YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

2019-cu ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafını daha da gücləndirəcək

Müsahibimiz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

-Musa müəllim, bildiyimiz kimi 2019-cu ilin dövlət büdcəsi haqqında məsələlər cəmiyyətimizdə geniş müzakirə olunur. Gələn ilin dövlət büdcəsində sosial sahəyə ayırmaları necə dəyərləndirirsiniz?

-2019-cu ilin dövlət büdcəsi müstəqillik tariximizdə  ən böyük büdcəmizdir. Gələn ilin dövlət büdcəsinin gəlir və xərclərin yüksək olması, ötən ilə nisbətən xeyli artması onu göstərir ki, Azərbaycan iqtisadiyyatı davamlı surətdə inkişaf edir. Büdcənin əlamətdar xarakteri bundan ibarətdir ki, büdcə vəsaitlərinin üçdə birindən çoxu sosial sahənin maliyyələşməsinə yönələcək. Bu da çox ciddi göstəricidir. Bu amil Azərbaycanın sosial dövlət olduğunun göstəricisidir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi əsas məqsədimiz dünyanın ən inkişaf etmiş ölkələri sıralarına qoşulmaqdır.

2019-cu ilin dövlət büdcəsinin digər xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həm gəlirdə, həm ÜDM-də qeyri-neft sektorunun payı ildən ilə artır və 70 faizi ötür.  Bu o deməkdir ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilir. Biz ölkəmizin büdcəsinin neftin qiymətindən asılı olmayaraq sabit inkişaf edən büdcə kimi qiymətləndirə bilərik. Xüsusilə, büdcəmizin 33, 4 faizinin sosial xərclərə  sərf olunması gələn il də əhalinin sosial rihafının daha da yaxşılaşacağını xəbər verir. Belə ki,  gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bildiyiniz kimi, 2019-cu ildə maaş, pensiya, sosial müavinətlərin artırılması gözlənilir. Onu da qeyd edim  ki, büdcənin gəlir və xərc hissəsinin artmasına baxmayaraq, infilyasiyanın da nəzarət olunan həddə qalacağı, əhalinin pul gəlirlərinin infilyasiyanı təxminən iki dəfə üstələyəcəyi imkanları onu göstərir ki, gələn il vətəndaşların rifah halı daha da yüksələcək.

Başqa bir məqam ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsi ilə yanaşı yaşayış minimumu, ehtiyac meyarı da kifayət qədər artacaq. Bütün bunlar əhalinin sosial müdafiəsini xeyli gücləndirəcək. Səhiyyə sahəsinə gəlincə, həkim həmkarlarım adından minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, gələn ilin büdcəsində səhiyyə xərcləri 1 milyard manatı ötəcək. Belə ki, növbəti ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 48 milyon manat vəsait nəzərdə tutulub. Bu da cari illə müqayisədə 309 milyon manat və ya 41,8 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə təminatının yaradılması üçün 240 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, dövlət büdcəsindən ayrıca qrafa ilə maliyyələşən ictimai-sosial əhəmiyyətli xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dövlət proqramlarının maliyyələşməsinə ayrılan vəsait də cari illə müqayisədə 30 faiz artıb.

Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq. Prezident İlham Əliyevin sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, sosial müavinətlər, təqaüdlər və digər sosial yönümə aid edilən xərclər üzrə yaranmış əlavə maliyyə öhdəliklərinin təmin edilməsi üçün dövlət büdcəsindən 620 milyon manat, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat, 1425 məktəbəqədər təhsil müəssisəsində bir günlük ərzaq xərclərinin orta hesabla üç dəfə artırılması məqsədilə 83 milyon manat məbləğində vəsait ayrılıb.
Növbəti ildə elm xərcləri üçün 134 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. 2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir.

 Bu bir daha göstərir ki, cənab Prezidentin uzaqgörən siyasəti nəticəsində ölkədə balanslaşdırılmış daxili iqtisadi siyasət aparılır. Ölkənin harmonik inkişafını təmin etmək məqsədilə qeyri-neft sektoruna-xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, İKT sektorunun inkişafı büdcəmizin  neftdən asılılığını aşağı salır, həm də regionlarda əhalinin məşğulluğunun təmin olunmasını və digər amilləri şərtləndirir.

