YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Məqsədimiz Azərbaycanı inkişaf etmiş sosial dövlətə çevirməkdir

Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, Azərbaycanda  2014-cü ilin birinci yarısının sosial mənzərəsini necə xarakterizə edərdiniz? 

- Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıda duran vəzifələr tam şəkildə yerinə yetirilib. Bu fakt bir daha onu təsdiq edir ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Bildiyiniz kimi Prezident İlham Əliyev qarşıya belə məqsəd qoyub ki, Azərbaycan inkişaf etmiş sosial dövlətə çevrilməlidir və bu yöndə də 2003-cü ildən məqsədyönlü siyasət həyata keçirilir. Bu,  həm daxili, həm də xarici siyasətdə özünü göstərir. Azərbaycanın daxili siyasətində inkişaf şaxələndirilmiş iqtisadi strategiyaya əsaslanır. Cənab Prezidentin dediyi kimi  biz neft kapitalını insan kapitalına çevirməliyik, neft gəlirlərini qeyri-neft sektoruna yatırmaqla ölkənin bütün regionlarının inkişafını təmin etməliyik. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra  olunur və artıq bu proqramların üçüncü mərhələsi  bu ildən həyata keçirilməyə başlayıb. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, həyata keçirilir. Bu gün Azərbaycanın abadlaşmayan və sosial simasını dəyişməyən bölgəsi yoxdur. Biz hər gün yeni tikinti, sosial, mədəni  və digər obyektlərin təməlinin qoyulmasının və ya  açılışının şahidi oluruq. Cənab Prezidentin bölgələrə səfərləri belə açılışlarla müşayiət olunur. Bu inkişaf dünyanın bütün ölkələri tərəfindən etiraf olunur. 
Məhz cənab Prezident 2014-cü ilin birinci yarısı ilə əlaqədar da   bu inkişafı qeyd etdi və qarşıya yeni məqsədlər, vəzifələr qoydu. Bu məqsədlər «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının həyata keçirilərək dünyanın inkişaf etmiş dövlətinə çevrilməsinə xidmət edir. 

- Bu inkişaf rəqəmlərdə özünü necə ifadə edir?

- Azərbaycanın dövlət büdcəsinin artımı, ÜDM-nin həcminin yüksəlməsi, yoxsulluğun səviyyəsinin 2003-cü ildən başlayaraq yüksək templə azalaraq 49 faizdən 6 faizə enməsi, işsizliyin 5 faiz səviyyəsinə düşməsi, əhalinin pul gəlirlərinin ilbəil artması, iqtisadi inkişafın infilyasiyanı 3 dəfədən çox üstələməsi və orta aylıq əməkhaqqının, pensiyaların, müavinətlərin hər il artırılması Azərbaycanın sosial-iqtisadi yüksəlişinin göstəricisidir. Eyni zamanda, bütün bunlar iqtisadi potensialın xalqın rifahına yönəlməsinin ifadəsidir.
Cari ilin 6 ayında əhalinin gəlirləri 4,5 faiz artıb, inflyasiya 1,6 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 3 dəfə üstələdiyini göstərir. Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib, xərcləri isə 8,7 milyard manat olub. Ölkəmizin strateji valyuta ehtiyatları 54 milyard manatı keçib. İqtisadiyyata böyük həcmdə - 11,5 milyard dollar investisiya qoyulub. İqtisadiyyatda əsas artım qeyri-neft sektorunda istehsal olunaraq 7 faiz təşkil edib. Birinci yarımillikdə iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri müşahidə olunub. Orta aylıq əmək haqqı 7 faiz artaraq 440 manata yüksəlib. Əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nisbətən 12,8 faiz artaraq, 6,6 milyard manata çatıb. Hazırda Azərbaycan orta aylıq əməkhaqqının səviyyəsinə görə, MDB-də ən yaxşı göstəricilərdən birinə yaxınlaşıb. Bu tendensiya, həmçinin, Azərbaycan hökumətinin iqtisadi artım fonunda sosial dövlət strategiyasının möhkəmlənməsinə yönəlmiş siyasətinin reallaşdığını göstərir.

- Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar nə deyə bilərsiniz? Ötən ilin birinci yarısında bu baxımdan hansı nailiyyətlər əldə olunub?

