YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan regionda təhlükəsizliyin və inkişafın təmin olunmasında əsas faktordur

   Milli Məclisin deputatı Zahid Oruc

- Zahid müəllim, son zamanlar regionda mühüm proseslər baş verməkdədir. Hazırda, Azərbaycanın öz qonşuları, xüsusilə Rusiya ilə münasibətlərində yeni bir mərhələnin başlandığı vurğulanır. Bu barədə nə deyə bilərsiniz?

- Rusiya Prezidenti Vladimir Putinin Bakıya gerçəkləşən son səfərini 1990-cı illərdən bu yana böyük transformasiyaya uğramış Moskva-Bakı münasibətləri tarixində çox mühüm hadisə adlandırsaq, eləcə də Qafqazlarda yenidən formalaşan geopolitik arxitekturanın əsas oxunu müəyyənləşdirməkdən və Azərbaycanı vazkeçilməz siyasi aktor kimi tanımaqdan ibarət olduğunu söyləsək, yanılmarıq. Daha böyük müstəvidən baxanda, Qərblə böyük savaşın içərisində olan, Suriyada aktiv hərbi əməliyyatlar aparan və Ukraynadan fasiləsiz qaynar raportlar qəbul edən bir dövlətin lideri xarici siyasət qrafikində bir Qafqaz ölkəsinə təsadüfi yer ayıra bilməz.

Artıq iki dövlət başçısının bir ay ərzində iki dəfə görüşmələri ciddi məsələdir. Soçidə Vladimir Putinlə  Prezident İlham Əliyev arasındakı yüksək səviyyəli danışıqlar bölgəsəl informasiya məkanında bir gün də olsun gündəlikdən düşmədi və hələ də təkcə ekspertlər, politoloqlar tərəfindən deyil, eləcə də dövlət rəsmiləri səviyyəsində onun ətrafında təhlillər səngimir.Bəli, Azərbaycan fəal xarici siyasəti hesabına müxtəlif paytaxtlar və qitələr üçün cazibədar partnyor halına gəlib.

Belə olan şəraitdə Azərbaycan Prezidenti İlham  Əliyev çox peşəkarlıqla uzun  illər can atdığı hədəfə doğru irəliləməkdə davam edir. Bu gün sözün həqiqi mənasında Azərbaycan regionda təhlükəsizliyin və inkişafın təmin olunmasında əsas aktordur. Putinin Bakıya gəldiyi 27 sentyabr günlərində Bakıda böyük “ADEX-2018 Müdafiə sərgisi” keçirilir və dünyanın müxtəlif şirkətləri, hətta yerləşdiyimiz regiona tabu qoyan Fransa kompaniyaları da ən müasir texnologiyaları götürüb qədim bir Şərq ölkəsinə can atır.90-cı illərdə bunu ağıla gətirmək belə mümkünsüz idi.Söhbət heç puldan getmir. TASS agentliyi tərəfindən yayılan məlumatı təhlil edənlər yaxşı görür ki, sərgiyə qatılan dövlətlərin təmsilçiləri, hansı ki, onların bir çoxu beynəlxalq məkanda hərbi və yaxud siyasi baxımından rəqibdirlər, burada çox rahatlıqla, necə deyərlər, dinc bir şəkildə məhsullarını təqdim edirlər.

Diqqətlə baxanda görünür ki, Kremlin starteqləri 2005- ci ilə qədər tətbiq etdikləri antibakı sanksiyalarından vaz keçərək əvvəlcə ağır texnikanın satışına qərar veriblər.Burada 100 dən çox T-72B tankı və 70-dən artıq BTR-80A, müxtəlif kalibrli qaubitsalar və tank əleyhinə komplekslər, məsələn Kornet-E sistemləri yer tutubsa, 2010-cu ildən başlayaraq ən qorxulu S-300 zenit raket qurğuları, o cümlədən, 18 ədəd qorxusaçan Smerç raketləri, dağıdıcılıq gücünə görə ondan daha irəli gedən TOS-1A Solntsepekdən 24 ədəd, eləcə də onlarla qırıcı təyyarlər və Mİ-17 hərbi vertolyotları alınmışdır.Xüsusilə də son 8 ildə müasir İqla raketləri, Xrizantema-S tankəlehinə raket sistemləri ilə parallel şəkildə son hərbi naliyyətlərin nəticəsi olan T-90S tankından 100 ədəd, BMP-3 dən 118 ədəd və onlarla digər çeşiddə texnikalar Azərbaycana daxil olub.Bütün bunlar sübut edir ki, Ermənistanla müttəfiq 30 il, yaxud bir əsr əvvəlki tarixlə müqayisədə qat-qat zəifləyib və indi Paşinyan hökumətinin sözçüsü bir, Putinin köməkçisi Uşakovunsa ayrı söz dediyi reallıqda Kreml regionda kəskin dəyişiklik etməyə hazır görünür. İrəvanda Rusiya prezidentini gözlədiklərini dilə gətirirlər, hətta konkret tarix saylənilirdi, amma çox yaxşı bilinir ki, küçədə formalaşan inqilabi hökumət özünü beynəlxalq bazarda satışa çıxarıb.

