın ortamüddətli ssenarilərə görə, 2014-cü ildə ÜDM-in adambaşına həcmi 5,8% artaraq 6,5 min manata, 2015-ci ildə 6,4% artaraq 6,9 min manata, 2016-cı ildə 5,3% artaraq 7,1 min manata, 2017-ci ildə 7,4 min manata çatacaq. 2018-ci ildə bu rəqəm 8,7 min manat təşkil edəcək. Ümumilikdə, 2020-ci ilə kimi adambaşına düşən ÜDM-in 10 min manata catacağı proqnozlaşdırılır.
Respublikamız 2003-cü ildə ÜDM-in həcminə görə, dünyada 108-ci, adambaşına düşən ÜDM-in həcminə görə, 154-cü olduğu halda, 2013-cü ildə bu göstərici müvafiq olaraq 69 və 78 olub. Yəni, Azərbaycan ÜDM-in həcminə görə, dünyanın ən yaxşı 50 ölkəsi sırasında qərarlaşmağa çox yaxındır.