- Son illər qeyri-neft sektorunun inkişafı istiqamətində çox ciddi addımlar atılmaqdadır. Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərdən biri də insan kapitalının inkişaf etdirilməsi, dünyada rəqabət qabiliyyətli Azərbaycan mütəxəssislərnin yetirişdirilməsidir. Bu məqsədlə də Azərbaycanda 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə ali təhsil alması ilə bağlı dövlət proqramı icra edilməkdədir. Bununla yanaşı, ölkəmizdə təhsilin inkişafı istiqamətində də mühüm islahatlar həyata keçirilir, təhsil infrastrukturu yeniləşdirilir. Təsadüfi deyil ki, son illər ölkəmizdə 2000-dən çox təhsil müəssisəsi- məktəb, uşaq baxçaları tikilib,  ya da əsaslı təmir olunaraq istifadəyə verilib.
Bütövlükdə götürəndə isə Azərbaycanın inkişafı dünyada 2008-ci ildən başlayaraq davam edən maliyyə-iqtisadi fonunda baş verirsə, bu ölkəmizin inkişafının çox böyük uğurudur. Təsadüfi deyil ki, dünyanın ən böyük iqtisadi forumu olan Davos Forumunda Azərbaycan həmişə aparıcı dövlətlərdən biri kimi çıxış edir. 
Qeyri- neft sektorunda İKT-nin inkişafı xüsusilə cəlbedicidir. Bilirsiniz ki, Azərbaycan kosmik dövlətə çevrilib. Rabitə və kommunikasiya texnologiyalarının inkişafı neft sektorundan sonra ən qabaqcıl yer tutur. Bu sahə ciddi şəkildə inkişaf etməkdədir. Ümumiyyətlə, dünya iqtisadiyyatının da böyük payı bu sektorun hesabındadır. Bu mənada Azərbaycanın informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirməkdə maraqlı olması onun iqtisadi qüdrətinin, elmi və kadr potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Eyni zamanda, bütün bunlar dövlətimizin gələcək uğurlarından xəbər verir. 

- Azərbaycan hökuməti icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı müvafiq addımlar atmaqdadır. Bu sistemin üstünlükləri nədən ibarətdir?

- Azərbaycanda səhiyyənin inkişafı istiqamətində ciddi addımlar atılmaqdadır. Son illər bu sahənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib. Ötən illər ərzində ölkədə 500-dən çox səhiyyə müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Cənab Prezidentin tapşırığı ilə bu ilin əvvəllərində əhalinin pulsuz tibbi yoxlanışı həyata keçirildi. 
Artıq əhalinin sağlamlığının təminatlı şəkildə qorunması üçün Nazirlər Kabineti artıq gələn ildən icbari tibb sığortanın tətbiqinə başlanmasına qərar verib. Bu məsələ ilə bağlı Baş nazirin müavini cənab Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb və işçi qrup artıq konkret detalları müəyyənləşdirməkdədir ki, gələn ildən icbari tibb sığortanın tətbiqinə başlanılsın. Qeyd edim ki, icbari tibbi sığorta bütün dövrlərdə dünyanın hər yerində ən çətin və ağır islahatlardan biri hesab olunur. Əgər bu gün Azərbaycan bu islahatlara gedirsə, deməli, dövlətin iqtisadi qüdrəti buna imkan verir. Həmçinin, bu sahədə hüquqi baza və yüksək tibbi xidmətlər göstərmək imkanı var. Ona görə də, bu sistemə keçid mümkündür. 

- Musa müəllim, ölkəmizdə ünvanlı sosial yardım proqramının təkmilləşdirilməsi nəzərdə tutulur. Nəzərdə tutulan yeniliklərin əhəmiyyəti nədən ibarətdir?

- Əhalinin sosial müdafiəsi daim dövlətin diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı ölkə Prezidenti tərəfindən xeyli sayda fərman və sərəncamlar verilib, qanunlar qəbul edilib. Bu hüquqi baza əsasında da sosial müdafiənin ünvanlılıq prinsipi Azərbaycanda həyata keçirilir. 2007-ci ildən başlayaraq ölkədə ünvanlı sosial yardım uğurlu proqram şəklində tətbiq olunur. Amma dövr dəyişir, cəmiyyət inkişaf edir və müəyyən tələbatlar da dəyişir. Buna uyğun olaraq, ünvanlı sosial yardım proqramının həyata keçirilməsinin qaydaları da təkmilləşdirilməli və daha səmərəli forma əldə edilməlidir. 
Təəssüflər olsun ki,  bu proqramın icrasında subyektiv yanaşmalar, çatışmazlıqlar da oldu. Amma ötən ilin sonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni rəhbərliyin gəlməsi, xüsusilə nazir Səlim Müslümovun bu sahədə səriştəsi nöqsanların aradan qaldırılmasını tam təmin edib. Hazırda proqramın daha uğurlu həyata keçirilməsi üçün yeni yollar axtarılır. Bu yollardan biri də şəffaflığın artırılmasıdır. Nəzərdə tutulan yeniliklər də bu məqsədə xidmət edir. Dövlət məmuru ilə ünvanlı yardım alacaq vətəndaşın arasında əlaqənin minimuma endirilməsi, qeyri-sağlam münasibətin tamamilə aradan qaldırılması istiqamətində lazımi addımlar atılır. Ünvanlı yardımların verilməsi ilə əlaqədar sənədlərin elektron formada qəbulu, bunun üçün mərkəzləşdirilmiş elektron sisteminin tətbiq olunması çox uğurlu nəticə verəcək. Bu sahədə nazirlik hökumətin digər strukturları, eləcə də, Milli Məclisin Sosial siyasət komitəsi ilə müvafiq işlər aparır. Zərurət yarandıqca, ünvanlı sosial yardım haqqında qanunun müddəalarına yenidən baxılacaq. Hesab edirəm ki, ünvanlı sosial yardımların ehtiyacı olan insanlara verilməsində ədalət və şəffaflıq prinsipi təmin edilməlidir. Fikrimcə, nəzərdə tutulan yeniliklər də bu məqsədə xidmət edir.