Ümumilikdə, 2019-cu ilin dövlət  büdcəsi balanslaşdırılmış, inkişafa xidmət edən və sosial yönümlü büdcədir. Hesab edirəm ki, bu büdcənin təsdiqindən sonra ölkəmiz daha böyük sosial-iqtisadi uğurlara imza atacaq.

-Büdcə müzakirələri zamanı deputatlar bır sıra təkliflər səsləndirdilər. Bu təkliflər sırasında  yeni doğulan uşaqlar üçün verilən müavinətlərin artırılması, çoxuşaqlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsi məsələləri var. Bu barədə nə deyə bilərsiniz?

-Əlbəttə ki, büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflərin hamısı hökumət tərəfindən ciddi araşdırılır, dəyərləndirilir və imkan daxilində nəzərə alınır. Təkliflər sırasında Azərbaycanda demoqrafiq vəziyyətin stimullaşdırılması məqsədi ilə yeni doğulan uşaqlara birdəfəlik müavinətlərin artırılması da var. Eyni zamanda, aztəminatlı ailələlərin sosial müdafiəsinin daha da gücləndirilməsi təklifləri irəli sürüldü. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə və İqtisadiyyat  nazirlikləri birlikdə sosial müdafiənin daha konkret formasının axtarılıb tapılması, aztəminatlı ailələrin, o cümlədən çoxuşaqlı ailələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədilə daha çevik forma üzərində iş aparılır.

Bilirsiniz ki, hazırda biz ünvanli sosial yardımdan imtina edib özünüməşğulluq proqramına keçirik. Amma  bu proqrama da cəlb oluna bilməyən ailələrin sosial təminatı ilə bağlı dövlət yeni bir forma üzərində işləyir. Bu da həmin insanların sosial müdafiəsini gücləndirəcək.

-Hazırda dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq  şəhid hərbi qulluqçuların ailələrinə, onların vərəsələrinə birdəfəlik  ödəmələrin verilməsi prosesinə başlanılıb. Dövlət tərəfindən atılan bu addımın əhəmiyyəti nədən ibarətdir?

-Bu, Prezident İlham Əliyev tərəfindən atılan çox humanist bir addımdır. Azərbaycan dövləti, Prezident İlham Əliyev şəhid ailəsinin, Qarabağ müharibəsi əlilinin, bütövlükdə, sosial müdafiəyə ehtiyacı olan hər bir vətəndaşın yanındadır. Məsələ burasındadır ki, “Həqiqi hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanun 1997-ci ildə qəbul olunub və bundan sonra hərbi xidmət vəzifəsini yerinə yetirərkən dünyasını dəyişən, itkin düşüb ölmüş hesab olunan və əlil olanlar üçün birdəfəlik sığorta haqqı verilir. Amma 1997-ci ilə qədər bu kateqoruyadan olan insanların və ailələrinin  sığorta almaq imkanları olmayıb.  Onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə birdəfəlik müavinət alıb, digərləri isə heç bir ödəmə almayıb.

2014-cü ildə Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət tərəfindən bu sığorta haqqlarının verilməsi üçün yollar axtarılırdı. Bu ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra dövlət başçısı ilk olaraq bu məsələ ilə bağlı Fərman verdi. Fərmana əsasən bu il sığorta haqlarının verilməsi üçün 58 milyon manat ayrılıb. Bu məqsəd üçün gələn il yenə vəsait ayrılacaq. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçi qrupu və komissiya fəaliyyət göstərir. Proses tamamilə şəffaf həyata keçirilir. Müraciət edən bütün şəxslərlə bağlı araşdırmalar aparılır. Müraciət edənlərin 99 faizinə müsbət cavab verilib və hazırda ödəmələrin verilməsinə başlanıb. Digər insanların da müraciətlərinə obyektiv şəkildə baxılır.