- Sentyabın 15-də Bakı şəhərində keçirilən hərbi parad bir daha ordumuzun gücünü göstərdi...

- 15 sentyabrda bolşevik-daşnak birləşmələrindən Bakının azad olunması şüarı altında mahiyyətcə Qarabağın işğaldan azad olunacaşına bir işarədir. Əlbət bu hadisənin fonunda regionda çox ciddi proseslər baş verir. Məsələn,  Ankara-Moksva müttəfiqliyi son 600 ildə heç vaxt indiki səviyyəyə çatmayıb. Belə bir düzəndə Prezident İlham Əliyev Vladimir Putini öz ölkəsində salamlayır və regionun gələcəyi ilə bağlı iki güclü liderin qərarları bağlı qapılar arxasında müzakirə edilir.

Ermənistanı regional orbitə qaytarmaq üçün Azərbaycan ordusunun dəyənək obrazına hər iki paytaxtın-Moskva və Bakının ehtiyacı yoxdur.Ona görə ki, Gümrü hərbi bazası və erməni sərhədlərini qoruyan rus hərbi birləşmələri istənilən vaxt Paşinyanı göylərdən yerə endirə bilər. Paşinyan Qərblə siyasi və maliyyə ittifaqı qurub, gəlib ruslarla hərbi ittifaq bağlayıb özünü Nelson Mandela kimi aparması siyasi Don Kixotluqdan başqa bir şey deyil.

- Azərbaycan tərəfi sülh prosesinə sadiq qaldığını dəfələrlə bəyan edib.  Amma Ermənistanın yeni hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli fikirlər səsləndirir.  Bu prosesləri necə dəyərləndirirsiniz?

- Son illər ordu dövlət siyasətinin önünə çixib. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük fasilərlə keçən Qarabağ danışıqları Ermənistandakı inqilabın nəticəsi ilə faktiki olaraq, iflasa uğrayıb. Əslində hadisələrin belə gedişi rəsmi Bakının maraqlarının xeyrinə işləyir. İndi Paşinyan hələ də küçə üsyanının təsiri altında özü də bilmədən danışqılar prosesini boykot elərək, ənənəvi müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların konflikti monopoliyada tutmasına böyük zərbə vurub.

Kiminsə şübhəsi yoxdur ki, 1-ci Qarabağ müharibəsinin nəticələrini dəyişdirmək üçün 1990-cı illərin ortalarında formalaşan formatın səmərəsizliyi maksimum 10 ildən sonra tam sübuta yetirilmişdi və onu ləğv etməkdən, yeniləməkdən ötrü mütləq İrəvanda səhra komandirlərinin hakimiyyətinə son qoyulmalıydı.

İndi Prezident İlham Əliyev bütün regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını formalaşdırmağa nail olub.Təsəvvürə gətirirsizmi- İran, Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən, həmin dövlətlərin arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı olmayıb.

Ona görə də cənab İlham Əliyev ATƏT Baş katibi Tomas Qremingerlə görüşdə İrəvana xəbərdarlıq edərək, faktiki olaraq müharibəyə gerçək hazırlıqlarını qətiyyən gizlətmədi və Bakıda böyük milli coşquya səbəb olan, əsil səfərbərlik hadisəsinə çevrilən 15 sentyabrda keçirilən  hərbi paradın da hədəfi təkcə tarixə ehtiram deyildi, eləcə də dünyaya verilən aydın bir mesajın təntənəsiydi.

Oradan çıxan nəticələrin hamısını bölgədə marağı olan mərkəzlərin yaxşı dəyərləndirməyə imkanları var, ən başlıcası, dediyimiz kimi, Paşinyan siyasi vasitəçilərdən imtina edərək prosesi orduların üzərinə keçirib və son aylar ərzində nümayiş edilən əzələ gücü sübut edir ki, Azərbaycanın arzuldağı da elə budur.Axı səngərdəki qüvvələr nisbətini indi müqayisə edəndə savaşın nə ilə yekunlaşacağını təxmin etmək o qədər də çətin olmur.

Prezident İlham Əliyev Ermənistanın daxili siyasi böhran şəraitində bütün antipaşinyançıların birlşərək yeni hökuməti yıxmaq istəməsində Qarabağ faktoruna əl ata biləcəklərini çox ustalıqla nəzərə alır. Diplomatik, siyasi və hərbi şərtlər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir. MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində Paşinyanın mövqeyində geriçəkilmə müşahidə edildi. Fikrimcə, o, artıq gerçəklikləri anlamağa başlayır.

- Zahid müəllim, sizcə, Düşənbə görüşündən sonra Ermənistanda daxili gərginliyin artması təsadüfdürmü?

- Məsələnin önəmli tərəfi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu formatında proses əslində Serj Sarkisyan hakimiyyətdə olarkən iflasa uğramışdı. Bu pauza hələ də davam edir və mənafelərimiz baxımından təhlükəli deyil. Əgər Ermənistan Minsk qrupu həmsədrləri arasındakı ziddiyyətlərdən faydalanmaq imkanını itirirsə və məsələ yalnız silahlı qüvvələrin üzərinə keçirsə, o müstəvidə də ordumuzun imkanları qat-qat böyükdür. Bu mənada son aylar proses Azərbaycanın dominantlığı şəraitində keçir. Yəni Paşinyan onu hesablaya bilir ki, erməni anasının, atasının evinə Qarabağdan cəsəd gəlirsə, bu, Azərbaycana psixoloji üstünlük qazandırır. O zaman bütün insanlar köhnə iqtidarın üzərinə yeriyirdi. Axı, indi özlərinin nəzərində demokratik, birbaşa xalqa bağlı qüvvə bu itkiləri necə cavablandıracaq? Bu səbəbdən  Ermənistanın hazırkı durumunda vəziyyətin bir qədər də dramatikləşməsi yalnız Düşənbə danışıqları ilə deyil, ümumilikdə Azərbaycanın mövqeyi ilə xeyli dərəcədə əlaqədardır. Bu da ondan ibarətdir ki, Azərbaycan Ermənistanın siyasi meydanını, manevr müstəvisini daraldır.

Məsələnin ən önəmli tərəfi isə ondan ibarətdir ki, bu gün hər kəs Cənubi Qafqazda siyasi tonu, əsas ahəngdarlığı, şərtləri məhz Azərbaycanın müəyyənləşdirdiyini dərk edir. Geosiyasət, iqtisadiyyat və bölgənin təhlükəsizliyi məsələsində də bu belədir. Tarix boyunca bir dövlət kimi bölgədə Azərbaycanın rolu nə vaxt aşağı salınıbsa, onda bu məkanda sabitliyi təmin etmək mümkün olmayıb. Azərbaycanın imkanlarının irəlidə olması hamının mənafeyinə xidmət edir. Hesab edirəm ki, hazırda Ermənistandakı siyasi gərginliyin ötürülməsi üçün yalnız Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla iş bitməyəcək. O cümlədən erməni xalqı bəlkə də bu seçimdə bütövlükdə Azərbaycan, türk dünyası və bölgə dövlətləri ilə münasibətləri gündəmə gətirməlidir. Seçkilər üçün hansı platforma cazibəli olacaq? 1990-cı ildən bu yana onlar bizimlə düşmənçiliyi siyasi xal qazancına çeviriblər. İndi nəyin üzərində qərar tutacaqlar? Bütün bu məsələləri yaxın zamanlarda görəcəyik. Hər halda Levon Ter-Petrosyanın siyasi tələbəsi və onun yanında yer alan şəxs olaraq Paşinyan dərk etməlidir ki, o, müharibəni təşviq etdikcə sərkisyanlaşacaq və ölkəsi üçün heç bir demokratik rifah vəd edən addımları reallığa çevrilməyəcək.